Gürcüstan MSK: Bizi təhdid edirlər

Gürcüstan MSK: Bizi təhdid edirlər
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri ölkədə keçirilən parlament seçkiləri ilə əlaqədar sistematik olaraq təhdid mesajları, təhqiramiz telefon zəngləri alır və təzyiqlərə məruz qalırlar.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani brifinqdə məlumat verib.
"26 oktyabr seçkilərinin nüfuzdan salınması ilə paralel olaraq, maraqlı tərəflər 2020-ci il parlament seçkiləri zamanı seçki administrasiyasının əməkdaşlarına təzyiq göstərmək üçün istifadə etdikləri taktikanı yenidən təkrarlayırlar”, - deyə İoseliani bildirib.
Mətbuat katibi qeyd edib ki, bütün səviyyələrdə, o cümlədən xaricdə yerləşən seçki məntəqələrində seçki komissiyalarının üzvləri təzyiq altındadır. "Onlardan bəziləri şəxsi telefonlarına təhqiredici zənglər və hədə mesajları alırlar, sosial şəbəkələrdə təhqir, təzyiq və nifrət dolu mesajlarla üzləşirlər”, - o vurğulayıb.
İoseliani sübut kimi sosial şəbəkələrdən skrinşotlar göstərib. Onun sözlərinə görə, təhdid mesajlarında cinayət əlamətləri aşkar edilərsə, istintaq orqanları işə başlayacaq.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim "Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,9% səs toplayıb və hökuməti fərdi qaydada formalaşdırmaq hüququ əldə edib. Dörd müxalifət partiyası beş faizlik baryeri keçib: "Dəyişiklik Koalisiyası” 10,92 faiz, "Birlik – Milli Hərəkat” partiyası – 10,12 faiz, "Güclü Gürcüstan” – 8,78 faiz, "Gürcüstan üçün Qaxariya” – 7, 76%.
Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkilərin nəticələrini saxta hesab etdikləri üçün onu tanımaqdan imtina ediblər. Həmçinin, seçkinin nəticələri ölkə prezidenti Salome Zurabişvili tərəfindən tanınmayıb. Onun fikrincə, MSK-nın məlumatları manipulyasiya edilib, faktiki olaraq müxalifət "Gürcü arzusu”ndan daha çox səs toplayıb və bununla da parlamentdə çoxluq əldə edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az