Allahın yaratdığı təbiət aləmi Yer kürəsinə gözəllikdən başqa heç bir şey bəxşiş etməmişdi. Lənkəran-Lerik yolunun 33-cü kilometrliyində yerləşən, Lənkəran çayının üzərindəki körpünün üstündən keçərək, nəzərdə tutulan istirahət mərkəzinə daxil olanda, oradan sola burulan yol ilə 30-40 metr gedib, mühafizə postunun ağzında qoyulmuş şlaqbaumun qarşısında dayanmalı olursan. Buradan bir başa ətrafda tüğyan edən təbii mənzərə böyük bir xalça kimi göz önündə camlanmağa başlayır.
“Relax” İstirahət və Əyləncə Mərkəzinin yerləşdiyi yer zövqündən asılı olmayaraq, füsunkar gözəlliyinə və möhtəşəmliyinə görə hər bir insanı valeh edir. Xoş ətirli çay bitkisi, limon, mandarin, portağal, feyxua, kivi və başqa sitrus bitkiləri ilə məşhur olan Lənkərandan gələn yol dağlar arasından burularaq, gah yuxarı qalxır, gah da aşağı enir, nəticədə isə məftunedici bir vadiyə daxil olub, orada yol gedən insanların diqqətini özünə cəlb edirdi. Təbiət gözəlliyindən xüsusi zövq alan hər bir bəndə, Tanrı tərəfindən yaradılan bu, füsunkar gözəllikdən həzz almaq üçün qarşıda açılan yaşıl mənzərənin hüzurunda dayanmağa məcbur olurdu.
Hər bir gözəlliyi lazımınca qiymətləndirdiyim üçün, Talış dağlarının qoynunda yerləşən həmin yüksək vadiyə daxil olan kimi, qarşısımdakı bənzərsiz rəsm əsərini görəndə öz qibtəmi gizlətmir və gələcəkdə pafosla səslənən şüara çevriləcək, fəlsəfi fikri ucadan söyləməli oldum: “Allahın Yer üzərində yaratdığı cənnətin daxilində insan öz zəkası, bacarığı və əməyi hesabına möcüzə yaradıbdır. Həmin möcüzənin adı “Relax”dır”.
Ətraf boyu bir-birinin boynuna minmiş dağlar, dağlara yaşıl libas geydirmiş palıd, fısdıq, çinar, ağcaqayın ağaclı meşələr, yüksəkliklərin arasında dərin çökəklikdə açılan, sanki yerə sərilmiş ipək parçanı xatırladan yaşıl çəmənli vadi, bir qədər cənubda qərbdən şərqə doğru ziqzaq şəkilində şırıltı ilə axan şəffaf dağ çayı (bu Lənkəran çayının qolu idi) və şimalda, vadinin yuxarı hissəsində boz zolağlı ilanı xatırladan yolun cəngəllikdə yoxa çıxması, bu məkana möhtəşəm gözəllik verərək, hər bir yolçunun və ya bura təşrif buyuran mehmanın daxilində yaradıcı hissləri oyadırdı. Həqiqətən də vadiyə kim ayaq basırdısa, özündən asılı olmayaraq ilhama gəlirdi.
Bu vizual görüntüdən heyrətə gəldiyim üçün, həmin an özünə belə bir sual verdim: “Görəsən, bu təbiət güldanını hansı bəxtəvər, özünün zövqlü baxışlarının vasitəsilə kəşf etmiş, kamalı, zəkası, fərasəti, bacarığı hesabına həmin güldanın içərisindəki ekibano gül dəstəsini ixtira edibdir?”
Əlbəttə ki, həmin kəşfin və ixtiranın sahibi “Relax”ın sahibi, yorulmaz fəaliyyəti ilə təbiət qoynunda möcüzə yaradan Hacı İqbal Məmmədov idi. O, burada aparılan abadlıq işlərinin həyata keçirilməsi üçün gündüzünü gecəsinə, gecəsini isə gündüzünə qatmışdı; gecə gec saat yatır, dan yeri sökülən kimi yatağını tərk edirdi. Buranın sahibi nəhəng tikinti işlərinə rəhbərlik edə-edə daxilində yaranan yeni ideyaları həyata keçirir və yorulmaq bilmədən verdiyi səmərəli təkliflərin sayəsində yeni-yeni layihələr işləyib hazırlayırdı. Bir sözlə, onun işgüzarlığı, bacarığı, fərasəti və qətiyyəti nəticəsində yaratdığı bu məftunedici möhtəşəm istirahət kompleksinin səsi-sorağı respublikanın paytaxtı ilə yanaşı, digər bölgələrinə gedib çıxıbdır.
Ümumiyyətlə, bu yerin tapılmasında Hacı İqbal ömrünün bir neçə ilini itirmişdi. Azərbaycanda “Göy-göl”, “Nabran”, “Naftalan”, “Pirqulu”, “İsti-Su” (Masallıda) kimi kurort mərkəzləri vardı. O, çalışırdı ki, insan aləmi üçün kəşf edəcəyi ərazi, öz unikallığı ilə başqalarından seçilsin, yəni yayın qızmar istisində orada sərin olsun, ağcaqanadlar, milçəklər və başqa həşaratlar gözə dəyməsin, ən əsas isə rütubətdən bir əsər-əlamət olmasın. Halbuki bir çox yerlərdə xüsusən də, dənizə yaxın olan ərazilərdə yerləşən bütün istirahət komplekslərini rütubətli hava öz cənginə almış və bununla da turistlərin uzunmüddətli istirahətinə böyük maneəçilik yaradırdı.
Ən müasir təlim avadanlıqlarla təchiz olunmuş sağlamlıq mərkəzinin, yüksək texnologiyalı gimnastik və aerobika zalı, boulinq, spa mərkəzi, rus hamamı, sauna və xüsusi istirahət otaqları qonaqların hər cür istəyini qarşılamaq gücündədir. İstirahət mərkəzindəki rahat kottec tipli evlər, 2-3 otaqlı lüks aportamentlər (həyətyanı sahəli kottec: kabel televiziyası, telefon, isti-soyuq su, yanğından müdafiə avadanlığı), həmin şəraitli 2-4-6 nəfərlk nömrələr, Şərq və Avropa üslublu Küləfirəngi-restoran – 350 nəfərlik (milli və Avropa mətbəxi), pullu əyləncələr sayılan; çayda üzmək üçün qayıq-katamaranlar, restoran-bar, diskoteka, uşaq meydançası, bilyard, stol üstü tennis, futbol, mini qolf, elektro xokkey və kvadrotsikidən hər bir turist istifadə edə bilər. Uşaqların əyləncəsi üçün uşaq oyun meydançası (pullu uşaq attraksionları – “Vertolyot”, “Günəş” və “Gəmi” yelləncəkləri) gəaliyyət göstərir. Həmçinin ərazidə naviqasiyanı daha maraqlı etmək üçün kvadrotsiklər də qonaqların ixtiyarındadır. Mini heyvanxana, müəyyən əraziləri birləşdirən körpülər, dərə-təpələrdə qoyulan minüatür skamyalar dağlar arasında təzadlar yaradaraq, turistlərin dincəlmək təlabatını da ödəməklə yanaşı, onlarda mənəvi rahatlıq yaradırdı. Açıq hovuz kənarında böyüklər və uşaqların unudulmaz istirahəti üçün gözəl şərait təşkil olunubdur. Burada hovuz kənarında günəşdə qaralmaq, balıq tutmaq, ovçuluq, Jeep safari, atla gəzinti, dağa qalxmaq təklif olunan əyləncəyə daxildir. Təbii mənzərə ilə insan əməyi nəticəsində yaradılan möcüzənin vəhdəti ayrıca kalorit təşkil etməklə, yaradıcı insanlar, xüsusən də rəssamlar üçün açıq səma altında, işıqlı, gözəl panorama tərtib etmişdi. Burada eyni vaxtda onlarla kottec yüzlərlə turistin ixtiyarına verilirdi.
Ərazidə gəzişən mühafizəçilər bütünlüklə kompleksin ərazisini yad adamlardan mühafizə edərək, qonaqların istirahətini daha da komfortlaşdırırdılar. Artıq nəinki Lerik rayonunda istirahət edən turistlər, ümumiyyətlə cənub bölgəsinə gələn qonaqlar “Relax”da fəaliyyət göstərən, eyni vaxtda 500 nəfərlik tutumu olan möhtəşəm “Aquapark”dan halidir və hər kəs həmin möcüzəni öz gözü ilə görmək üçün buraya can atır. Ona görə ki, istirahət kompleksində salınıb və turistlərin istifadəsinə verilən həmin “Aquapark” nəinki Azərbaycanda, hətta bütün Qafqaz ölkələri arasında ən böyük əyləncə kompleksi sayılır. Kənardan gələn adamlarından yalnız həddindən artıq içkili olan və özlərini qeyri-adekvat aparan qonaqların əraziyə buraxılmasına qadağa qoyulmuşdu ki, istirahət mərkəzində olan turistlərin komfortu və rahatlığı pozulmasın. Bu, cənub bölgəsində yaradılan nəhəng istirahət kompleksindəki servisin yüksək səviyyədə təşkil olunmasından xəbər verirdi. Buradakı 200 nəfərlik standart otel və VİP otaqlar öz əzəməti ilə heyranlıq doğururdu. Elə Boulinq zalı da onların yaxınlığında yerləşirdi.
“Aquapark”la “Qadın vitamin barı”nın arasında 300 nəfərlik VİP restoran, ondan kənarda isə Amfitetr tikilmişdi. Bütün bu üçbucaq tikililərin ortasında əlvan işıq fənərləri və lazer şüaları ilə təchiz edilmiş gözəl fəvvarə düzəldilmişdi. Elə ki, bu əraziyə qaranlıq çökdü, həmin an fəvvarənin işıqları fəaliyyətə başlayırdı. Bəzən adamda elə təsəvvür yaranırdı ki, su çələngindən sağ tərəfdə yerləşən böyük diskotekada səslənən mahnıların ritmlərinə əsasən, fəvvarədəki sular cürbəcür formalar yaradırdı.
Amfiteatrdan sağ tərəfdə kənardan ecazkar görünən və nağıllar aləmini xatırladan “Lvinıy” (şir) və “Pauk” (hörümçək) barlar fəaliyyət göstərirdi. Barlar adlarına uyğun adlandırılmışdı – ona görə ki, barların astanasında yonma daşlardan şir ağzı və hörümçək toru ilə birlikdə düzəldilmişdi. Kim ki, ora qədəm qoyurdusa, həmin adam həqiqətən də özünü nağıllar aləmində hiss edirdi. Kotteclərlə hovuz və göl arasında skamyalar düzülmüş və hər kəs skamyalarda oturub, buradakı gözəlliyə tamaşa edə bilərdi.
Talış dağlarında qışda havanın sərt və şaxtalı keçdiyi bir vaxtda, burada havanın mülayim olması, qarlı havada xizək idmanından istifadə olunmasına əlverşli şərait yaradırdı və bu da bacarıqlı təşkilatçının əsas planlarından biri sayılır. Paralel olaraq vadinin şərq hissəsində yeni-yeni binalar inşa edilərək, qısa zaman kəsiyində turistlərin ixtiyarına verilmək üzrə idi.
Bu torpaqda müxtəlif vaxtlarda tanınmış insanlar olubdur. Onlardan biri dünya şöhrətli dahi fransız yazıçısı Aleksandr Düma Lerik meşələrindən keçərək Hovil kəndində olmuş, öz əsərlərində bu kəndin eskizlərini çəkmiş, bu diyarın gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyindən, məşğuliyyətindən geniş yazmışdır.
Əlverişli coğrafi mövqedə yerləşən, təbii gözəlliyinə görə heç bir istirahət kompleksindən kənarda qalmayan bir vadi tapılmış və titanik zəhmət nəticəsində insanın rahat şəkildə istirahət və dincəlməsi üçün, bütün şərait yaradılmışdı. Xidmət servisi isə xadimədən və mühafizəçidən tutmuş administratora kimi yüksək səviyyədə təşkil olunmuşdu.
Göydəki buludlar cənubda öz mövqelərini tutsalar da, öz nuru ilə səmada hökmranlıq edən Günəş maneəsiz olaraq, şüalarını “Relax”ın və onun ətrafında cəmləşən qocaman dağlı meşələrin üzərinə endirirdi. Yay fəslinin qızmar çağında isti hərarətli hava Azərbaycanın bir çox bölgələrində müşayiət olunsa da, burada sərin hava istirahət edən turistlərin dadına çatırdı. Baxmayaraq ki, göydəki buludlar Günəş şüalarının qarşısında aciz görünürlər palıd və fısdıq ağacları öz qüdrətini nümayiş etdirməklə, kölgələrindən çıxan sərinliyi bütün ətrafa yayırdılar. Bundan əlavə həmin sərin hava kütləsinin əmələ gəlməsində “Relax”ın həm şimal, həm də cənub sərhədi boyunca axan dağ çayları dinamik surətdə xüsusi rol oynayırdı. Elə “Relax”ında coğrafi mövqeyinin möhtəşəmliyi bunda idi.
Şlaqbaumdan ikinci mehmanxanaya tərəf gedəndə, yolun sağında sıra ilə tikilmiş və hər birinin nömrəsi qapının üstünə vurulmuş kotteclər yerləşir. Solda isə böyük küləfirəngi-restoran istirahət meydançaları ilə yerləşmiş və müəyyən məsafələrdən oraya, yaraşıqlı plitələrlə düzülmüş cığırlı yollar uzanırdı.
Kottecin quruluşu və aportamentləri çox komfortlu idi. Böyük olmayan dəhliz birbaşa qonaq otağı ilə birləşirdi. Dəhlizin sağ tərəfindən birinci yataq otağına giriş vardı, sol tərəfdə isə qonaq otağının girişi ilə birləşən yerdə mətbəxt yerləşirdi. Yumşaq mebel və televizor qoyulmuş, qalın xalça döşənmiş qonaq otağından sağ divar ilə bitişik ikinci yataq otağı vardı. Hər iki yataq otağında isti və soyuq su ilə təchiz olunmuş hamam-tualet, paltar yerləşdirmək üçün şifoner və iki nəfərlik çarpayılar (birinci yataq otağındakı çarpayılar bir-birindən aralı, o biri otaqdakı çarpayı isə bitişik idi) vardı. Hər otağın, o cümlədən mətbəxin də jalüzlərlə bəzədilmiş plastik pəncərələri ətrafdakı mənzərəni seyr etməyə imkan yaradırdı.
Qonaqların komfort şəkildə istirahət etməsi üçün hər bir şey incəliklərinə kimi nəzərə alınmışdı. Hamamda çiməndə orada şampun və sabundan istifadə etmək olardı. Qurulanmaq üçün qətvə və hamamdan çıxmaq üçün ağ rəngli maxer xalat qoyulmuşdu. Bütün bunların istifadəsindən sonra dəyişdirilməsi üçün otaqdakı telefondan servis xidmətinə zəng etmək olardı. Bundan əlavə mətbəxdə soyuducu, qaz plitəsi və yemək bişirib rahat süfrə təşkil etmək üçün lazımi qədər qab-qacaq vardı. Bir sözlə, adam bu kottecdə restorana və ya yeməkxanaya getmədən öz evindəki kimi uzun müddət yaşaya bilərdi.
Küləgirəngi-restorandakı süfrələrin menyusu çox zəngin təşkil olunur; ümumiyyətlə, ləziz yeməklərin sayı burada saysız-hesabsizdır. İstirahət müddəti ərzində bölgə mətbəxinin bütün nümunələri qonaqlara təqdim olunurdu. Yeməklərin siyahısında cürbəcür ləvəngilər böyük üstünlük təşkil edirdi. Küləfirəngidən başqa əyləncə mərkəzinin restoranlarında yerli aşbazlar cənub mətbəxiylə yanaşı, digər milli yeməklər, o cümlədən də, Avropa mətbəxi nümunələrini turistlərin istifadəsinə verirdilər. Maraqlı cəhət o idi ki, yeməklərin süfrəyə verilməsi və təqdimatı peşəkar səviyyədə təşkil olunmuşdu. Personalın hərəkətləri bir mərkəzdən idarə edilirdi. Bütün bunların hamısı alınan istirahət biletinin tərkibinə daxil idi.
Kompleksin diceyi çayın kənarındakı diskotekada, oradakı qonaqlar darıxmasın deyə viktorinalar keçirir, ondan sonra isə “Aquapark”ın yanındakı böyük diskotekada əsl musiqili şou nümayiş etdirirdi. Bundan əlavə həmin dicey Lerikin tarixi yerlərinə, muzeylərinə, Astara rayonunda yerləşən istirahət kompleksinə və Piran kəndi yaxınlığındakı balıq ovuna dəvət etmək üçün “Yeddi göl” adlanan yerə ekskursiyalar təşkil edirdi.
İkinci mehmanxanadan şərq istiqamətinə gedəndə orada da çoxlu tikililərlə üzləşmək olurdu. Əsasən, üç cərgədə yerləşən cürbəcür kottecləri göstərmək kifayətdir ki, adam həmin əraziyə daxil olan kimi özünü sanki İsveçrənin və ya Avstriyanın hansısa bir kiçik şəhərində hiss edirdi. Burada hökm sürən bənzərsiz səliqə-sahman, ekzotik ağacların, güllərin, kolların zövqlə əkilməsi kompleksdə hökm sürən əsl qayda-qanundan, nizam-intizamdan, estetik mədəniyyətdən xəbər verirdi. Maraqlı o idi ki, sıra ilə tikilən kotteclər və onların arasında salınan yol elə qurulmuşdu ki, nə yoldan keçən adam, nə də ki, üzbəüz kottecdə qalan qonaq o biri kottecdə olanları görmürdü. Çünki girişi olan kottecin istirahət otağının pəncərələri o biri tərəfdə idi və əks tərəfdəki kottecin qonaq otağı ikinci mərtəbədə yerləşdiyindən orada istirahət edənləri görmək mümkün deyildi. Bir sözlə, bu çox nadir və ağılla qurulan bir proyekt idi və belə bir arxitektura stili, başqa istirahət komplekslərində tətbiq olunmamışdı.
Uşaq meydançasında cürbəcür növlü skamyalar vardı – üstü çətirli, tərpənməz, yellənən skamyalar. Sanki vadidəki bu açıqlıq və insan əlləri ilə yaradılan bu süni meydança hamını özünə sarı cəlb edirdi. Oradan bir qədər irəliyə, qarşıdakı uçuruma tərəf yollananda və həmin yerdən, aşağıdan yuxarıya qədər sarmaşıq kimi qalxan pilləkənin vasitəsilə, Lənkəran çayının sahilinə enmək mümkündür. O ərazidə də həm təbiətin, həm də insan əməyinin vəhdəti ilə gözəl meydançalar yardılmışdı. Sol meydançanın qabağında çayın üzərində süni göl düzəldilmişdi ki, kompleksdə istirahət edən qonaqlar oradakı katamaran və qayıqlarla gəzintiyə çıxa bilsinlər. Sağ tərəfdə isə açıq səma altında konsert meydançası yaradılmışdı. Demək olar ki, səhər tezdən gecə saat birə qədər hamının mədəni istirahəti üçün şən mini-diskoteka təşkil olunurdu.
“Relax”ın yaradılmasında buranın rəhbərinin əsas məqsədi ondan ibarət idi ki, bu əraziyə qədəm qoyan turistlər, həm ana təbiətin gözəlliyindən, həm də atmosferin səmada yaratdığı təzadlardan və insan əməyi ilə əmələ gələn gözəl şəraitdən, mənəvi cəhətcə zövq ala bilsinlər.
Məlumdur ki, Lerik rayonu Azərbaycanın ən dilbər guşələrindən biri sayılan Talış dağlarının zirvəsində yerləşir. Allah bu bölgənin təbiətindən öz nadir nemətlərini, saf suyunu, bənzərsiz zümrüd meşələrini əsirgəməmişdi. Bu torpaqlar daim əcnəbi qonaqların diqqətində olmuş və buraları ilk dəfə seyr etmiş insanlar, cəsarətlə bu təbiəti dünyanın müxtəlif ən gözəl və səfalı yerləri ilə müqayisə etmişlər.
Azərbaycanın görkəmli akademiki, Əməkdar elm xadimi Həsən Əliyev Leriki yaz vaxtı ətriyyat mağazalarına bənzətmişdi. O, demişdir: “Talış dağlarının füsunkar guşələrindəki mineral bulaqları xalqımızın sağlamlıq ocaqlarına çevirmək lazımdır... Talış meşələrinin relikt flora və faunasını saxlamaq üçün həmin meşə başdan-başa Karpat meşələri kimi milli park və ya təbiət parkına çevrilməlidir. Oradakı mineral və digər içməli suların çoxluğu bu məqsəd üçün gözəl mənbədir”.
Akademik Mirəli Qaşqay isə vurğulayıb ki, “Talış dağlarının zəngin təzadlı təbiəti möcüzələr diyarını xatırladır. Bu dağların sirri hələ tam açıqlanmayıb. Gələcək alimlər üçün bura böyük təcrübə məktəbi ola bilər. Bu qiymətli sərvətlərə, bənzərsiz gözəlliklərə laqeyd qalmaq günahdır”.
Hamı bilir ki, hələ SSRİ dövründə ən çox uzunömürlülər məhz burada yaşamışdılar. Məhz uzunömürlülər barəsində akademik Mirəli Qaşqayın xüsusi açıqlamsı var. “Leriklilər sağlam təbiətdə yaşayırlar. Havası loğman, suları məlhəm, bitkiləri can dərmanıdır. Torpağı səxavətlidir – min-bir nemət yetirir. Balı, qaymağı, bütün təbii qidaları, təbii gözəllikləri, sağlamlığın rəhnidir. Burada təbiət, Günəş suları ilə, suyu, havası, növbənöv bitkiləriylə, zümrüd meşələriylə insanlardan xəbərsiz onları müalicə edir... Əlbəttə, dağ havası, udan dağa bənzər. Sağlam təbiət sağlam həyat deməkdir”.
Maraqlı odur ki, burada Tibbi təhlükəsizliyə xüsusi diqqət ayrılıbdır. Kompleksin öz ərazisində aptek və tibbi personal daxil olmaqla tibb məntəqəsi də fəaliyyət göstərir. Belə bir servis ilə hər yerdə rastlaşmaq mümkün deyil.
Turistlərin bir qismi kanyon üzərində salınan pələmədə dincəlməyə üstünlük verirdi. “Relax”ın məşhur pələməsi istirahət kompleksinin qərb yamacında yerləşirdi. Oranın girəcəyində kənd yerlərində, hələ keçən əsrdə, bəlkə də ondan əvvəlki dövrdə də məişətdə istifadə olunmuş əşyalar və at arabasi qoyulmuşdu. Buraya gələnlər özlərini keçmişdəki kimi hiss edir və elə zənn edirdilər ki, burada zaman dayanıbdır.
Dərin kanyonun üstündə salınmış pələmənin üzünə həsir, xalça, nalça və mitətkələr sərilibdir. Buranın çox qəribə xüsusiyyəti vardı. “Relax”ın mərkəzi meydanında havanın hərarəti 40 dərəcədən çox olanda belə, burada sərin hava hökm sürürdü. Sanki pələmənin ətrafında böyük bir təbii kondensioner işləyirdi. İş ondadır ki, istirahət mərkəzinin cənub sərhədi ilə Talış dağlarından daşan ensiz, lakin sürətli soyuq çay keçirdi. Ziqzaq şəklində daşan suyun hərarəti o dərəcə soyuq idi ki, kanyonda yaranan soyuq hava kütləsi yuxarı qalxaraq, pələmənin ətrafında yazda olduğu kimi sərin hava əmələ gəlirdi. Bundan əlavə kanyondan ucalan hündür, qocaman ağacların enliyarpaq budaqları baş əyərək, çətir kimi qızmar günəşin şüalarının qarşısını alırdı.
Çoxillik ağacların mamır basmış gövdələri, qırmızı kitaba düşmüş nadir bitkilər və məşhur dəmir ağacı, palıd meşəsi insan ruhuna sakitlik gətirirdi. Buranın təbiəti daha əzəmətli və möhtəşəm idi. Meşədə məskən salmış rəngarəng quşların səsi və çayın şırıltısı heyranedici sintez yaradırdı. Ağacların həm üstündəki, həm də aşağısındakı əlvan bitkilər, adamın gözünü qamaşdırırdı. Floranın və xüsusən də, cürbəcür bitkilərin zənginliyi, əlvanlığı estetik gözəlliyi özündə ehtiva edərək, ətrafda nağıllar aləmi yaratmışdı. Burada adam özünü təbiətlə ahəngdə, ünsiyyətdə hiss edirdi.
Pələmədən sağ tərəfə 60 metrəyədək yol gedəndə, oradan 10 metr sola burulan yolda, hündür kanyonun üstündə talvar var. Oradan aşağı enən çığır ilə meşənin içərisinə gedəndə, əsl cəngəlliklə üzləşmək olur. Balaca şəlalə, buz kimi suyu olan çay, xoş rahiyyəli kolluqlar, sıx ağac örtüyü turistlərin əksəriyyətini oraya cəlb edir. Ağaclar bir-birinə o qədər sıx bitibdir ki, Günəşin şüaları gəlib yerə çatmır. Bir çox təbiət aşiqi olanlar buraya gələndə, onlar birmənalı şəkildə deyirlər ki, “istirahət kompleksinin bu hissəsi, sivilizasiyadan uzaq bir məkandır”.
“Relax” Turizm İstirahət və Əyləncə Mərkəzində eyni vaxtda 400-500 nəfərdən çox adam istirahət edə bilər. Şübhəsiz ki, ən müasir standarlara cavab verən, nəinki ölkədə, hətta bütün Cənubi Qafqaz ölkələri arasında layiqli rəqabət apara biləcək nəhəng bir kompleksdir və buradakı yüksək səviyyəli xidmət qonaq gələnlərin heyrətinə səbəb olur.
Deyirlər, adam bura qədəm qoyanda tezliklə geri qayıtmağa səy göstərmirdi. Həmin sözlər öz təsdiqini tapırdı. Biləndə ki, Bakıya qayıdacaqsan, bənizindəki heyranlıq hissi qüssə ilə əvəzlənir, ürək kövrəlir.
Allah istədiyi şəxsə səadət verir, heç kim deyə bilməz ki, xoşbəxtlik onun üzünə güləndə həmin xoşbətlik öz bacarığı sayəsində əldə edilibdir. Halal zəhmət nəticəsində əldə olunan bəhrə, həqiqi mənada insanı xoşbəxt edə bilər. Məhz Hacı İqbal Məmmədov belə bir bəhrə ilə öyünərək, hamı qarşısında nəyə qadir olduğunu sübuta yetirir.
Yazıçı-tədqiqatçı, publisist, ssenarist
Ramiz Dəniz