Deputat Çingiz Qənizadə isə hesabatın müzakirəsi zamanı qeyd edib ki, “Azərenerji” QSC-dən Baş Prokurorluğa şikayət edəcək. Millət vəkili “Azərenerji” QSC-nin “Azenko” ilə layihələrin yerinə yetirilməsi ilə bağlı bağladığı müqavilələrin müddətinin sonradan uzadıldığı və “Azərenerji” QSC tərəfindən əlavə vəsaitin ayrıldığını deyib. “Hesablama Palatasının hesabatında bu məqamlar olub. Biz həkimləri 300 manata görə cinayət məsuliyyətinə cəlb edirik. Bəs “Azərenerji” QSC ilə bağlı niyə cinayət işi açılmır? Heydər müəllim, Hesablama Palatasının sədri kimi sizə də müraciət edirəm. Hesablama Palatasının Baş Prokurorluqla sazişi var, siz də bu məsələlər barədə cinayət işinin açılmasına səy göstərməyə çağırıram” - deyə o əlavə edib.
Zahid Oruc isə bildirib ki, büdcə vəsaitlərinin mənimsənilməsi kütləvi xarakter daşıyır. “Mən tender məsələsinə toxunmaq istəyirəm. Əslində, bu sahə işləmir, hər nazirlik tender keçirir. Vəsaitlərin mənimsənilməsini də orada axtarmaq lazımdır. Hesablama Palatasının hesabatında yazılanların azlığı məni təəccübləndirir. İllər uzunu auditdən kənarda qalan sahə də auditə cəlb olunmalıdır. Hərbi hissələrdə əsgərlərin qidalarının mənimsənilməsinin qarşısının alınması üçün auditin aparılması da vacibdir. Mən millət vəkillərini Hesablama Palatasının hesabatına laqeyd yanaşmamağa çağırıram”.
Millət vəkili Elmira Axundova kənd məktəblərinin çoxunda istilik sisteminin qurulması üçün vəsait ayrıldığını, lakin istilik sistemlərinin işləmədiyini bildirib. O, Hesablama Palatasının bu məsələləri diqqət mərkəzində saxlamasını istəyib.
Millət vəkili İlyas İsmayılov Heydər Əsədovdan büdcə vəsaitinin düzgün istifadə edilməməsi ilə bağlı vəzifəli şəxsin məhkəmə məsuliyyətinə cəlb edilməsi ilə maraqlanıb. Milli vəkili Vahid Əhmədov hesabatın səsə qoyularaq qəbul edilməsini təklif edib. Fazil Mustafa isə Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadə verilməsini yüksək dəyərləndirib. “Ancaq kəmərin çəkilməsi zamanı 3 min nəfərdən çox insanın mülkiyyət hüququ pozulub, kəmər onların torpaq mülkiyyətindən keçdiyi halda onlara kompensasiya verilmir. Hələ də onların şikayət məktubları gəlir”. O, vergi probleminin də ciddi xarakter aldığını vurğulayıb: “Bakıda hara baxsaq, obyektlərin icarəyə verildiyini görürük. Çünki müxtəlif yollarla vergi əməkdaşları tərəfindən incidilirlər. Biz yeni iş yerlərinin açılmasına çalışmalıyıq, bağlanmasına yox”.
Fazil Mustafa bu gün bankların böyük hissəsinin ağır durumda olduğunu da dilə gətirib. “Biz bu kimi məsələlərin diqqət mərkəzində saxlanılmasına çalışmalıyıq”.
Vitse-spiker Bahar Muradova isə millət vəkillərinin hesabata laqeyd olmadığını bildirib. “Sadəcə, millət vəkillərinin Hesablama Palatasına böyük inamı var”.
Deputat Siyavuş Novruzov Hesablama Palatasının məqsədinin büdcə vəsaitlərinin bərpasına çalışmaq olduğunu söyləyib. Millət vəkillərinin çıxışlarına münasibət bildirən Heydər Əsədov deyib ki, qaldırılan məsələlərin əksəriyyəti diqqətdədir. O, həmçinin deputat Ç.Qənizadəyə cavab olaraq deyib ki, “Azərenerji”nin fəaliyyətində Baş Prokurorluğa müraciət edəcək qədər nöqsan yoxdur. “Məsələni bu qədər şişirtməyə ehtiyac yoxdur. Siz özünüz də hüquqşünazsınız və bilirsiniz ki, vəsaitin gecikdirilməsində cinayət tərkibi yoxdur” - deyə o əlavə edib.
Sonda hesabat səsə qoyularaq qəbul olunub.