Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəylinin “UN Special” jurnalında “Nizami Gəncəvi. İnsan dühasının əlçatmaz nümunəsi” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Vətəninfo.az AzərTAc-a istinadən xəbər verir ki, Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik korpusun böyük oxucu kütləsinə və yüksək nüfuza malik olan “UN Special” jurnalında dərc edilmiş məqalədə orta əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi Nizami Gəncəvinin dünya mədəniyyət tarixindəki layiqli yerindən, onun həyat və yaradıcılığından danışılmışdır.
Nizami Gəncəvinin yaşadığı, ədəbi fəaliyyətini həyata keçirdiyi yerin məhz Azərbaycanın Gəncə şəhəri olduğunun vurğulandığı yazıda şairin beş ölməz poemasının dünya ədəbiyyatında tamamilə yeni bir poetik xətt və ədəbi istiqamət təşkil etdiyi bildirilmişdir.
Məqalədə Azərbaycan şairi Nizami Gəncəvinin milli və beynəlxalq ədəbiyyata gətirdiyi ədəbi və fəlsəfi yeniliklər təhlil edilmiş, şairin yaradıcılığının əsasında dayanan mərkəzi yanaşmanı insan amili və onun xoşbəxtliyinin təşkil etdiyi qeyd olunmuşdur. Belə ki, məhz həmin ideya daha sonra özünü məşhur Avropa İntibahı sənətkarlarının yaradıcılığında büruzə vermişdir.
Yazıda Nizami Gəncəvi yaradıcılığının humanist səciyyəsi vurğulanmışdır. Eyni zamanda Azərbaycan şairinin böyük ustalıq və məharətlə tarixi mövzulara müasirlik baxımından yanaşması, əsərlərində xalqın istək və arzularını, xalq yaradıcılığından alınmış müdrik fikirləri yüksək sənət dili ilə ifadə etməsi diqqətə çatdırılmışdır.
Məqalədə bildirilmişdir ki, böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri yalnız Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin yayılmasına təkan vermişdir. Söz və ifadə azadlığına böyük önəm verən Nizami Gəncəvi BMT-nin Nizamnaməsində əks olunmuş “pasifizm” ideyasının əsasını qoymuş, insanları, xüsusən də o dövrün hökmdarlarını sülhə və təhlükəsizliyə dəvət etmişdir.
YazIda dahi şair və mütəfəkkirin böyük adının doğma vətəni Azərbaycanda əbədiləşdirildiyi, anadan olmasının 800 və 840 illik yubileylərinin geniş qeyd edildiyi, hazırda isə onun 870 illik yubileyinin keçirilməsi ilə bağlı ölkəmizdə və xarici ölkələrdə müxtəlif tədbir və mərasimlərin keçirildiyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Məqalədə Nizami Gəncəvinin portreti və Gəncə şəhərindəki Nizami məqbərəsinin fotoşəkilləri yer almışdır.