Dünyada ən güclü lobbiyə və nüfuz gücünə sahib bir ölkə kimi İsrail ilə ikitərəfli əlaqələrimizin güclü olması ölkəmizin xeyrinədir.
Bu sözləri “Vətəninfo.az” saytına Ankaradan sabiq diplomat, siyasi analitik Vurğun Həsənli bildirib.
“Nəzərə alsaq ki, erməni lobbisinə qarşı yəhudi lobbisi ilə əməkdaşlıq etmək bu mərhələdə vacib məsələdir.
Lakin Azərbaycanın İsraillə bağlı məlum iddialarını ümid edək ki, iddia olaraq qalsın. Çünki, Azərbaycanın nə qədər həssas regionda yerləşdiyini unutmamalıyıq. Əgər, biz qonşumuz və qardaşımız olan Türkiyə ilə İsrail barəsində iddia olunduğu səviyyədə hərbi müttəfiqlik etmiriksə, İslam dünyası ilə ürəkaçan əlaqələri olmayan İsrail ilə belə bir səviyyədə hərbi ittifaqdan qaçınmalıyıq. Yoxsa 50-dən çox İslam dövlətləri ilə münasibətlərimizə zərər vurmuş olarıq”-deyə, sabiq diplomat qeyd etdi.
Politoloq onu da bildirdi ki,”unutmamalıyıq ki, İKT üzvü nüfuzlu dövlətlərin bir çoxu İsrail ilə normal münasibətlərə malik deyillər. Xüsusilə, bizim iki qonşumuz və nüfuzlu müsəlman ölkələri hesab olunan, Türkiyə və İran İsrail ilə aşağı səviyyəli iki tərəfli münasibətlərə malikdirlər”.
Politoloq Azərbaycan xarici siyasətini müəyyənləşdirəndə ilk növbədə milli maraqları nəzərə almağı diqqətə çəkərək: ”Ancaq digər tərəfdən, beynəlxalq aləmdə bizə böyük dəstək verən İKT və nüfuzlu müsəlman dövlətlərini yaddan çıxarmamalıyıq.
Qısası, ilk növbədə Azərbaycan müasir dünyəvi dəyərləri mənimsəmiş və sülhsevər bir ölkədir. İnanmalı və ümid etməliyik ki, mətbuatdakı iddialar sadəcə iddia olaraq qalacaq. Yoxsa, İsrail ilə belə bir əməkdaşlığın Azərbaycana xeyrindən çox ziyanı dəyə bilər”-deyə, Vurğun Həsənli bildirdi.
Elnur Eltürk