İrəvanın növbəti planı: Bu istiqamətdən hücuma keçəcəklər və...
Xəbər verdiyimiz kimi, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın eskalasiyaya hazırlaşdığını və Tex (Dığ) kəndində baş verənlərin bu planın bir hissəsi olduğu iddiasını irəli sürüb.
Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Publika.az-a açıqlamasında bildirib ki, bu, İrəvanın növbəti hiyləsidir.
Ekspert hesab edir ki, ermənilər sərhəd boyunca təxribat hücumları həyata keçirərək, Azərbaycanı günahkar kimi təqdim etməyə çalışacaqlar.
"Qriqoryanın son bəyanatı daha çox ona hesablanıb ki, hər hansı bir münaqişə, növbəti qarşıdurma, hərbi gərginlik yaranarsa, Ermənistan məsuliyyəti öz üzərindən atmış olsun. Yəni deyəcəklər ki, "biz zamanında Azərbaycanın hücum edəcəyi xəbərdarlığını etmişdik”. Sonuncu gərginliklə bağlı baş nazir Nikol Paşinyanın bəyanatında və onun sərhəd qoşunlarının komandanını vəzifədən kənarlaşdırmasında açıq şəkildə göründü ki, Ermənistan rəhbərliyi özü də çox yaxşı anlayır ki, təxribat onların tərəfindən törədilib və kənardan da olsa, erməni tərəfinin əli ilə həyata keçirilib.
Paşinyan etiraf etdi ki, ordu sıralarında "beşinci kolon” var. O qeyd etdi ki, 44 günlük müharibə ilə bağlı açılan cinayət işlərinin bir hissəsi komandirlərin ağır nəticələrə səbəb olan məsuliyyətsizliyi, digərləri isə onların birbaşa sabotajı ilə bağlıdır. Paşinyan orduda satqınlıq hallarının olduğunu, bəzi komandirlərin xaricdən göstəriş aldıqlarını söylədi. Bütün bunları nəzərə aldıqda, hesab edirəm ki, belə bir cəhd mənasız və səmərəsizdir. Çünki artıq Paşinyanın bəyanatı hər kəsə bəllidir”.
Qriqoryanın iddiası fonunda hücumların genişlənəcəyi gözləntisi daha da artır. Ə.Oruclu hesab edir ki, gərginlik baş verərsə, bu, yenə eyni nöqtədə olacaq. Çünki həmin yer (Laçın istiqaməti) hazırda ən həssas nöqtə hesab olunur.