Hər kəs zəhmətinin bəhrəsini görmək istəyir. Jurnalistlərin əməyinin bəhrəsi alınmış qonorar deyil, məqaləyə cəmiyyət və ya əks tərəf sayıla biləcək insanların verdiyi reaksiyası sayılır. Məhz bu səbəbdən bir çox hallarda kiçik olaylar mətbuat tərəfindən təqdim edildikdə tam məcradan çıxır. Köhnə yazarlardan bir dostumuz deyərdi ki, bəzən redaksiyanın qapısından girən qarışqa çapdan fil şəklində çıxır.
Azadlıq qəzetində dostumuz Fikrət Hüseynli diaspora ilə bağlı bir köşə yazmışdı. Mən də qəzetin internet səhifəsində məqaləyə rəylər bölümündə kiçicik bir fikrimi yazdım. Necə deyərlər ərəb öldü qan düşdü.
Heç gözləmədiyim halda yenidən qəzetdə daha bir köşə yazısı gəldi. Fikrət bəy köşəsinə bu cümlələrlə başlayır; ““Diasporaçılıqdan qaraçılığa” adlı yazım Azərbaycan hakimiyyətindəki bəzi dairələri və “diasporaçıları” narahat edib. Bu üzdən də onlar müəyyən yollarla deyilənlərə etirazlarını bildirməyə cəhd edirlər və bu, təbiidir. Lakin “Azərbaycan Benilüks” qəzetinin həmtəsisçisi və baş redaktoru, Avropa Azərbaycanlıları Informasiya Mərkəzinin rəhbəri Tale Həsənov bir qədər uzağa gedərək məni insafsızlıqda suçlayıb”.
Doğrusu yazdığım 6-7 cümlə subyektiv fikrimə Fikrət bəyin yeni bir köşə yazacağını və mənim şəxsi qənaətimi hakimiyyət dairələrinin narahatlığı kimi təqdim edə biləcəyi heç ağlıma da gəlməmişdi. Özüdə “Azadlıq” qəzetinin internet səhifəsində şəxsi qənaətimi yazarkən hamı niklərlə cavab verdiyi halda sadəcə imzamı yazdım. İmzadan sonra və ya əvvəl nə qəzetin, nə mərkəzin adını yazmadığım halda Fikrət bəy məhz mənə ünvanladığı yazıda qəzetin və mərkəzin adını niyə hallandırdığını ona heç yaraşdırmadım. Mətbuatda bu fənd siyasi opponentlər və ya milli ədavatlar zamanı işlədilir. Mənim isə Fikrət bəylə sosial şəbəkələrdə səmimi tanışlığım var və tanıyanlar bilirlər ki, partiyalar arası siyasi mübarizədə iştirak etmirəm. Vətəndaş olaraq movqeyimi mən yaza bilmərəmmi?
Demək Fikrət Hüseynli bir köşə yazır, bu yazıdan hakimiyyət narahat olur və mən Fikrət bəyə 6-7 cümləlik cavab yazıram. Hakimiyyətin əlində TV-lər, onlarla qəzetlər, yüzlərlə elektron informasiya vasitələri olduğu halda onların narahlıqlarına son qoymaq üçün mənim 6-7 cümləmə möhtac olduqlarını yazmaq normal elementar məntiqə sığırmı?! Ağıllı adamları demirəm, hər hansı dəli belə buna inanarmı? Həmin yazıya hakimiyyətə məxsus mətbuat orqanlarında heç bir reaksiya olmadığından Fikrət bəyin təbirincə desək demək ki, məqalə kimsəni narahat etməyib. Niyə görəsə Fikrət bəylə xoş münasibətlərimiz olduğu halda mənim subyektiv fikrimdən narahat olub və yeni məqalə yazıb. Vətəndaş movqeyindən yazılmış 5-6 cümlədən bumeranq effekti yaradıb dostumuz.
Əslində,yazının mahiyyətini də mənə heç bir aidiyyəti olmayan arqumentlər üzərində qurub. Mən yeni gənclər hərəkatından, perspektivlər və ümidlərdən yazıram, bəy müəyyən şəxslərin fəaliyyətini mənə fakt kimi təqdim. Yazıram gənclər Niderlandın ən çox oxunan qəzetlərindən olan “Telegraaf” qazetini Qarabağı müstəqil dövlət kimi təqdim etdiyinə görə təkzib verməyə məcbur edib. Bu tək Niderlandda deyil yüzlərcə belə faktlar olur. Görülmüş işləri yerə vurmamağı xahiş edirəm. Bəy mənə ayrı-ayrı fərdlərdən yazır. Diaspora tək tək fərdlərdənmi ibarətdir? Mənim gördüyümdən belə deyil. Xaricdə yaşayan soydaşlarımız arasında dövlətinin maraqlarına,
Xalqının layiqincə tanıdılmasına qulluq edən o qədər adam tanıyırıq. İlkin və ali təhsilini Avropada almış gənclər çıxırlar meydana. Dövlət bu gənclərə dəstək verir. Artıq, Azərbaycan diasporasında yaşadığı dövlətin dilində düşünən gənclər var və getdikcə sayları artır. Onlara az çox əlimizdən gələn dəstəyi verməkdənsə gördükləri işlərə qulpmu qoyaq? Mənə məktəbin bağlanmasını dostumuz fakt olaraq göstərir. Hörmətli həmkar sizin diaspora komitəsinin Avropada yaşayan uşaqlarımız üçün yaratdığı elektron məktəbdən bəlkə xəbəriniz yoxdur. Bəy bir qədər araşdırmalı yazı yazsaydınız görərdiniz ki, Avropanın hər şəhərində məktəb saxlamağa artıq ehtiyac qalmayıb. Valideynlər də istirahət günləri uşaqlarını ana dili öyrənmək üçün şəhərin bir tərəfindən digər tərəfinə aparmağa məcbur deyillər. Evdə öturarkən rahatlıqla hər bir soydaşımız övladına ana dili öyrədə bilər. Bu görülmüş işdir bunu danmayaq. Rəy yazarkən də problemlərin olduğunu yazmışdım.
Fikrət bəy mənə marka haqda arqument gətirir. Markanı istənilən adam şəxsi vəsaitinə cixara bilər bunun mənə və ya dövlətə nə dəxli var? Qeyd edim ki, Sahil Qasımov da, Fikrət Hüseynlidə hər ikisi Amsterdamda yaşayırlar. Bu yazını sırf mənə ünvanlayaraq yazmaqdansa sualı araşdırmaçı jurnalist olaraq Sahil Qasımova da ünvanlaya bilərdi. Hər ikisi soydaşımızdır. Bəlkə qarşı tərəfində təqdim edəcəyi faktlar olacaqdı. Bunu özünüz həll edin. Aralarında hər hansı anlaşılmazlıq və fikir ayrılığı varsa otursunlar müzakirə etsinlər. İllərdir soydaşlarımız arasında baş verən hər hansı narazılığın aradan qalxmasını istəmişəm. Heç vaxt kimsəni müdafiə, digərini yamanlamamışam. Mən onlardan 3500 km aralıda yaşayıram, bəylərin yaşadığı evləri, iş yerləri isə biri birindən çox olsa 3-4 km aralıdadır. Bu qədər kicik məsafədə narahatlığı, narazılığı çözmək istəmirlər Amsterdamdan Bakıya sapand atırlar. Xaricdə yaşayan soydaşlarımıza baxışları ilə bağlı heç zaman fərq qoymadım. Yetər ki, separatçı olmasın, Azərbaycan dövlətinin təməlini qazımasın.
Mənə ünvanlanmış məqalə yazmaq olar. Tənqid etmək olar. Yetər ki, haqlı tənqid olsun. Hər kəsin düşüncəsini yazmaq hüququ var. Lakin bəzi nüansları da unutmamaq lazımdır. Məncə məndən əvvəl tənqid yazılası daha böyük problemlər var. Mən Avropadan Ermənistana ermənilərin təşkil etdiyi tədbirəmi getdim? Xeyr getmədim. Şəxsi düşmənçiliyim üzündən Azərbaycanı Avropa ictimaiyyətinə qara təfsidəmi təqdim etdim? Xeyr, heç zaman. Azərbaycanın maraqlarını Rusiyanın, İranın maraqlarına qurban vermək üçün layihələrmi həyata keçirdim? Ölərəm etmərəm. Şəxsi mənfətlərim üçün Avropanın mərkəzində separatçılarla qol boyun olub dövlətəmə qarşı demarşamı qalxdım? Əsla.
Nə oldu da birdən yuxarıda sadaladığım problemlər dururkən mənim 5-6 cümləm hədəf oldu? Fikrət bəy bir gün sənin qələmindən yuxarıda sadalananları tənqid obyekti kimi görməyi çox arzulayıram.
Tale Həsənov
P.S. Bu yazını “Azərbaycan Benilüks News ” qəzetində və Avropa Azərbaycan İnformasiya Mərkəzinin rəsmi www.azerinfo.eu saytında da dərc edə bilərdik. Lakin biz nə qəzeti, nədə mərkəzi soydaşlarımızla aramızda ola biləcək fikir ayrılığında istifadə etmək üçün yaratmadıq. Qəzet və sayt dövlətin və millətin düşmənlərinə qarşı təblığat üçün yaradılıb. Məhz bu səbəbdən dostlardan xahiş etdim məqaləni bitərəfwww.veteninfo.az saytında yerləşdirsinlər.