Etibarlı ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə yüksək səviyyədə təmin edilməsi məqsədilə dövlət başçısı tərəfindən verilən tapşırıqlara uyğun olaraq, müasir texnologiyaların tətbiqinə əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilir. “Vətəninfo.az”a İqtisadi inkişaf nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, hazırda qarşıda duran əsas vəzifələrdən biri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrasının daha da sürətləndirilməsi, iri taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması ilə ölkənin taxıl məhsullarına olan tələbatının yerli istehsal hesabına özünütəminetmə səviyyəsinin daha da yüksəldilməsidir. Məlumatda deyilir ki,belə təsərrüfatların yaradılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən investisiya layihələrinin maliyyələşdirilməsinə başlanılmışdır. Bunlardan biri də Kürdəmir, Ağsu və Şamaxı rayonları ərazisində ümumi dəyəri 16.8 mln. manat, kredit tələbatı isə 10 mln. manat olan özəl taxılçılıq təsərrüfatının taxıl anbarı kompleksinin qurulması və əkinçiliyin inkişafı yönümlü investisiya layihəsidir. Bu layihənin maliyyələşdirilməsinə ilkin mərhələdə 2 mln. manat güzəştli kredit vəsaiti ayrılmışdır. Layihə üzrə Kürdəmir, Ağsu və Şamaxı rayonları ərazisində 3 min ha sahədə əkin işlərinin aparılması, müasir dairəvi suvarma sisteminin qurulması nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin, ABŞ və Türkiyə istehsalı olan 25 adda müasir kənd təsərrüfatı texnikasının (traktorlar, kombaynlar, pres maşınları, iri tonajlı yük maşınları, cərgə arası texnikalar, kotanlar, disklər və s.) alınması planlaşdırılır.Artıq Şamaxının Hacıqədirli və Ağsunun Ləngəbiz kəndləri ərazisində ilkin mərhələdə 400 ha ərazidə ABŞ-ın “PİERS” və “Reinke Manufakturing İnc” şirkətlərinin istehsalı olan müasir dairəvi suvarma sistemləri quraşdırılmışdır. Hazırda daha 100 ha ərazidə müasir suvarma sistemlərinin quraşdırılması davam etdirilir. Eyni zamanda, sahələrdə qarğıdalı əkininə başlanmışdır.