Zahid MƏMMƏDOV
İqtisad elmləri doktoru, professor
Azərbaycanın maliyyə bazarı sürətlə inkişaf edərək dünya iqtisadiyyatına inteqrasiya edir. Ölkədə müasir və yüksək effektivli iqtisadiyyatın qurulması əsas məqsədlərdən biridir. Bunun üçün bütün iqtisadi institutlarda geniş və əsaslı bazar dəyişiklikləri aparılmaqdadır.
Bazar dəyişiklikləri ilə əlaqədar Azərbaycan iqtisadiyyatında da səhmdar müəssisələri əhəmiyyətli yer tutmağa başlayıb. Bu gün səhmdar cəmiyyəti iqtisadiyyatın bütün sənaye və maliyyə sahələrində müəssisənin hüquqi forması kimi üstünlük təşkil edir. Lakin bütün bunlara baxmayaraq əksər investorlar makro və mikro iqtisadi göstəricilərlə işləmə və dəyərləndirmə qabiliyyətinə sahib deyil. O zaman investorlar fəaliyyət sırasında nəyə diqqət yetirməlidir?
İlk növbədə investorlar üçün əmək bazarının təhlil edilməsi xüsusi əhəmiyyətə malikdir. Bu sahədə ən aktual mövzular sahə nöqteyi-nəzərindən əməkhaqqının səviyyəsi; adambaşına düşən gəlirlik səviyyəsi; əhalinin pul gəlirlərinin istifadə olunduğu sahələr; işsizliyin səviyyəsi və dinamikasıdır.
İnvestisiya təhlilinin həyata keçirilməsində tədiyyə balansının bu mövqeləri maraq kəsb edir: cari əməliyyatların saldosu, xalis investisiya gəliri, ölkədə və ya xaricdə olan birbaşa və ya portfel investisiya, həmçinin digər investisiyaların strukturu və dinamikası. Bir şeyi də qeyd etmək lazımdır ki, xarici investisiya yalnız səmərəli istifadə olunduğu zaman tədiyyə balansına müsbət təsir göstərir. Səmərəli istifadə yalnız əmtəə və xidmət sahəsində ixracın artdığı, idxalın isə azalmağa doğru getdiyi halda olur. Belə ki, portfel investisiyası köhnə borcların yenidən maliyyələşdirilməsi üçün istifadə edildiyindən onların artırılması gec-tez maliyyə iflasına gətirib çıxarır.
Pul sferasının vəziyyəti, şübhəsiz, investisiya mühitinə öz təsirini göstərir. Bu öncə onun nominal faiz tarifinə təsir etməsi ilə bağlıdır. Yüksək faiz dərəcələri uzunmüddətli investisiya layihələrinə mənfi təsir göstərir.
Makroiqtisadi fundamental təhlil zamanı pul sferasının göstəriciləri arasında aşağıdakılara diqqət yetirmək lazımdır: pul sferasının balansı və tədavüldə olan pul həcmi; iqtisadiyyatın pulla dolğunluğu; qızıl valyuta ehtiyatının vəziyyəti və onun pul bazası ilə qarşılıqlı münasibəti; valyuta kursu.
İnvestisiya təhlili zamanı investor həmçinin büdcə göstəricilərinin investisiya mühitinin göstəricilərinə necə təsir etdiyini də araşdırmalıdır: ÜDM-nin faizində büdcə kəsiri; dövlət borclarının ödənilməsi ilə büdcə gəlirlərinin münasibəti; keçənilki dövrlə müqayisədə vergi ödənişlərindəki artım tempi; istehsalçılarla əhalinin ödədiyi vergi arasındakı qarşılıqlı münasibət.
Mikroiqtisadi təhlil şirkətin gələcək gəlirlərinin dinamikasının tədqiqatıdır. Bu zaman öncə əmtəə dövriyyəsinin dinamikası və yaxud xərclərdən sonra yerdə qalan gəlir dinamikası, həmçinin də müəssisənin öz şəxsi və borc vəsaitlərinin təmin olunması məsələsindəki maliyyə məsələləri geniş yer tapır. Lazım olan sənədlər firmanın işlərinin, mənfəət və zərər barədə olan hesabatlarından götürülür. Göstəricilərin ümumiləşdirilməsi və təhlili əsasında lazımi nəticələr çıxarılır, həmçinin rəqabət bazarında ayrı-ayrı aksiyaların qiymətləndirilməsi barədə nəticələrə gəlinir. Hər bir təhlil müəssisənin keçənilki rəqəmlərinin işlənib-hazırlanması ilə başlayır ki, bu da şirkətin struktur və ya strategiyasında hansısa bir əhəmiyyətli işin baş verdiyini müəyyən etmək üçündür. Bu zaman maliyyə tərəfini də unutmamaq lazımdır. Ən yaxşı məlumatı balansdan və yaxud mənfəət və zərəri əks etdirən hesabatlardan götürmək olar.
Mikroiqtisadi təhlil zamanı müəssisələrin gəlirliyi müəyyən edilir. Belə ki, şirkətin gəlirləri ilə aksiyalarının hərəkət kursu arasında sıx əlaqələr olduğundan analitiklər üçün şirkətin gələcəkdə bazarda hansı mövqe tutması böyük əhəmiyyət kəsb edir. Gəlirlik proqnozu onun bazar mövqeyi əsasında müəyyənləşdirilir. Burada əsasən aksiyanın qiymətinin qalxıb-enməsi ilə empirik əlaqədə olan göstəricilər, həmçinin də mütəxəssis analitiklərin üstünlük verdiyi balans göstəriciləri, kursa aid olan göstəricilər, aksiyaya aid olan göstəricilər böyük maraq kəsb edir.
Fundamental təhlil aksiyaların müasir təhlilində mühüm yer tutur və aksiyanın qiymətinin qalxıb-enməsinin qiymətləndirilməsi zamanı mühüm qərarların çıxarılmasına kömək edir. Belə ki, birjadakı hadisələrin hamısını onun köməkli ilə izah etmək və proqnozlaşdırmaq olmaz. Bu məsələ ilə yalnız digər texniki təhlil məktəbi məşğul olur.
Qiymətləndirmə sırasında bu məlumatlardan istifadə edilir: şirkətin sahibləri, bağlı olduğu xoldinq; sərmayəsi, ehtiyatları, listinqdən keçib-keçmədiyi; personal sayısı, işçi-iş verən münasibətləri, həmkarlar təşkilatının xarakteri, keçmişdəki tətillər; menecerlərin kimliyi, bacarıqları hansı məhsul və xidmətləri istehsal edir; məhsul tələb əsnəkliyi, sektordakı istehsal və bazar payı; vahid məhsula çəkilən maya dəyəri, rəqiblərinə nəzərən məhsuldarlıq və mənfəət durumu; xidmətdə və yarımfabrikatlarda xaricdən asılılıq payı; ixracat həcmi, sektor ixracatındakı payı, yeni ixracat imkanları, xarici bazarlarda rəqabət gülü, illər içində ixracat artımı; faydalandığı təşviqlər, patent və işin haqları; kredit imkanları, kreditdən istifadə etmə səviyyəsi ; yeni investisiya layihələri, sərmayə artımı, imkanları və ehtimalı; yenidən dəyərləndirmə fondu; illər boyunca dividend bölgüsü və dividend siyasəti; xalq açıqlıq səviyyəsi və xalqa açılma siyasəti; iştirakçıları, ehtiyacdan çox ərazi və digər daşınmaz əmlakları.
Belə ki, maliyyə investorlarının fəaliyyəti, adətən fond bazarlarında gedir, bir çox hallarda da bu bazarda reallaşdırılır. Fond bazarının həcmi bilavasitə olaraq maliyyə aktivlərinin dəyərinə təsir göstərir. Bazar vəziyyətini təhlil etdikdə fond indeksləri barədə olan məlumatlardan geniş istifadə edilir.
Yuxarıdakı məlumatlar və göstəricilər ciddi araşdırıldıqdan sonra şirkətin fəaliyyətində inkişaf olub-olmadığını və gələcəyə yönəlik proqnoz hazırlamaq mümkündür.