İsmayıllıda 2006-cı ildə baş verən cinayyət niyə açılmır?

İsmayıllıda 2006-cı ildə baş verən cinayyət niyə açılmır?

Cinayətkarların azadlıqda gəzməsinə kim havadarlıq edir? 

İsmayıllı rayonda 2006-cı ildə baş verən cinayətin üstü hələdə açılmamış qalır. Bununla bağlı redaksiyamıza müraciət edən Nizgan Fətəliyeva qeyd edir ki, İsmayıllı rayon prokurorluğunun məsələyə barmaq arası baxması nəticəsində cinayətkarlar bu günə qədər azadlıqda gəzir: “İsmayıllı rayon prokrorluğunda qaldırılmış 31656 saylı cinayət işinin bu günə qədər açılmamış qalması, cinayətkarın isə cəzasız qalmasına səbəb olmuşdur. Belə ki, həmin cinayət işinin başlanmasına səbəb və əsas İsmayıllı şəhəri, Qələbə küçəsi, ev 6, 14 saylı mənzildə yaşayan Fətəliyev Rahim Zakir oğlunun 06 avqust 2006-cı ildə saat 20 radələrində qapalı kəllə-beyin travması, koma vəziyyəti diaqnozu ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına daxil olması, ertəsi gün, yəni 07 avqust 2006-cı il tarixdə saat 20 radələrində aldığı xəsarətlərdən özünə gəlməyərək xəstəxanada ölməsi faktı olmuşdur. İstintaq zamanı müəyyən edilmişdir ki, Fətəliyeva İradə Muxtar qızı əri Fətəliyev Rahim Zakir oğlunun 06 avqust 2006-cı il tarixdə səhər saat 04 radələrində qapalı kəllə-beyin travması aldığını, onun həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olduğunu və özünü qorumaq üçün tədbir görmək imkanının olmadığını bilə-bilə ona kömək göstərmək imkanı olduğu halda bunu etməmiş, ərini təhlükədə qoyaraq həmin gün 20 saata kimi evdə saxlamış, bundan sonra R.Fətəliyev koma vəziyyətində rayon mərkəzi xəstəxanasına aparılmış və 07 avqust 2006-cı il tarixdə saat 20 radələrində özünə gəlməyərək xəstəxanada ölmüşdür. Fətəliyeva İradə Muxtar qızı barəsində Azərbaycan Respublikası CM-nin 143-cü maddəsi ilə cinayət işi başlanılmış və həmin maddə ilə o, İsmayıllı rayon məhkəməsinin hökmünə əsasən məhkum edilmişdir. Cinayət işinin istintaqı zamanı guya görülmüş bütün tədbirlərə baxmayaraq, R.Fətəliyevə qəsdən ölümlə nəticələnən xəsarətləri yetirən şəxs müəyyən edilib cinayət işinə cəlb etmək mümkün olmamış və İsmayıllı rayon prokrorluğunun 24 iyun 2007-ci il tarixli qərarı ilə Fətəliyev Rahim Zakir oğluna qəsdən ölümlə nəticələnən ağır xəsarət yetirilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə olan 31656 saylı cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi Azərbaycan Respublikası Prokrorluğu tərəfindən öyrənilərkən bir sıra xüsusatlar araşdırılmadan vaxtından əvvəl qərar qəbul edildiyi müəyyən edildiyindən 25 fevral 2008-ci il tarixli qərarla cinayət işinin istintaqının dayandırılmasına dair İsmayıllı rayon prokrorluğunun sabiq böyük müstəntiqi F.Əliyevin 24 iyun 2007-ci il tarixli qərarı ləğv edilərək işin icraatı təzələnmişdir”. N.Fətəliyeva müraciətində onu da qeyd edib ki, İcraat təzələndikdən sonra da istintaqın gedişində bir yenilik edilməmiş və ona görə də 03 sentyabr 2008-ci il tarixdə İsmayıllı rayon prokrorluğunun köməkçisi R.Quliyev tərəfindən cinayət işinin istintaqı yenidən dayandırılmışdır: “İstintaqın gəldiyi nəticəyə əsasən belə bir qənaətə gəlirəm ki, nə qədər ki, işin istintaqını İsmayıllı rayon prokrorluğu tərəfindən və ya onun nəzarətində aparılır, hesab edirik ki, xəsarət yerinə yetirən şəxs aşkar edilməyəcək. Çünki, mövcud cinayət işinin materiallarında kifayət qədər sübut vardır ki, mərhumun öldürülməsində onun arvadı Fətəliyeva İradə Muxtar qızının ziddiyətli izahat və ifadələri belə bir nəticəyə gəlməyə əsas verir. Bu ziddiyyətli ifadələr istintaqın gedişi zamanı istintaqçının diqqətindən yayına bilməzdi. Sadəcə olaraq İsmayıllı rayon prokrorluğu hansı səbəb üzündənsə bu cinayəti açmaq istəməmişdir.Azərbaycan Res Bas Cinayət işinin materiallarında olan Fətəliyeva İradənin izahat və ifadələrinə, şahidlərin ifadələrinə elecədə ekspertin 08 avqust 2006-cı il tarixli rəyinə nəzər salsaq aydın olar ki, İsmayıllı rayon prokroluğu bu cinayətin açılmasında maraqlı deyil”. N.Fətəliyeva oğlunun ölümündə gəlinin rolu olduğunu bildirir: “Fətəliyev İradə Muxtar qızı ilkin ifadəsində göstərir ki, mən Rahimdən soruşdum ki, səni bu hala kim salıb, o mənə heç bir cavab vermədi, mən ondan bu barədə dəfələrlə soruşdum, sonra mənə dedi ki, yıxılmışam. Həmin izahatda suala cavab verərkən göstərir ki, xəstəxanaya aparmağa o özü mənə icazə vermədi, dedi ki, yaxşıyam. Yenə də, həmin izahatında suala cavab verərkən göstərir ki, sonrakı gün saat 3-4 olardı ki, mən təcili yardıma zəng etdim. İ.Fətəliyevadan 08 avqust 2006-cı il tarixdə yenidən izahat alınır. Həmin izahatında birinci izahatında fərqli izahat verir və suala cavab verərkən göstərirki, həmin gün axşam vaxtı ərimlə birlikdə evdə olmuşam, o içkili vəziyyətdə idi, amma sərxoş deyildi. Saat təxminən 24 radələrində mən otaqda yatdım, ərim isə balkonda yatmışdı, saat 04 radələrində qapı döyüldü, Rahim idi üzü-gözü qan içində idi. Göründüyü kimi İ.Fətəliyevanın bütün izahat və ifadələri bir-biri ilə ziddiyyət təşkil edir ki, bu da onun ifadələrinin inandırıcı olmadığından xəbər verir. Cinayət işinin 49-50-ci vərəqəsində verilmiş əməliyyat tapşırığının nəticəsi barədə müstəntiq F.Əliyevə məktub göndərilir. Işin 56-57-ci vərəqəsində olan baxıcı Həsənova Nailə Sayad qızının izahatında göstərilir ki, İradə 07 avqust 2006-cı ildə tək mənim yanıma gəldi, dedi ki, ona baxıcılıq edim, o mənə dedi ki, ərimdən iyrənirəm. O, çox həyəcanlı idi. Mən ona dedim ki, ərin xəstədir, o soruşdu ki, nə cür xəstədir, mən ona dedim ki, onu kim döyüb, o isə cavab verdi ki, ərim danışa bilmir, ağzı qanayıb. Işin 83-94-cü vərəqlərində olan 17.08.2006-cı il tarixli ifadəsində Fətəliyeva İradə Muxtar qızı göstərir ki, o Rahimdən onu bu hala kimin saldığını soruşduqda Rahim ona Cavanşir və bacanağının onu döydüyünü demişdir. Bu diqqətəlayiq məsələ də istintaqçının diqqətini cəlb etməmişdir. Işin 102-109-cu vərəqlərində olan İ.Fətəliyeva 01.02.2007-ci il tarixli ifadəsində göstərir ki, Rahim həmin vaxt içkili deyildi. Rahimin ölümündə İradənin əli olduğu və ya kimin tərəfindən öldürüldüyünü bilməsi faktını təsdiq edən ən mötəbər sübut Süleymanova Ruhiyyə Hüseyin qızının işin 94-96-cı və Talıbov Tomas Yusif oğlunun işin 99-101-ci vərəqlərində olan 22.04.2008-ci il tarixli ifadələridir. R.Süleymanova ifadəsində göstərir ki, Rahim gil yaşayan binanın birinci mərtəbəsində yaşayırıq. Iradənin əri Rahimi mən yaxşı adam kimi tanıyıram. Həmin gün mənə usta lazım olduğuna görə səhər saat 10 radələrində Rahimin evinə gəlib qapını döydüm. Qapını İradə açdı. İçəri baxanda onu təlaşlı gördüm, qapını tam açmamışdı, gördüm ki, qızı otağa gedən yolu ağ mələfə tutdu. Mən Rahimi soruşdurm ki, nə vaxt gəlib bizdə işləyəcək. İradə cavab verdi ki, Rahim evdə yoxdur, gələndə xəbər verərəm. Talıbov Tomas Vaqif oğlu isə ifadəsində göstərir: “Mən içəri daxil olarkən otağın giriş qapısında adyal asılmışdı, mən İradədən soruşdurm ki, adyal niyə asmısan, İradə cavab verdi ki, Rahimi döyüblər. Rahimi həkimə apar, İradə dedi ki, gedəsi yerim var. T.Talıbovun bu ifadəsindən açıq-aydın görünür ki, Rahimin ölümcül vəziyyətdə döyüldüyündən onun xəbəri olmuş, hətta İradəyə təklif etmişdir ki, onu həkimə aparsın. Belə vəziyyətdə T.Talıbov Hüquq mühafizə orqanlarına xəbər verməmiş, əksinə İ.Fətəliyeva ilə birlikdə baxıcı yanına getmişdir. Istintaqçı bu ifadəyə qiymət belə vermək istəməmişdir. Əgər cinayəti bilib xəbər verməməyə görə T.Talıbov məsuliyyət cəlb edilsəydi Rahimin qatili tapılar və həqiqət üzə çıxardı. Cinayətkar isə cəzasız qalmazdı. Ona görə də qətiyyətlə bildirirəm ki, cinayətin açılmasında İsmayıllı rayon prokrorluğunun marağı olmamışdır. Hesab edirəm ki, İsmayıllı prokrorluğu cinayəti açmaq əvəzinə onu ört basdır etməyə daha çox səy göstərmişdir. Bütün bu ziddiyətli izahat və ifadələr, Rahimin ağır vəziyyətdə olduğunu başqalarından gizlətmə cəhdləri bir daha onu təsdiq edir ki, Rahimin ölümünə İradə maraqlı olub. İradə yaxşı bilirdi ki, əgər Rahim ayılarsa o vəziyyətə gətirilənlərin adını çəkə bilər. Ona görə də onun xəstəxanaya çatdırılması üçün heç bir təşəbbüs göstərməmiş, əksinə onun yaxınlarından Rahimin ağır vəziyyətdə olduğunu gizlətməyə cəhd etmişdir. İsmayıllı rayon prokrorluğu isə bütün bunlara göz yummuş, daha doğrusu cinayətkarın aşkar edilməsinə maraqlı olmamışdır. Bu səbəbdən ağır cinayəti gizlətmək xatirinə İ.Fətəliyevaya qarşı yüngül maddə ilə ittiham irəli sürülmüşdür ki, əsl cinayətkar üzə çıxmasın”. N.Fətəliyeva onu da qeyd edib ki, bu barədə Respublikada olan bütün aidiyyatı orqanlara müraciət etsə də nəticəsi olmayıb: “Cunki İsmayıllı rayon prokrorluğunun havadarları baş prokrorluqda əyləsmişlər Ədalətin bərqərar olmasında bizə köməklik göstərmənizi Sizdən xahis edirəm. Yuxarıda göstərdiyimiz kimi İsmayıllı rayon prokrorluğu bu işin açılmasında maraqlı deyil. Ona görə də hesab edirik ki, cinayət işinin İsmayıllı rayon prokrorluğundan alınıb Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə verilməsi və Şahid Talıbov Tomas Vaqif oğlu barəsində Azərbaycan Respublikası CM-nin muvafiq maddəsi ilə cinayət işinin başlanması zəruridir. Əks halda bu cinayət açılmayacaq”.

Əlavə: Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralov 2010-cu ildə yuxarıda göstərilən cinayət işinə Ağır Cinayətlərə dair İstintaq İdarəsində baxılması barədə şəxsən göstəriş vermişdir. Ancaq təəssüflər olsun ki, 18 fevral 2011-ci il tarixdə “cinayətkarların tapılmaması ” faktı ilə istintaq dayandırılmışdır. Sizcə bu göstərrilən səbəb bir əsrə yaxın tarixi olan prokuroratura sistemimiz üçün layiqlili səbəbdirmi? Bir faktıda istərdim biləsiz ki, Daxili İşlər Naziri cənab Ramil Usubov bu cinayət işinin açılmasını və cinayətkarların tapılıb məsuliyyətə cəlb olunmasını şəxsən nəzarətində saxlamasına söz vermişdir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az