Kamaləddin Heydərov haqqında şaiələri iqtidardakılar yayır
ACP lideri, eks-spiker Rəsul Quliyev veteninfo.az-ın suallarını cavablandırıb.
- Rəsul bəy, qarşıdakı prezident seçkilərində müxalifətin vahid namizədi necə müəyyənləşməlidir?
- Bu məsələyə fikir bildirmək hələ tezdir.Vahid namizəd məsələsi birbaşa ölkədə azad seçki şəraitinin yaranmasından asılıdır. Belə vəziyyət yarada bilsək variantı ilə yarada bilməsək variantı fərqlidir. Ona görə bu sual hələlik cavabsız qalmalıdır.
- AXCP-ACP-ALP və VİP birliyinin vahid namizədlə seçkiyə qatılma imkanları nə qədər real ola bilər?
-Bu suala artıq yuxarıda cavab verdim.
- İsa Qəmbər yenidən namizəd olacağını bildirib. Müsavat başqanının bu açıqlamasını necə dəyərləndirirsiniz?
- Heç bir əhəmiyyəti olmayan hadisə kimi.
- Mövcud siyasi vəziyyət sizcə, müxalifətin seçki imkanlarına nə qədər müsbət təsir edə bilr?
- Mövcud siyasi vəziyyət ümumiyyətlə, heç bir seçkinin keçrilməsindən xəbər vermir. Əgər bu vəziyyət 2013-cü ilin noyabrına qədər davam etsə, indidən yazılmış seçki protokollarını elan etmək olar: İlham Əliyev 82 faiz, ondan sonra əlavə 3 namizəd hərəsi 3-2 faiz, soruşduğunuz İsa Qəmbər 0.5 faiz və sair.
- Siyasi ekspertlər İlham Əliyevin xalq içərisində reytinqinin artdığı qənaətindədirlər. Bu əsasən Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv edilməsi, eyni zamanda İranda həbs edilən şairlərin azadlığa buraxılması ilə əlaqələndirilir. Siz ölkədən kənarda olan bir siyasətçi olaraq bu məsələdə nə deyə bilərsiniz?
- Əliyevin reytinqinin qalxmasına bir səbəb görmürəm. Sadəcə olaraq biz azərbaycanlılar əlimizdən heç bir şey gəlməyəndə özümüzü rahatlamaq üçün bəhanə axtarırıq. İlham Əliyevin siyasəti nəticəsində Dağlıq Qarabağ əldən gedib. Qərb ölkələri ilə əlaqələr pozulub. İran kobud şəkildə öz maraqlarını təmin etmək üçün vətəndaşlarımızın taleyi ilə alver edir. Azərbaycanlılar başa düşmək istəmirlər ki, Əliyevin İranla əlaqədar qeyri-normal siyasəti olmasaydı heç vaxt o iki şair faktiki girov götürülməzdi. Səfərovun əfvi ilə torpaqlarımızın azad olunmasını daha da mümkünsüzləşdirən siyasəti dəstəkləmək üçün xüsusi istedad lazımdır. Əliyev belə hərəkətlərinin qarşısında acizlik göstərən, talanan camaatın bir hissəsi önündə özünü təmizə çıxartmaq üçün süni sürətdə buna haqq qazandırır. Çox təəssüf.
- ACP lideri olaraq vahid namizədlik məsıələsində sirr deyilsə kimə güzəştə getmə ethimalınız var? Seçim qarşısında qalsanız kimə stavka edərdiniz: Əli Kərimliyə yoxsa İsa Qəmbərə?
- Heç birinə.
- Yerli mətbuatda sizi Kəmaləddin Heydərovla əlaqələrinizin olduğu söylənilir və ACP qərargahının da onun tərəfindən sizə verildiyi söylənilir...
- Kəmaləddin Heydərovun üzünü və səsini axırıncı dəfə 1995-ci ildə görüb, eşitmişəm. Bu şaiələrin müəllifi sözsüz ki, onun hökümətin daxilində olan düşmənləridir. Ancaq həmin düşmənlərin ondan nəyə görəsə intiqam almaq istəməsinin mənə heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, bir-birləri ilə daha amansız didişsələr pis olmaz.
- Bu dəfə də oturduğunuz təyyarə Bakıda enə bilməsə nə edəcəksiniz?
- Nə bilirsiniz ki, təyyarə ilə gələcəyəm? Ümumiyyətlə, siz bilirsiniz təyyarəni yerə oturmağa qoymamaq üçün elə bir ağıl tələb olunmur. Kiçik bir avtomobili enmə zolağına qoymaqla bütün məsələ həll olur, təyyarə yenidən havaya qalxmalıdır. Mən özüm vaxtilə belə bir məsləhəti Heydər Əliyevə vermişdim. O Naxçıvanda olanda keçmiş daxili işlər naziri İsgəndər Həmidov çıxış edib demişdi ki, iki təyyarə “OMON”çunu Naxçıvana Heydər Əliyevi həbs etməyə göndərir. Heydər Əliyev təşvişlə mənə zəng edib “onu qoymayın bu işi görsün” xahişini edəndə, güldüm. Dedim, birinci o Həmidovdur, sözü ilə əməli arasında xeyli fərq var. İkincisi də təyyarənin enmə zolağına bir maşın qoyun, qurtarıb getsin.
Nahid Canbaxışlı