“Azadlıq” radiosunun Azərbaycan şöbəsinin keçmiş rəhbəri, tanınmış jurnalist Mirzə Xəzərin “Vətəninfo.az” saytına müsahibəsi:
- Mirzə bəy, bəzi dövlətlər üçün demokratiya nə üçün bu qədər təhlükəli və vahimə yaradır?
- Bəzi dövlətlərdə mövcud olan siyasi rejimlər avtoritar rejimlərdir. Bu ölkələrdə bir nəfərin və yaxud bir klanın əlində olan hakimiyyət mövcuddur. Bu cür hakimiyyətlərin əsasını dar klan maraqları təşkil edir, ölkənin bütün sərvətləri bu klanın nəzarətində olur, vətəndaşların hüquqlarına hörmət edilmir, xalqın rəyinə məhəl qoyulmur. Azad seçki keçirilmir, bu səbəbdən ölkənin avtoritar rəhbəri istədiyi qədər hakimiyyətdə qala bilir. O biri yandan isə azad seçki keçirilmədiyi üçün effektiv parlament də mövcud olmur. Məlumdur ki, azad seçilən effektiv parlament hökumətin işinə nəzarət edə bilər və lazım olanda öz sözünü deyə bilər. Demokratiya isə tamamilə başqa bir şəraitdir. Demokratiya bu rejimləri bütün imtiyazlardan məhrum edə bilər. Bu səbəbdən onlar demokratiyadan qorxur və vahiməyə düşür.
- Suriya rejiminin sonunu necə görürsünüz və Bəşər Əsəd qan tökməklə hara gedir?
- Bəşər Əsəd özünü aldadır. O, qatarın artıq getdiyini və gözdən itdiyini dərk edə bilmir. Əsəd rejiminin sonu labüddür. Bununla yanaşı isə ölkədə əhalinin ancaq 10 faizini təşkil edən ələvilərin hakimiyyətinin sonu gəlməkdədir. Bəşər Əsəd qan tökməklə özünün qanlı sonuna tərəf gedir.
- Məsələn, bu gün deyirlər ki, Amerikanın gətirdiyi demokratiyanı İraqda, Əfqanıstanda, Liviyada gördük. Artıq, Liviya parçalanır. Bu haqda nə deyə bilərsiniz?
- Bu mülahizə məsələyə bəsit yanaşmanın nəticəsidir. İraq, Əfqanıstan və Liviya hələ parçalanmayıb. İraq parçalansa belə bunun günahını Amerikanın gətirdiyi demokratiyada görmək, mənim fikrimcə, səhvdir. İraqda kürd, şiə və sünni problemləri son illərin problemi deyildir. Mustafa Bərzaninin İraqın mərkəzi hökumətinə qarşı apardığı silahlı mübarizəni buna misal göstərmək olar. Liviyadakı parçalanma ehtimalının kökündə də Amerikanın gətirdiyi demokratiya dayanmır. Ölkəni qəbilələrə və tayfalara Amerika bölməyib, Müəmmər Qəzzafi bölüb və öz hakimiyyətini möhkəmlətmək üçün qəbilələrarası ziddiyyətlərin dərinləşməsi üçün əlindən gələni etmişdir. Əfqanıstanda tamamilə başqa vəziyyətdir. Əfqanıstanın parşalanması ehtimalı zəifdir. Burada hələ mərkəzi hakimiyyət zəifdir və ölkəyə nəzarət edə bilmir. Bu səbəbdən demokratiyadan danışmaq tezdir.
- Azərbaycan müxalifətinin vahid şəkildə birləşə bilməməsinin əsas səbəbini nə ilə bağlayırsınız?
- Azərbaycan müxalifətinin vahid şəkildə birləşə bilməsi üçün müxalif partiya rəhbərlərinin vahid milli məqsəd ətrafında birləşib, milli maraqları şəxsi maraqlardan üstün tutmaq cəsarətini göstərməsindən asılıdır. Müxalifət partokratlarının birləşə bilməməsinin əsas səbəbi budur. İndiki müxalifət rəhbərlərinin buna hazır olduğunu göstərən əlaməti mən hələ görmürəm.
Elnur Eltürk