Vətəninfo.az-a açıqlamasında “Region” Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev Fransanın Mali Respublikasına hərbi müdaxiləsini şərh edib və onu Azərbaycan və Suriya kontekstində müqayisə edib.
Onun sözlərinə görə, müdaxilələr zamanı hegemon ölkələrin maraqları da nəzərə alınır, amma bununla bərabər təhlükəyə məruz qalan xalqların və ölkələrin də maraqları kənarda qalmır. Müdaxilələrə bu müstəvidən yanaşanda, daha obyektiv fikir yürütmək olur.
Fransanın yanvar ayının 11-də Afrikanın problemli ölkələrindən olan Malidə hərbi əməliyyatlara başlayaraq ölkənin şimalını terrorçu və separatçı kimi qələmə verilən Tuareq tayfalarından və ölkəyə Liviyadan keçmiş döyüşçülərdən təmizləmə əməliyyatı təqdir olunmalıdır. BMT TŞ-nın da bu məsələdə Fransaya yaşıl işıq yandırması yüzlərlə günahsız ölümün qarşısını aldı, Malinin parçalamasına və yeni bir separatizm dalğasına son qoydu.
Bir çox siyasətçilər, şərhçilər və jurnalistlər düşünür ki, Fransanın maraqları olmasa idi bu addımı atmazdı və ona görə də Fransanı təqdir etməyə dəyməz. Ölkələrin maraq məsələləri ilə razılaşmamaq olmaz. Amma maraq hər yerdə var. Burada malililərin də marağı təmin olundu. Ölkə xaos və ölümlərdən, seperatizmdən və vətəndaş qarşıdurmasından qurtuldu.
Məhz buna görə Fransanın bu hərbi intervensiyasını bəyənmək lazımdır. Azərbaycan da Ermənistan tərəfindən analoji seperatizmə məruz qalıb və əlbəttə, hər hansı bir ölkə hərbi müdaxilə edib, onları Dağlıq Qarabağdan çıxarsaydı, bu, ölkə əhalisi tərəfindən alqışlanardı.
Fransanın hərbi müdaxiləsi minlərlə insan həyatını ölümdən xilas edib. Bu alqışlanası hal deyilmi?
Suriyada öldürülənlərin sayı tezliklə 100 minə çatacaq. Bu ölkədə ölümlərə son qoyacaq ölkə qəhrəmandır. Amma Suriyada siyasi, geostrateji və iqtisadi maraqları olan o qədər ölkələr var ki, maraqlarını uzlaşdıra bilmirlər. Əsasən Suriyada günahsız ölümlərin davam etməsində Rusiya və Çinin daha böyük məsuliyyəti var və yaxşı olardı ki, onlar Qərblə dil taparaq Bəşər Əsəd rejiminə son qoysunlar. Yaxud, Qərb Rusiya və Çinlə dil taparaq günahsız insanların ölümünə və vətəndaş müharibəsinin dayandırılmasına nail olmalıdır.
Rəqsanə Yusifzadə