
Fazil Talıblı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı da "Yeni Müsavat”a açıqlamasında təmsil etdiyi qurumun Nazirlər Kabinetinin qərarları icra etdiyini vurğuladı və bu barədə qərarın NK tərəfindən verilə biləcəyini diqqətə çatdırdı.
Samir Əliyev
İqtisadçı ekspert Samir Əliyev isə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bizdə hələ karantin rejimi tam aradan qalxmayıb və hökumət sentyabr ayının sonuna kimi karantini uzatdı: «İndi sual ortaya çıxır ki, dövlətin maliyyə yardımı davam etməlidirmi? İndi əksər iş yerləri açılıb və ehtimal var ki, növbəti mərhələdə də bir çox yerlər açılsın. İndi elə işsizlər var ki, onlar pandemiyadan asılı olmayaraq işsiz olublar, bəziləri isə özəl sektorda çalışdıqları üçün pandemiya səbəbindən işsiz qalıblar. Bu məsələdə hökumətin həssas yanaşması olmalıdır və insanlara yardım edilməlidir”.
İqtisadçının sözlərinə görə, problemin başqa bir tərəfi isə bir çox insanların bu günə qədər ümumiyyətlə 190 manatı ala bilməməsidir: "Səbəb də məlum deyil, almalı olduqları halda imtina cavabı gəlib. Dövlət bundan hansı əsaslarla imtina edib, məlum deyil. Qoyulan kriteriyaların hər birinə uyğun gələn şəxslərin bəzilərinə 190 manat düşüb, bəzilərinə isə yox. Hazırda dövlət karantini davam etdirir, bizi nə gözlədiyini isə bilmirik. İkinci dalğanın olacağı da ehtimal olunur. Bu halda yenidən sərt qapanma başlana bilər. Bu mənada dövlət yenidən dəstəyi artırıb insanlara kömək etməlidir”.
S.Əliyev onu da vurğuladı ki, kartdan vəsaiti çəkməyən insanların hesabından 190 manatın silinməsi də doğru deyil: "Artıq insanlar qorxurlar və pul gələn kimi gedib onu kartdan çıxarırlar. Burada başqa nüanslar var. Əgər pul kartla verilirsə və hökumət nağdsız ödənişləri stimullaşdırmağa çalışırsa, o zaman necə kartdan pulu çıxartmadıqları üçün vəsaitləri geri çəkə bilərlər. İnsan kartda saxlayıb, sonradan alış-veriş zamanı kartla ödəniş edəcək. Hökumət bununla nağdsız ödənişləri stimullaşdırmalıdır. Pulun silinməsi isə o deməkdir ki, əhalini dərhal bankomata qaçıb pulu çıxartmağa vadar edirlər. Bundan başqa, bir məqam da odur ki, hökumətin açıqlamasına görə, həmin yardımı digər bankların bankomatından çıxararkən komission xərci tutulmamalıdır. Ancaq digər bankdan pulu çıxaranlar komission haqlarının tutulduğunu deyirlər. Kütləvi olmasa belə bu cür hallar da var. Bunun qarşısı alınmalıdır ki, insanlar əziyyət çəkməsinlər”.
Samir Əliyev qeyd etdi ki, 190 manatın özü də insanların aylıq ehtiyaclarının ödənilməsi baxımından sual doğurur: "Ötən ay statistika açıqlandı ki, Azərbaycanda 2020-ci ilin birinci yarısında adambaşına istehlak xərcləri 365 manat olub. Bu isə o deməkdir ki, 190 manat insanın aylıq xərcindən 2 dəfə azdır. Bizdə yaşayış minimumu, istehlak səbətinin həcmi hökumətin elan etdiyindən yüksəkdir, ən azı 400 manatdır. 190 manat işləməyən insanların minimum tələbatını ödəmək üçün verilirsə, çox azdır. Bir problem 190 manatın əlçatanlığı ilə bağlı oldu, digəri isə məbləği ilə bağlı. Hökumət bu məsələlərə diqqəti artırmalıdır”.