Bakı və ətraf rayonlarda yaşıllıqların məhv edilərək yerində ticarət obyektlərinin, yaşayış binalarının tikilməsi prosesi davam edir.
Bu cür özbaşınalığın qarşısı təəssüflər olsun ki, alınmır. Cəza mexanizmi var, amma bu da yetərli deyil. Və ya yüngül olduğundan ağacları məhv edənlər bundan istifadə edir. Belə ki, ağaclar kəsiləndən sonra hüquqi və ya fiziki şəxslər sadəcə olaraq 1000-1500 manat cərimələnir.
Yaşıllıqların məhv edilməsi vətəndaşlar tərəfindən vaxtında görülür, buna etiraz edilir, bu cür özbaşınalıqlar ictimailəşdirilir. Elə bu ictimai qınağın nəticəsi olaraq da "ağac qətliamı”nın qarşısını almaq bir çox hallarda mümkün olur.
Bəzən yaşıllıqlar gecə ilə məhv edildiyindən bunun qarşısını almaq olmur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hadisə baş verəndən sonra ağacları kəsən şəxslərə qarşı qanunda nəzərdə tutulan cərimələr tətbiq edir. Vəssalam...
Yaşıllıq ərazidə tikilən obyektlərin hamısının qanunsuz inşa edildiyini demək ədalətsizlik olar. Bəzi sahibkarlar bununla bağlı müvafiq qurumların razılığını əvvəlcədən alırlar. Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də. Həmin sahibkar ərazidə olan ağacların başqa bir yerə köçürülməsi, yəni qırılmaması haqda öhdəlik götürür və tikintiyə başlayır. Təəssüflər olsun ki, belə hallar azdır.
Bakıda bir park var, oranı demək olar ki, gün keçdikcə itiririk. Parkdakı yaşıllılığı yeni tikilən obyektlər əvəz edir. Artıq həmin park ticarət obyektlərinin tikildiyi bir ərazini xatırladır.
Söhbət Binəqədi rayonu ərazisində, "Azadlıq prospekti” metrosunun çıxışında yerləşən parkdan gedir. Bir vaxtlar bu park tamamilə yaşıllıqla əhatə olunmuşdu. Bu yaşıllığın məhvi yeni metro stansiyasının tikintisi ilə başladı...
"Azadlıq prospekti” stansiyası istifadə verildikdən sonra metronun ətrafında qısa zaman ərzində böyük ticarət obyektləri, yaşayış binaları tikilməyə başladı. Boş ərazilər zəbt edildikdən sonra növbə parka çatdı.
10 ildən çoxdur parka siqaret, günəbaxan satan Əhməd dayı ilə söhbətimiz də elə bu mövzuda olur. Əhməd dayı deyir ki, parkın məhv edilməsi metronun tikintisindən sonra olub: "Əvvəl bu parkda hər gecə xeyli adam olurdu. Yaşıllıq idi, insanlar gəlib burada istirahət edirdi. Sonra metro istifadəyə verildi. Parkın gördüyünüz kimi hər tərəfində obyekt tikirlər. Səs-küy, toz-torpaqolur. Artıq bu parka gələn yoxdur. İndi insanlar yaxınlıqdakı, icra hakimiyyətin yanındakı yeni salınana parka gedirlər. Bu parkı da obyekt tikintisi üçün yavaş-yavaş məhv edirlər”.
Əhməd dayının dediyi ilə razılaşmaq olur. Vətəndaşlar artıq parkdan yolkimi istifadə edilər. Metronun bir çıxışı da parkın içinə olduğundan demək olar ki, insanlar yolunu buradan məcburiyyətdən salırlar.
Hazırda parkın bir hissəsində istirahət və əyləncə mərkəzi tikilir. Tikinti işi "Şərur” MTK tərəfindən aparılır. Bu tikinti şirkəti tanınmış iş adamı "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova məxsusdur. Parkın ərazisində daha 3 böyük ticarət obyektinin tikintisi sürətlədavametdirilir.
Əldə etdiyimiz məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Şərur” MTK tərəfindən Azadlıq prospektində ağacların qırılaraq yerində çoxmərtəbəli binaların tikilməsi ilə bağlı araşdırma aparıb.
"Şərur” MTK-nın məsul əməkdaşı Fərhad Hüseynov cərimələnib. İnzibatı Xətalar Məcəlləsinin 92.2 maddəsi ilə cavabdehə qarşı 4500 manat cərimə tətbiq edilib.
Ağacları kəsən digər sahibkarların cərimələnib-cərimələnməməsi məlum deyil. Bütün hallarda sahibkarlar cərimələnsə də məhv olan yaşıllıqlardır. Və illərlə yaşı olan ağacların ödənilən cərimələrlə geri qaytarılması mümkün deyil.Artıq bir zamanlar insanların yaşıllıq kimi gördüyü park yavaş-yavaş tarixdən silinir. Bir müddət sonra da deyə bilərik ki, ir park idi gəldi və getdi... /musavat.com