İran nə üçün Suriyanın yanındadır?

İran nə üçün Suriyanın yanındadır?

Elnur Eltürk

Dünyada baş verən geosiyasi dəyişikliklər və onun fonunda Yaxın və Orta Şərqdə gedən hadisələr, yeni siyasi münasibətlərin və baxışların formalaşmasına böyük təsir göstərir. Hazırda dünya ciddi dəyişikliklərə hamilədir.

Xüsusilə, bu gün İran məsələsinin gündəmdə olması və Amerika Qərbin həmin bölgə ilə bağlı siyasətinə problemlər yaradır. Dünya anlayır ki, onların qarşısında İran təhlükəsi var və bu amil hamı üçün təhdid yaradır.

Üstəlik, bəllidir ki, Suriya məsələsinin həll olunmamasında əsas faktorlardan biri də İran rejiminin mövcudluğu və rəsmi Tehranın Əsəd rejiminə güclü şəkildə dəstək verməsidir.

İran rəsmilərinin qeyd etdiyi kimi, Əsədin hakimiyyətdən getməsi İranın milli-siyasi və geopolitik təhlükəsizliyi üçün yaxşı sonuclar bəxş etmir. Yəni açıqlamalardan aydın olur ki, İran Əsədi sona qədər dəstəkləməyə məcburdur. Çünki başqa yolu da yoxdur. Əsəd İranın bölgədə son istehkamlarından biridir və bu istehkamın dağılması İranın əsas qolunun kəsilməsi deməkdir. Bu isə İran ətrafında daha bir anti-İran bir blokun qurulmasına gətirib çıxaracaq. Artıq indidən hadisələrin İrana nə cür təhlükə yaradacağını görməmək elə də çətin deyil.

İranın Əsədin yanında olması, Amerika Qərbi çətin duruma salmaya bilməz. Məhz analitiklərin dediyi kimi, hazırda Suriyada İran-Amerika Qərb savaşmaqdadır. Bu savaş amansız olmaqla yanaşı, burada uduzacaq qüvvənin aqibəti pis sonuclanacaq. Amma hər saat proseslər İranın əleyhinə işləməkdədir.

Həmçinin, İran rejiminin mövcudluğu və hakim rejim tərəfindən radikal şiə cərəyanının yayılması xəttinin davam etdirilməsi digər sünni ərəb ölkələri üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Məhz ərəb ölkələri İranda mövcud sistemin dəyişdirilməsinə tam şəkildə dəstək verməyə məhkumdurlar. Onlar getdikcə İrana qarşı bütün cəbhələrdə yer alacaqlar. 

İran bir dövlət olaraq vahid ola bilməz 

Bununla yanaşı, dünyanın strateji-siyasi mərkəzləri İranın etno mənzərəsinə diqqət etməyə bilməzlər.  Molla rejiminin çökdürülməsində əsas faktordur. Bu, İran üçün ən həssas məqamlardan biridir. Nəzərə alınmalıdır ki, İranda müxtəlif xalqların yaşaması və qeyri-farsların basqı altında olması diqqətdən qaça bilməz. Daha qorxulusu onların radikal şiə ideologiyası ilə idarə olunmalarıdır. Əslində, İranın son yüz illik tarixini incələykən isə, bunun təməlində İranizm ideologiyasının dayandığı açıq-aşkar görünməkdədir.

Bu gün ölkədə siyasi hakimiyyətdə təmsil olunan türkəsilli məmurlar, fars dilində danışmağa məhkumdurlar. Onlar milli düşüncədən uzaq olaraq, irançılıq ideologiyasına qulluq edən sistemin nökəridirlər. Hətta sistemdə olan Azərbaycan türkü olan məmurun Azərbaycan türklərinin xeyrinə səsləndirdiyi fikir hakim rejim tərəfindən sərt qarşılanır. Yəni sistem bu qədər təhlükəli və ona qarşı azaçıq formada çıxış edəni belə şərt şəkildə cəzalandırır.

Artıq Qərbdə də anlayırlar ki, İranda mövcud olan molla rejiminin dəyişdirilməsindən sonra onun yerində demokratik və vahid İran modelinə söykənən dövlət ideyası qurmaq iflasa uğramaqdadır. Bu xətt öz tarixi-siyasi əhəmiyyətini itirməkdədir. Çünki XX əsrin əvvəllərindən başlayaraq, Amerika və Qərbin vahid İran ideologiyası nəticə vermədi. Hər zaman özlərinin maraqları çərçivəsində siyasi hakimiyyət dəyişikliklərinə nail olan bu qüvvələr sonradan hakimiyyətə tamamilə başqa qüvvələrin gəlməsini gördülər. 1978-79-ci il islam inqilabından sonra bütün maraqlarını itirdilər.

Yəni İran unitar dövlət olaraq dağılmağa məhkumdur. Nə zamana kimi bu sistem qalacaqsa, ölkəni daim daxildə milli hərəkat dalğası silkələyəcək.

Ələlxüsus da, xaricdən İrana qarşı hansısa ciddi addımlar atılarsa, Güney Azərbaycan Milli Hərəkatı daha geniş şəkildə öz maraqlarının qorunması uğrunda mübarizəsini davam etdirəcək. Artıq indidən yaranacaq boşluğun yerini dolduracaq bir ünvan, məkan var: bu, yenə də milli hərəkatdır.

Çünki ölkənin çoxluq hissəsi olan Azərbaycan türkləri öz milli haqlarını əldə etməyiblər.

Molla rejimi bunu vermədikcə, hər zaman sistemi dağıdacaq bir qüvvəni qarşısında görəcək. Gedən hadisələr də onu göstərir ki, İrançılıq və s. rejimə qulluq edən ideologiyalar məhv olub, tarixin arxivinə gömülməyə məhkumdurlar. Bu gün bölgədə yeni bir tarixi türk gücü yaranır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az