Vətəninfo.az "Neftçi”nin Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanovun apasport.az saytına müsahibəsini təqdim edir:
- Komandanızın çıxışını necə dəyərləndirirsiniz?
- “Neftçi” öz potensialına görə çox zəif çıxış etdi. Komandanı həmişə lider kimi görməyə öyrəşmişik. Buna görə də, çıxışı şəxsən məni məyus etdi.
- “Neftçi”nin keçmiş futbolçusu kimi, komandanı 4-cü pillədə görəndə hansı hissləri keçirirsiniz?
- Təbii ki, 4-cü yerdə qərarlaşmaq üçün pis nəticədi. Bu, təkcə mənim və rəhbərliyin yox, həm də azarkeşlərin fikridi. Tək ümidimiz ölkə kubokunadı. Mən bir ara futboldan uzaqlaşmışdım. Həmin vaxt da “Neftçi” ilə nəfəs alırdım, komandanın oyunlarını izləyirdim.
- Çempionatı “Neftçi” üçün uğursuz saymaq olar. Futbolçular bunu sığortalamaq üçün ölkə kubokunu qazanmağa borclu deyillərmi?
- Tamamilə razıyam. Futbolçuların, məşqçilər korpusunun bütün diqqəti kubokadı. Kuboku qazansaq, elə çempion olmuş sayılarıq. Həm də azarkeşləri sevindirərik. Futbolçular nəyin bahasına olursa-olsun, kuboku qazanmalıdılar ki, azarkeşlərlə münasibəti düzəltsinlər.
- Son illər “Qarabağ”ın hegemonluğu hökm sürür. Bunun qarşısını almaq üçün nə etmək lazımdı?
- “Qarabağ” artıq oyununu tutub, sistemi oturdub. “Barselona” kimi kollektiv oyun göstərirlər. Oyunlara da lider kimi çıxırlar. Digər tərəfdən digər komandaların hamısı “Neftçi”yə qarşı oynayanda özünü “öldürür”, bütün gücünü meydana qoyur. “Neftçi”ni məğlub etmək üçün əllərindən gələni edirlər. Amma “Qarabağ”a qarşı belə etmirlər. “Neftçi” “flaqman” olduğu üçün hamı bu komandaya qarşı xüsusi hazırlaşır.
- Yəqin ki, yayda heyətdə dəyişikliklər olacaq. Müşahidə Şurasının transfer məsələləri ilə bağlı planları nələrdi?
- Açığı, hazırda bütün diqqətimiz kubokun finalına yönəlib. Ondan sonra transfer işlərinə baxacağıq. Müşahidə Şurası və məşqçilər korpusu yığışıb bunu müzakirə edəcək.
- Daha çox yerli, yoxsa əcnəbi futbolçu transfer etməyi düşünürsünüz?
- Öz uşaqlarımız oynasalar, daha yaxşı olar. Daha çox yerli bazara üstünlük verəcəyik. Bəlkə 2-3 əcnəbi aldıq. Elə əcnəbi gətirməliyik ki, bizimkindən 2-3 qat güclü olsun. Az olsun, amma əsas odu ki, komandanı gücləndirsin.
- Müşahidə Şurasında yer alanlardan yalnız iki nəfər futbol adamıdı ki, onlardan biri də sizsiniz. Transfer məsələlərində yəqin ki, sizin məsləhətiniz böyük rol oynayacaq...
- Bəli, mənim də məsləhətlərim olacaq. İstər sədr Çingiz Abdullayev, istərsə də şuranın digər üzvləri olsun, hamı futbola bağlı insanlardı. Futbol oynamasalar da, baxırsan ki, bu sahəni də bilirlər. Bizdə 1-2 nəfərin sözü ilə iş görülmür. Hansısa məsələdə gərək hamının rəyi müsbət olsun.
- Şəxsən sizin təklif etdiyiniz oyunçular var?
- Transfer siyahımız var. Amma çempionat hələ başa çatmayıb, maraqlandığımız futbolçular klublarında oyunlara hazırlaşırlar. Ayın sonlarında tam siyahımız açıqlanacaq.
- Əksər komandalarda maddi durum heç də ürəkaçan deyil. “İnter” və “Simurq”un gələcək taleyi qeyri-müəyyəndi, bəzilərinin heyəti zəifləyəcək. Bütün bunların fonunda gələn mövsümdən nə gözləmək olar?
- Düzü, ötən mövsümlə müqayisədə çempionat bu mövsüm zəif keçdi. “İnter”, “Simurq”, “Xəzər Lənkəran” və “Bakı” kimi klublarda maliyyə problemi oldu. Amma futbolçu üçün pul ikinci dərəcəli olmalıdı. Futbolçu ilk növbədə karyerasını düşünməlidi. Belə olarsa, onsuz da, gec-tez istədiyi pulu alacaq. İstənilən halda çıxıb idmançı borcunu yerinə yetirməli, komandasının uğuru üçün əlindən gələni etməlidi. O ki qaldı gələn mövsümə, bu barədə proqnoz vermək doğru olmaz. Çünki hansı komandanın necə olacağını, nə cür heyət yığacağını bilmirəm.
- “Neftçi”nin gələn mövsümlə bağlı hədəfləri nələrdi?
- Yalnız çempionluq. Bizim istəyimiz keçmiş güclü “Neftçi”ni qaytarmaqdı. Məqsədimiz gözəl futbol oynamaq, yenə çempion olmaq və azarkeşlərə uğursuzluğu unutdurmaqdı.