“Manatımız dünyanın 11 ən güclü valyutası sırasındadır”

“Manatımız dünyanın 11 ən güclü valyutası sırasındadır”

Aydın Hüseynov: “Süni qiymət artımına yol verilməsi qəti şəkildə düzgün deyil”

“Birinci növbədə Azərbaycanda cənab Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiyanın ən başlıca məqsədi hər bir Azərbaycan vətəndaşının sosial rifah halının gücləndirilməsi, yaxşılaşdırılmasıdır”.


Bu sözləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşının sosial rifah halı yüksək tutulmalıdır və bu gün də buna ciddi diqqət olunmaqdadır. Ölkənin milli valyutasında reform həyata keçirildi ki, bu da vacib idi. Süni qiymət artımına qarşı isə cənab Prezident tərəfindən xüsusi göstəriş verilib və işbazların qarşısı alınmaqdadır:

“Azərbaycan vətəndaşının sosial rifah halının gücləndirilməsi və günü-gündən yaxşılaşdırılması üçün dövlət qüdrətli olmalıdır, dövlətin potensialı böyük olmalıdır. Bu iqtisadi potensialın, iqtisadi imkanların artırılması üçün sırf iqtisadi anlamda müəyyən reformlar həyata keçirilməlidir. Bu reformlardan ən başlıcası isə ölkədə aparılan pul kredit siyasətidir. Bu gün ümumən dünyada baş verən proseslər və xüsusən dünya bazarında neftin qiymətinin aşağı düşməsi, bizi əhatə edən qonşu dövlətlərin milli valyutalarının kəskin surətdə aşağı düşməsi bu və digər proseslər artıq bizdə ayrı-ayrı vətəndaşların marağı çərçivəsində yox, dövlətin iqtisadi imkanlarının və iqtisadi dayanıqlığının qorunub saxlanılmasını diqtə edir. Bunun qorunub saxlanılmasının ən başlıca addımlarından biri də, məhz milli valyutamızın dəyərini bu günkü dünya bazarına uyğunlaşdırmaq idi və bu addım da atıldı. Bundan istifadə edərək süni qiymət artımına yol verilməsi qəti şəkildə düzgün deyil və cənab Prezidentimizə çox sağ ol deyirik ki, süni qiymət artımının qarşısının alınması üçün öz tapşırığını verib. Bu məsələyə kəskin münasibətini bildirib, bu da artıq öz təzahürlərini göstərməkdədir. Hamımız görürük ki, doğrudan da bu hallar yoxdur, bu cür fikirdə olan insanların da qiyməti artırma səbəbi olaraq, heç bir iqtisadi əsası və deyəcəyi arqumenti yoxdur . Deməli bu gün süni qiymət artımı üçün iqtisadi əsas yoxdur, real arqument yoxdur”.


Aydın Hüseynov Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramının mövcud olduğunu vurğuladı. Gələcəkdə ölkədə istehlak olunan malların istehsalının 100 faizə qədər artırılacağına diqqət çəkdi. Manatın devalvasiyasına baxmayaraq, hələ də dünyanın 11 ən güclü valyutası sırasında olduğunu qeyd etdi:

“Ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramı mövcuddur, bu proqramda nəzərdə tutulub ki, ölkənin ərzağa olan tələbatını 100 faiz ödəyək və hətta biz digər dünya ölkələrinə və dünya bazarlarına da öz məhsullarımızı ixrac edək. Eyni zamanda da digər sənaye məhsulları ilə də ölkənin özünün təmin olunması üçün də çox böyük işlər görülüb. Elə sənaye məhsulları var ki, o ölkədə istehsal olunur və daxili bazarın tələbatını tam ödəyir. Bu çeşidlər daha da çoxalır, daha artmaqdadır. Artıq bu gün konkret statistikada görülür ki, ən azı 70 faizə yaxın istehlak olunan mallar ölkədaxilində istehsal olunur. Bu mallar ölkədaxilində istehsal olunursa, burada onun qiymət artımından heç bir söhbət gedə bilməz. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, bu gün manatın öz dəyəri şəklində qiymətləndirilməsi əslində ölkənin ixrac porensialını daha da gücləndirir. İxrac potensialının güclənməsi, ölkəyə kənardan valyutanın daxil olması deməkdir. Bizim milli valyutamız olan manat devalvasiya olunsa da belə, dünyanın ən güclü 11 valyuta sırasına daxil olub”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az