Hafiz Paşayev və Heydər Əsədov memorandum imzaladılar
Bu gün ADA Universitetində kənd təsərrüfatı naziri Heydər Əsədov və
xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz
Paşayevin iştirakı ilə "Kənd təsərrüfatı sahəsində biznes idarəçiliyi
üzrə beynəlxalq magistr proqramı"nın həyata keçirilməsinə dair Anlaşma
Memorandumu imzalanıb.
Vətəninfo.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat
xidmətindən Trend-ə verilən məlumata görə, memorandumun əsas məqsədi
aqrar sahədə yüksək ixtisaslı kadrların hazırlanması və təminatı
sisteminin yaxşılaşdırılması üçün nazirliyin dəstəyi ilə ADA
Universitetində müvafiq ixtisasın tədrisini səmərəli şəkildə təşkil edib
həyata keçirməkdir.
ADA Universitetinin rektoru H.Paşayev
qonaqları səmimi salamlayaraq iqtisadiyyatda kənd təsərrüfatının önəmli
sahələrdən biri olduğunu vurğulayıb və bu proqramın uğurla həyata
keçiriləcəyinə əminliyini ifadə edib.
Nazir H.Əsədov öz səmimi
təşəkkürünü bildirərək, Azərbaycanın tarixən aqrar ölkə olduğunu,
ölkəmizdə həyata keçirilən aqrar siyasət, ölkə başçısının bu sahəyə
göstərdiyi diqqət və qayğıdan, qəbul olunmuş qərar və sərəncamlardan
danışıb və aqrar sahədə kadr hazırlığının vacibliyini qeyd edib. İlk
dəfə imzalanan bu memorandumun ADA Universiteti ilə Kənd Təsərrüfatı
Nazirliyi arasında əməkdaşlığa öz töhfəsini verəcəyini diqqətə çatdırıb,
gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini
əsirgəməyəcəyini bildirib.
17 ay davam edəcək tədris proqramını
müvəffəqiyyətlə bitirənlər ADA Universitetinin magistrantı dərəcəsini
qazanacaqlar. ADA Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti ilə
zəruri əlaqələndimə və əməkdaşlığı həyata keçirəcək. İlk qəbul
2016-2017-ci tədris ilində nəzərdə tutulub. İxtisası seçənlər MBA tədris
proqramı çərçivəsində kənd təsərrüfatı sənayesinin əsasları,
iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə nəzəri
fənnlər və praktiki seminarlar keçəcəklər. Magistrantlar beynəlxalq
təcrübədən yararlanmaq məqsəd ilə xaricə təhsil mübadiləsi səfəri də
edəcəklər.
Görüşdən əvvəl nazir H.Əsədov ADA Universitetinin fəaliyyəti ilə tanış olub.