İsrail İrandan nə istəyir?-Ekspertin Rəyi

İsrail İrandan nə istəyir?-Ekspertin Rəyi

Iran ya İran kimi qalacaq, ya da ki,...

Bu günkü qeydlərim bir qədər fərqli düşüncələr əsasında meydana gəlmişdir. Özü də hamının danışdığı, eşitdiyi  və haqqında az qala min cür fərziyyə irəli sürdüyü bir olayla bağlıdır. Artıq xeyli müddətdir ki, gündəmi belə bir məsələ zəbt edib ki, İsrail İranı “vuracaq”. Burda vuracaq sözü hansısa mücərrəd mənada deyil, sözün birbaşa mənasında işlədilir. Yəni, bu dövlət İran İslam Respublikasının həyata keçirdiyi atom enerjisi üzrə proqramlarından bərk narahatçılıq keçirir və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatını əldə əsas tutaraq bir növ cənub qonşumuzu hərtərəfli cəzalandırmaq istəyir. Doğrusu, İsrailin niyə belə təlaş keçirməsini başa düşsəm də, amma təkid göstərərək hərbi yola can atmasını  qətiyyən həm anlamıram, həm də başa düşmürəm. Mənə elə gəlir ki, bu məsələnin tez-tələsik gündəmə gəlməsində elə BMT-nin də müəyyən günahını demək mümkündür. Bir neçə gün bundan öncə bu qurumun Yaponiyadan olan rəhbəri Yukiya Amano dünya ictimaiyyətinə belə bir bəd xəbər çatdırdı ki, guya  İran   tərəfi 2003-cü ildən atom silahının komponentlərini hazırlamaqla məşğuldur və bu istiqamətdə kifayət qədər işlər görüb. Şəxsən bu açıqlamanın niyə indi, məhz bu şəxs  tərəfindən səsləndirilməsi təəccüb doğurur. Çünki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin 53-cü sessiyasında Yaponiyanın bu qurumdakı sabiq səfiri vəzifəsindən AEBA-nın baş direktoru vəzifəsinə rəsmən təsdiq  olunanadək o hər dəfə İranın atom silahı deyil, nüvə proqramını inkişaf etdirməsindən danışır və bu ölkə ilə əməkdaşlığın vacibliyindən bəhs edərdi. 2011-ci ilin sonunda bu nüfuzlu qurumun rəhbəri tərəfindən verilən açıqlamanı isə, bir növ odun üstünə yağ, yaxud benzin tökülməsinə bərabər bir hadisə saymaq olar. Sanki İranı cəzalandırmağı düşünən ölkələr üçün, ələlxüsus də İsrail üçün göydəndüşmə bir fürsət saymaq olar. İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamaq istəməsi dünyada indi müzakirə olunan bir nömrəli məsələdir. Açıq-aydın görünür ki, İsrail hökuməti Tehranla hərbi münaqişə yaratmaqla sanki öz imicini qorumaq istəyir, düşdüyü çətin durumdan xilas olmağa çalışır. İranın nüvə proqramının bəhanə kimi istifadəsi isə açıq-aydın görünur. Ancaq unutmaq olmaz ki, İsrailin bu niyyətinə qarşı ilk sırada etiraz edən dövlətlərdən birincisi elə ABŞ oldu. Bu ölkənin müdafiə naziri c’nab Leon Panettanın açıqlaması birbaşa İsrailə xəbərdarlıq idi. İranın yaxın müttəfiqi olan Rusiya rəsmiləri də hadisələrin cərəyan etdiyi ilk gündən İranı dəstəklədiklərini, onun haqq səsinin eşidilməsinin vacibliyini vurğulayırlar. Elə bu sətirlər qələmə alınarkən da bu məsələ ilə bağlı daha bir maraqlı məlumat eşitdik. “İRNA”-nın verdiyi məlumata görə, İranın AEBA-dakı nümayəndəsi Əliəsğər Sultaniyyə bildirib ki, qurum bir daha İranın nüvə proqramının dinc məqsədli olduğunu bəyan edib. O, İranın nüvə proqramına dair hesabatın 8 vərəqdən ibarət olduğunu deyərək burada agentliyin İran nüvə proqramına nəzarət etdiyinin əks olunduğunu bildirib. BMT-nin nüvə agentliyi bu gün xüsusi bəyanat yayaraq İranın gizli nüvə silahı hazırlayıb- hazırlamadığına dair onda hər hansı məlumat olmadığını bildirib. Görünəni odur ki, İranla bağlı bəzi dövlətlər öz istəklərinə uyğun olaraq açıqlamalarla çıxış edir, onsuz da kövrək olan sakitliyi pozmağa çalışırlar.  İrana  qarşı münasibətdə 

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) qeyd edir ki, onda İranın bomba hazırladığına dair dəlillər olması barədə iddialar siyasi motivlidir və heç bir əsasa söykənmir. İndi fərz etsək ki, İsrail təkbaşına İrana qarşı hər hansı bir güc tətbiqinə başlasa, o meydanda tək qala bilər. Ona görə ki, İsrail hökumətinə öncədən verilmiş mesajlar belə düşünməyə əsas yaradır. Hətta onun bel bağladığı ABŞ, Fransa  v ə onlarla digər dövlətlər bu avanturaya qoşulmayacaqlar. İran 70 milyonluq ölkədir, kifayət qədər intellektual səviyyəsi var, islam dünyasının şiə hissəsində liderdir, həm də dövlətçilik ənənələri var. Ona görə məsələ göründüyü qədər asan həll olunan deyil və Qərbdə bunu gözəl başa düşürlər. Bu mövzuya toxunarkən istər-istəməz bir məqama da toxunmaq lazım gəlir. Bayaq qeyd etdiyim kimi, təxmin etsək ki İsrail hansısa ağılsızlıq etsə, tərəflər arasında gərginlik yaşansa, Azərbaycanın mövqeyi necə olacaq, yaxud necə olmalıdır? Bu məsələdə də müxtəlif fikirlər səsləndirilir, amma ən əsası odur ki, biz hər şeyi ölçüb-biçməli, doğru-düzgün qərarlar verməliyik. Unutmamalıyıq ki, İran ərazisində 30 milyon soydaşımız  yaşayır. Aktiv və ya passiv şəkildə təxmin olunan hərbi əməliyyatlarda iştirak bizim ölkəmiz üçün fəsadsız ötüşməyəcək. 

İndi tərəflər arasında sanki bir “a  yordu, yordu,  yordu, görək kim  kimi, yordu” mübarizəsi şiddətlənir. Bir də, sonda bir məsələni qeyd etməyi vacib sayıram. İstəməzdim ki, kimsə məni bu və ya digər şəkildə qeyd etdiyim fikirlərə görə ya İsrailə, ya da ki İran İslam Respublikasına simpatiya və ya antipatiyada suçlasın. Sadəcə, regionda baş verə biləcək istənilən narahatçılıq birmənalı şəkildə bizdən yan keçməyəcək. Fikirlərimi isə bir maraqlı lətifə ilə bitirmək istərd im. Deməli, ərz edirlər ki, meşədə heyvanlar bir yerə toplaşır və bəzi aktual məsələləri müzakirə edirlər. Şirin, pələngin oturduğu məclisdə dovşan söz alaraq fikrini açıqlayır. Hamı bu balaca heyvanın nə deyəcəyini maraqla gözləyir. Ayağa duran dovşan elə sarsaqlayır ki, ondan böyük heyvanlar tutub dovşanı möhkəm döyürlər. O da yarıcan halında deyir ki, “mən bayaqdan deyirdim ki, burda kimsə ağlayacaq”. İndi lətifəsi bu iki ölkədən uzaq. Ola bilsin ki, həqiqətən də ya İsrail, ya da İran bu lətifədəki kimi, atdığı yanlış addıma görə möhkəm peşiman olsun. Onda, söz sahibi olan ölkələr yəqin ki, işə qarışmalı olacaqlar. Hələlik isə, ortada olan real vəziyyət ondan ibarətdir ki, günü-gündən vəziyyət ağırlaşmağa doğru gedir. Yenə də hər şey İran rəhbərliyindən asılıdır. Ya öz ağıllı  və düşünülmüş hərəkətləri ilə İran əvvəlki kimi İran olacaq, ya da ki, Allah göstərməsin, NATO kimi dünyada əsl söz sahibi olan, çox böyük hərbi gücə malik ölkələr toplusunun qarşısında .... Nə isə, o acı və dəhşətli kəlməni dilə gətirmək istəməzdim. Necə, deyərlər, Tanrı bizi qorusun!!!

Üzeyir Cəfərov,

hərbi jurnalist



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az