AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov Heydər Əliyev haqqında indiyədək bilinməyən faktları üzə çıxarıb. Həmin eksklüziv faktları oxuculara təqdim edirik. Cəbi Bəhrəmov danışır:
Qəbələ RLS-in yerini dəyişdirtdirib
Qəbələ RLS-in əsası ötən əsrin 70-ci illərində qoyulub. Həmin vaxt ümumittifaq miqyaslı layihə institutları fəaliyyət göstərirdi. Belə institutlardan birində işləyən erməni qadın Qəbələ RLS-in layihəsini hazırlayır. Layihəyə görə, RLS tikilərkən ora gedən yüksək gərginlikli elektrik xətlərinin dirəkləri birbaşa Çuxur Qəbələdə, rayonun keçmiş paytaxtının yerində basdırılır. Məlum olduğu kimi, burada möhtəşəm qala divarlarının xarabalıqları qalır və Çuxur Qəbələ kəndinin həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhərinin yeri aşkara çıxarılmışdı. Bura dirəklərin basdırılması, abidələrin məhv edilməsi Azərbaycan xalqının tarixinə böyük təcavüz olardı. Bunu görən arxeoloq Firudin Qədirov gecə saatlarında qədim tarix şöbəsinin müdiri, professor İqrar Əliyevin qapısını döyür ki, “ay aman, Qəbələni dağıtdılar”. O zaman İqrar Əliyev Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi işləyən Qurban Xəlilova da müraciət edir ki, məsələni Heydər Əliyevə çatdırsınlar. Ali Sovetin sessiyası olduğuna görə, Q.Xəlilov bu barədə birbaşa H.Əliyevə məlumat verir.
H.Əliyev elə həmin gün İqrar Əliyevlə görüşür. Professor danışırdı ki, elə mənim yanımda Heydər Əliyev siyirməni açıb oradan telefonu çıxartdı və SSRİ Silahlı Qüvvələrinin ən yüksək vəzifəli şəxslərindən birinə, hərbi hava qüvvələrinin baş komandanı olan marşalla sərt danışdı. Sabahısı gün MK-da iki marşalın iştirakı ilə büro iclası keçirilir. H.Əliyev orada üzünü marşallara tutaraq deyib ki, “sizə kim ixtiyar verib ki, mənim millətimin tarixinə təcavüz edirsiz?”. Bu iclasdan sonra komissiya yaradılıb, məsələ müzakirə olunub. Növbəti iclasda verilən qərara görə, həmin dirəklər tarixi abidənin yanından çıxarılaraq 1 km aralıda basdırılıb. Bununla da Azərbaycan xalqının şimal torpaqlarında yaratdığı ilk dövlətin paytaxtından qalan abidəni dağıtmağa qoymayıb.
N.Gəncəvi məqbərəsinin Şəmkirə köçürülməsinə mane olub
Sovet hakimiyyəti dövründə uzun müddət ərzində Nizami Gəncəviyə hücumlar olub.
1977-ci ildə Gəncədə alüminium zavodunun tikintisi məsələsi gündəmdə olubmuş. Bu zaman bəzi adamlar belə bir bəhanə irəli sürüblər ki, Nizaminin məqbərəsi tikinti zamanı guya ziyan görə bilər, ona görə də məqbərəni Şəmkir yoluna çıxartmaq lazımdır. Bu zaman Heydər Əliyev buna ciddi şəkildə mane olub və Gəncəni Nizamidən, Nizami Gəncədən ayırmağı cinayət hesab edib. Mərkəzi Komitədə bu məsələ ilə bağlı ayrıca iclas keçirərək məqbərənin Gəncədən köçürülməsinin qarşısını alıb.
Dağlıq Qarabağla bağlı gizli layihənin qəbuluna imkan verməyib
1958-ci ildə ermənilərin katalikosu II Vazgen Bakıya gəlib və Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimovla görüşüb. Sadıq Rəhimov indiki gənclər və idman naziri Azad Rəhimovun babasıdır. O, çox vətənpərvər bir insan olub. II Vazgen ondan xahiş edib ki, “Dağlıq Qarabağ ərazisi ermənilərə verilsin”. Sadıq Rəhimov bərk əsəbiləşib və ona ağır cavab verib. Vazgen İrəvana qayıdanda sonra Azərbaycan xalqına qarşı böyük bir kampaniya başlayıb. Mirzə İbrahimov, Sadıq Rəhimov, İmam Mustafayevi millətçilikdə ittiham edib vəzifələrindən uzaqlaşdırıblar. Bu cür cəhdlər 1970-ci illərdə də davam edirdi, ermənilər Qarabağdan əl çəkmirdilər. 1972-ci ildə bir dəfə belə bir cəhdin qarşısı Heydər Əliyev tərəfindən alınıb. Amma növbəti dəfə 1977-ci ilin noyabrında daha bir hadisə baş verib: SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin məxfi iclası olur və orada qərar layihəsi qəbul edilir. Həmin layihəyə əsasən, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməli idi. Heydər Əliyev bundan xəbər tutur və gecə ikən İqrar Əliyevlə danışır. Professorun bu məsələ ilə əlaqədar 1945-ci ildə Mircəfər Bağırov üçün yazdığı arayış arxivlərdən tapılır və yenidən işlənilir. Arayış hazır olandan sonra MK-nın iclası keçirilir, təsdiqlənir. Heydər Əliyev bu sənədlə birlikdə Brejnevin yanına gedir və həmin məxfi layihənin nəinki qəbuluna, heç müzakirəsinə də imkan vermir.
"New Baku Post" qəzeti