“İlk Avropa Oyunlarının startı məhz Azərbaycanın paytaxtı Bakı şəhərində veriləcək. Bu hər bir dövlətə, xalqa nəsib olmayan bir nailiyyətdir”. Vətəninfo.az xəbər verir ki. bunu deyən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, xalqların yaşı çox ola bilər, lakin elə hadisələr var ki, o nadir hallarda baş verir və hansısa bir xalqın tarixinə yazılır: “Biz xoşbəxt bir xalqıq ki, ilk Avropa Oyunlarının keçirilməsi üçün məkan Azərbaycanın paytaxtı Bakı şəhəri seçilib. Bu hadisə min illərlə yaşı olan Azərbaycanın həyatında çox əlamətdar bir hadisədir. Biz baş verən olayların həqiqi tarixi qiymətini zaman ötdükcə daha yaxşı anlayacağıq. Çünki, ilk Avropa Oyunları başqa bir ölkədə də keçirilə bilərdi. Yada salaq ki, ilk Olimpiya Oyunları Yunanıstanda keçirildiyindən həmişə bu ölkə xatırlanır. Həmçinin nəzərə almaq lazımdır ki, idman yarışlarının prinsipləri ilk tədbirlərdə hazırlanır, sonralar isə inkişaf etdirilir. Artıq Bakıda Avropa Oyunlarının ilk prinsipləri qəbul olunub. Heç şübhəsiz ki, gələcəkdə Avropa Oyunlarının mexanizmi bu prinsiplər üzərində davam etdiriləcək”. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi istər iqtisadi, istər mədəni, istərsə də idman sahəsində tarixi bir hadisədir. Azərbaycan bununla bir daha inkişaf etmiş ölkələr sırasında özünün yerini möhkəmlədir, nəticədə Azərbaycanın beynəlxalq imici daha da artmış olur: “Azərbaycanın içindən baxdıqda isə bu hadisə hər bir azərbaycanlı ailəsinin yaddaşında qalacaq, hər bir azərbaycanlının bu günü və gələcəyinə təsirini göstərəcək”.