"Hərbi məktəbdə birgə oxuduğum bir erməni Qarabağda döyüşməkdən imtina etmişdi…”
"Amma digər birisi, keçmiş Dağlıq Qarabağda yaşayan və hazırda polkovnik olan Saşa Mirimyan 1988-1994-cü illərdə Qarabağda Azərbaycana qarşı vuruşub…”
"Kiyevdə mənimlə ermənilər də təhsil alırdı. Ümumiyyətlə, o vaxt keçmiş SSRİ-dəki digər xalqların nümayəndələri kimi ermənilərlə də bəzi istisnalarla münasibətlərimiz normal idi. Onlardan biri, keçmiş Dağlıq Qarabağda yaşayan və hazırda polkovnik olan Saşa Mirimyan 1988-1994-cü illərdə Qarabağda Azərbaycana qarşı vuruşub. Onun azərbaycanlılarla, o cümlədən mənimlə münasibətlərim elə Kiyevdə birgə təhsil aldığımız dövrdən kəskin idi. Amma elələri də var idi ki, 1988-ci ildən başlanan separatçı hərəkata qoşulmaqdan qəti şəkildə imtina etmiş və xaricdə yaşamağa məcbur olmuşdur. Məsələn, adını çəkə bilmədiyim, Ermənistanda doğulmuş məktəb yoldaşlarımızdan biri ona İrəvandan, Xankəndindən bir zabit kimi edilən çağırışlara baxmayaraq Azərbaycan xalqına qarşı vuruşmaqdan imtina etmişdi və o vaxtkı Almaniya Demokratik Respublikasında xidmət edərək orada qalmış və Ermənistana qayıtmamışdır”
Bunu Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, keçmiş tabor komandiri Azay Kərimov söyləyib.
"Haqqında bəhs etdiyim erməni kursant yoldaşımız, səhv etmirəmsə, hazırda Rusiya ordusunun ehtiyatda olan generalıdır. Özü də o, daim ermənilərin Azərbaycana, Türkiyəyə qarşı iddialarını pisləyir, ermənilərin xoşbəxt gələcəyinin yalnız qonşularıyla dinc yanaşı yaşamaqda olduğunu vurğulayırdı. 1988-ci ildə Qarabağda separatçı hərəkat başlayandan sonra da bizə digər millətlərdən olan yoldaşlarımız vasitəsilə çatan məlumatlara görə, həmin erməni deyirdi ki, əslində Ermənistana, ermənilərə Qarabağ-filan lazım deyil, ermənilər Qarabağda, Bakıda, Sumqayıtda, Gəncədə azərbaycanlılardan yaxşı yaşayırdı. Özləri səhv edib xaricdən gələnlərin fitvasıyla Azərbaycan xalqına qarşı çıxıblar. Deyirdi ki, mənim şəxsən bir erməni kimi Qarabağ deyilən bir dərdim yoxdur. Onu da deyim ki, Azərbaycandan olan Kiyevdə birgə təhsil aldığım yoldaşlarımdan bəziləri son illərədək Kiyevdə, Moskvada erməni millətindən olan yoldaşlarımızla görüşürdülər. Amma mən heç cür onlarla əvvəlki kimi yoldaşcasına görüşə bilmərəm. Çünki məhz o millətin nümayəndələri kütləvi şəkildə mənim Vətənimin torpaqlarına hücum edərək ərazilərimizi işğal edib soydaşlarımızı vəhşicəsinə qətlə yetirib, əsir-girov götürüb və didərgin salıblar. Yaxın qohumları, dostları, döyüş yoldaşları şəhid olann, özü işə dədə-baba yurdundan didərgin düşənlərdən isə biri mənəm. Mənimsə kəndimdə hələ də ermənilər yaşamaqda, törəyib çoxalmaqdadır. Onlar kəndlərimizdən, şəhərlərimizdən, Malıbəylidən, Xocalıdan və s. çıxsınlar biz gedək öz yurdumuzda yaşamağa davam edək, bəlkə ondan sonra onlarla münasibətlərimizi necə qurmaq haqda fikirləşək”,- deyə Qarabağ qazisi bildirib.
Sultan Laçın