Xəbər verdiyimiz kimi, Sülh və Demokratiya İnstitutu İsaxan Aşurov adına mükafat təsis edib. Ötən il iyunun 23-də təsis edilən mükafat hər il qanun və hüquq uğrunda mübarizə aparan vətəndaşlara veriləcək.
SDİ bundan sonra insan hüquqları, demokratiya uğrunda mübarizə aparanlara «İsaxan Aşurov» mükafatı verəcək.
SDİ rəhbəri Leyla Yunusun bildirdiyinə görə, burda məqsəd hər il: «İsaxan Aşurovu yada salmaqdır. İsaxan Aşurov böyük hərflə, zabit vicdanı ilə vətənini qoruyub».
Təşkilatçılar İ.Aşurovun şərəfinə verilən mükafatın təqdimetmə mərasimini 15 fevral tarixində keçirməyi planlaşdırırlar. Bu barədə bizə açıqlamasında L.Yunus dedi. Onun sözlərinə görə, yeganə problem tədbirin keçiriləcəyi məkanla bağlı yararıb: “Bizim ”Park İnn" hoteli ilə anlaşmamız vardı, amma son anda rədd etdilər. «Diplomat» və «Caspian Plaza» hotellərində də tədbirə yer vermədilər. Bundan başqa, açıq şəkildə etiraf etdilər ki, artıq hotellərdə keçirilən tədbirlərə maksimum həssaslıqla yanaşırlar. Hesab edirəm ki, bu gedişlə yas çadırları kirayələməli olacağıq. Amma bu tədbiri keçirəcəyik".
L.Yunus qeyd edir ki, Bakıda gözəl insan, vəkil İsaxan Aşurovla bağlı tədbir keçirə bilməmələri acı təəssüf doğurur.
Yazı çapa gedəndən sonra İ.Aşurovun ailə üzvləri qəzetimizlə əlaqə saxlayaraq bu xəbərə münasibət bildirdi. Vəkilin həyat yoldaşı Şəhla xanım dedi ki, tədbirin iyun ayında keçiriləcəyini gözləsələr də, belə tezliklə planlaşdırılması onlar üçün də təəccüblü olub. Onun sözlərinə görə, İ.Aşurovun adının bu cür hallandırılması ailəni kədərləndirib: “Biz inanırıq ki, bu tədbirin hansısa məkanlarda keçirilməsinə etiraz olunması İsaxanın adı ilə bağlı deyil. Ona görə də tədbiri siyasiləşdirməyi doğru saymırıq. Bu, bizim ailə üçün yaxşı bir şey sayılmır. Rəhmətlik İsaxan da belə qalmaqalları sevmirdi. O, sağlığında hər iki tərəfi ədalətli şəkildə müdafiə edib”.
Müsahibimiz İ.Aşurov barəsində anım yazısı yazan, onun xatirəsini daim əziz tutan jurnalistlərə təşəkkür etdi.
musavat.com