Şəmistan Əlizamanlı: "Mənim üçün qəhrəmanlığın simvolu Mübariz İbrahimovdur"
Efirdə Şəmistan oxuyur...
Bütün Azərbaycan efirə kilidlənib, hər kəs igid əsgərinə, möhkəm dayan, deyir. Analar əllərini bağrına basıb, ondan xəbər göndərir balasına. Şəmistanın səsinə yüklənib hər şey.
Zaman durur, vaxt dayanır,
Efirdə Şəmistan oxuyur...
"Vətəninfo.az" saytının qonağı Şəmistan Əlizamanlıdır.
- Şəmistan bəy, Qarabağ müharibəsindən əvvəl oxuyurdunuzmu? Necə oldu ki, səsinizi kəşf etdiz?
-Mən Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət universitetini bitirmişəm. Tələbə vaxtı müəllimim professor Tofiq İsmayılov səsimə görə radioda baş rollar verirdi. Daha sonra tamaşalara dəvət aldım və başladım Azərbaycanın məşhur aktyorları, böyük sənətkarları ilə çıxış eləməyə. Düşünə bilirsiz, onların arasında tələbə bircə mən olurdum. Daha sonra gəlib qaldığım evdə divar radiosunda öz tamaşamı dinləyirdim və görürdüm ki, çox maraqlı, qəribə bir şey alınır. Radionun əməkdaşları da mənə deyirdi ki, onların təbirincə desək, sənin qeyri-adi səsin var, səndən yaxşı diktor olar. Bu sənətin arxasınca get. Müsabiqə yolu ilə birinci yeri tutandan sonra altı il radioda çalışdım. Gənc bəstəkar Nazim Qəmərlinski var idi, çox gənc yaşlarında dünyasını dəyişdi. Bir dəfə onunla televiziyanın həyətində çay içib söhbət edirdik, qayıtdı mənə ki, danış, danış, dedim nə olub? Dedi ki, sənin səsində musiqi çalarları duyulur. Məni məcbur götürüb apardı royal olan otaqların birinə və çalmağa başladı. Oxuya bilmədim, çünki kənar adamlar var idi. Məni də tər basdı. Təbii ki, ilk dəfə üçün tutuldum. Bunu deməkdə məqsədim, mənim səsimi Nazim Qəmərlinski kəşf elədi. Daha sonra 1992-ci ildə hərbi diktor olaraq Müdafiə Nazirliyində fəaliyyətə başladım. 1993-cü ilin mart ayında “İgid əsgər, möhkəm dayan” mahnısını oxudum və bəyənildi. Elə ondan üzübəri də mahnı yaradıcılığına davam elədik.
-Şəmistan bəy, siz də bilirsiniz ki, müəyyən dönəmdə kimsə populyarlaşır o dönəmin ab-havası, pafosu bitəndən sonra o məşhurun da parıltısı sönüb gedir. Baxmayaraq ki, Qarabağ müharibəsi bir az səngiyib və bu gün o dönəmdə doğulmayan bir uşaqdan belə sizi soruşanda “İgid əsgər, möhkəm dayan” deyə cavab verir. Necə oldu ki, siz öz çəkinizi o zamandakı kimi qoruyub saxlaya bildiniz?
-O adamın özündən asılıdır və çox çətindir. Belə bir deyim var, məşhur olmaq, şöhrət qazanmaq çətin, itirmək isə daha asandır. Bir də insanın xarakterindən, tərbiyəsindən, doğulub-böyüdüyü mühitdən, səviyyə və düşüncəsindən asılıdır. Bilirsiz, mən müharibəni keçdim. Mən bilirdim ki, o vaxt milyonlarla insan mənim simamda cəbhə bölgələrindən bir şad xəbər, qələbə gözləyir, vasitəçi də mən idim. Bütün bunların fərqindəydim, o dövrdə heç küçəyə də çıxa bilmirdim. O dövrdə bütün xalq müharibəni yaşayırdı, mənim də hərbi diktor kimi məqsədim o idi ki, müharibə gedən bölgələrlə arxa cəbhənin arasında kontaktı yarada bilim və bunu eləmişdim. Məqsədim də o idi ki, Azərbaycanda yaşayan insanlar o müharibəni hiss eləsinlər. Mən bunun nəticəsini bizə müraciət edən saysız-hesabsız könüllülərin sayından deyə bilərəm. İnsanlar o vaxt iki nəfəri tanıyırdılar, bir müdafiə nazirini bir də televiziyadan məni. Təbii ki, müdafiə naziri də minlərlə insanı qəbul edə bilməzdi və hər kəs üzünü mənə tuturdu. İstər uşaq, qadın, böyük, qoca, cavan hamı silaha sarılıb döyüşə getmək istəyirdi. Baxın, biz bunu yarada bildik.
-Şəmistan bəy, yaşlı nəsil nümayəndələri gəncliyi vətənpərvərlik duyğusunun az olmağında qınayır. Amma son dönəmlərdə müşahidə elədiyimiz bir məqam var, artıq toylarda belə vətənpərvərlik duyğusu bir dəb halını alıb. Toylar Koroğlu Uvertürası ilə başlayır, bayraqlar qalxır zirvəyə, Azərbaycanın himni çalınır. Düşünürəm ki, bu, yaxşı haldır. Sizə görə necə? Bugünkü Azərbaycan gəncliyi çoxmu zəifdir?
-Dəfələrlə demişəm və deyirəm-vətənpərvərlik ruhu bizim xalqımızda, gənclərimizdə heç zaman sönməyən közə bənzəyir. Üstünü kül örtə bilər. Amma bir az üfləyən kimi o köz alışıb alova dönəcək. Məsələn, Mübariz İbrahimov buna əyani sübutdur. Onun igidliyindən Azərbaycanda yatmış o ruh, diksinib, ayıldı. Uzun illərdir ki, atəşkəs dövrü olduğundan, kimdəsə ümidsizlik yaranmışdısa da Mübariz İbrahimov bunları qabartdı. Mənim üçün qəhrəmanlığın simvolu Mübariz İbrahimovdur. Bilirsiz, biri var, döyüş vaxtı şəhid olasan, təbii ki, o da qəhrəmandır, bir də var heç kimə heç nə demədən, təkbaşına bu millətin adından hərəkət edəsən. Bu, Azərbaycan xalqının bağrından qopan bir addımıydı. Mübariz İbrahimovun bu hərəkətindən sonra mən şahidi oldum ki, bizim hərbi xidmətdə olan minlərlə, onminlərlə gənclərimiz Mübarizin yolunu tutmaq üçün müraciət ediblər. Elə onun arxasınca gedən Fəridin, Əhmədin adını çəkmək olar. İstənilən gəncimiz bu addımı atmağa hazırdır. Mübariz bir simvol oldu. Hamıya göstərdi ki, qəhrəmanlıq necə olur, düşmənə necə cavab vermək olar, düşmən güclü deyil, heç kimdir. Vətən yolunda ölmək, şəhid olmaq necə olur. Ona görə mən də biganə qala bilmədim, şair Mürvət Qədimoğludan xahiş etdim, Mübariz haqqında şeir yazdı, ona musiqi bəstələndi, mən də ifa etdim, “Vətən sağ olsun” adlı. İstənilən vaxt Azərbaycan xalqı ayaqüstə olacaq, istənilən zaman! O, heç vaxt sönməyən bir ruhdur, bizim damarımız var, bizim genimiz var və vətənpərvərlik bu damardan axan qandadır.
Söhbətləşdi: Nigar İsfəndiyarqızı