Liderlər İstanbulda - Humanitar Sammit başlayır
Sammitdə İlham Əliyevlə yanaşı, BMT-nin baş katibi, Almaniyanın kansleri də iştirak edəcək.
Bu gün Türkiyədə Birinci Dünya Humanitar Sammiti öz işinə başlayacaq. Sammit İstanbul şəhərində baş tutacaq. Sammit böhranlara və onların qarşısını almaqda hazırlığın təmin edilməsində dönüş mərhələsi olacaq və beynəlxalq birliyin insan iztirablarına son qoyulmasına yanaşma tərzini dəyişəcək.
Sammitdə iştirak etmək üçün dünya iderləri ötən gündən başlayaraq İstanbula toplaşmağa başlayıblar. İki gün davam edəcək tərbirdə BMT-nin baş katibi Pan Gi Munla yanaşı, bir çox dünya liderinin də iştirakı nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün mayın 22-də Türkiyə Respublikasına işgüzar səfərə gediblər. İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Sammitdə "Təhsil gözləmir” Fondunun yaradılması rəsmən elan ediləcək. BMT-nin xəbərlər mərkəzinin məlumatına görə, bu tədbir döyüş əməliyyatlarının, erkən nikahların, icbari əmək və insan alverinin qurbanı olan "itirilmiş” uşaq nəslini xilas etmək üçün yeganə şansdır.
Dünya böhran həddinə çatıb. İkinci Dünya müharibəsindən bəri iztirabların bu cür miqyasını görməmişik. Ona görə də Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun bu qurumun fəaliyyət göstərdiyi 70 il ərzində ilk dəfə humanitar məsələlər üzrə Dünya Sammiti (İstanbul, 23–24 may, 2016-cı il) çağırır. (Ans press)
Miq.az