Medianın üzünü qara edən kimlərdir? – Sorğu

Medianın üzünü qara edən kimlərdir? – Sorğu

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlarda kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı Azərtac-a açıqlama verib.

VİZUAL.az xəbər verir ki, o, açıqlamasında Azərbaycan Respublikasında söz və məlumat azadlığının təmin olunduğunu bildirib. Qeyd edib ki, hər kəsin, o cümlədən kütləvi informasiya vasitələrinin, jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib.

Əli Həsənov bildirib ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır: "Təəssüf ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar. Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir. Hesab edirik ki, Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidirlər. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyillərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidirlər. Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcəkdir”.

Onu da qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurası bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, mediamızın həm milli istiqlalımıza aparan yoldakı, həm də müstəqillik illərindəki fəaliyyəti bu baxımdan əlamətdar olub. Lakin zaman-zaman jurnalist adından sui-istifadə hallarına da rast gəlinir”.

Bəyanatda qeyd olunur ki, bəzən ayrı-ayrı media orqanlarının hadisə və proseslərə münasibətdə tutduqları mövqe ictimai missiya əhəmiyyəti daşımır: "Bunun ayrı-ayrı təzahür formaları yekunda vətəndaşın dövlətə inamını sarsıdır. Mətbuat Şurası təəssüf hissi ilə bildirir ki, son günlər bəzi media orqanlarının, əsasən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhləri də mövcud prizmadan dəyərləndirilməkdədir. Şuraya ünvanlanan müraciətlərdə medianın bir növ ittiham mexanizminə, təlaş, həyəcan yaratmaq vasitəsinə çevrilməsindən ciddi narazılıq və narahatlıq ifadə olunur. Müraciətlərdə qabardılan daha bir məqam isə müxtəlif KİV-lərin guya müəyyən kompramat materiallara malik olmalarını bildirərək şantaja əl atmalarıdır. Son proseslər fonunda Mətbuat Şurasının apardığı araşdırmalar onu da göstərir ki, ictimai rəydə qəbul edilən, cəmiyyətdə müəyyən oxucu kütləsinə malik media orqanları və internet xəbər saytlarının fəaliyyəti də narahatlıq doğurur. Bir çox hallarda onlar real nüfuza malik olmayan onlayn vasitələrin şəxsi mənafe və maraqlardan qaynaqlanaraq dövriyyəyə buraxdıqları mülahizələri mühüm informasiya kimi yayırlar. Şura belə xoşagəlməz meyillərin mövcudluğundan ciddi şəkildə narahatdır”.

Sənəddə vurğulanır ki, jurnalistlər mövcud məqamı daim nəzərə almalı, onlara bəslənilən inamı sarsıltmamalıdırlar. Bunun yolu isə hadisə və proseslərə münasibətdəki həssaslıqdan, obyektivlik və dəqiqlikdən keçir: "Mətbuat Şurası ölkədə kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərdiyini bəyan edən media orqanlarını jurnalistika prinsiplərinə sadiq olmağa çağırır. Qurum bu sadiqliyi təkcə peşə borcunu ləyaqətlə yerinə yetirmək öhdəliyi deyil, müstəqil Azərbaycan Respublikasında qərarlaşmış qanunçuluğa, siyasi mövqeyindən, dünyagörüşündən asılı olmayaraq hər bir vətəndaşın dövlətə etimadının qorunmasına ehtiram əlaməti kimi dəyərləndirir. Şura bütün bunları nəzərə almayan, iradlardan nəticə çıxarmayan KİV-lər barədə müvafiq tədbirlərin görülməsi məqsədilə əlaqədar strukturlar qarşısında məsələ qaldıracaq və mövqeyində israrlı olacaq”.

 

Adalet.az məsələ ilə bağlı media kapitanlarının fikirlərini öyrənib.

 

"525-ciqəzet”in baş redaktoru Rəşad Məcid: "Əli Həsənovun fikirləri ictimaiyyətin narahatlığından doğub. Biz bu narahatlığı bölüşürük. Son vaxtlar yeni media adlandırdığımız və mətbuat olduğuna iddia edən çoxlu saytlar yaranıb ki, yalnız yalan xəbərlərlə, şayiələrlə diqqət cəlb etmək istəyirlər. Bu kimi saytların yaydığı yalan informasiyalar isə cəmiyyətdə həyəcan, təlaş və narahatçılıq yaradır. Biz xeyli vaxtdır ki, internet medianın özünü tənzimləməsinin necə qurulması barədə müzakirələr aparırıq. Güman edirəm ki, bu müzakirələr sürətləndirilməli və yeni media sahəsindəki xaotik durumun tənzimləməsinin yolları tapılmalıdır”.

 

"Yeni müsavat” qəzetinin redaktoru Xalid Kazımlı: "Çaşqınlıq yaradan KİV-lərlə mübarizəni dövlət öz üzərinə götürəndə bu senzuraya, mətbu sözün bu və ya digər şəkildə boğulmasına gətirib çıxarır. Ancaq çaşqınlıq yaradanlarla mübarizə də aparılmalıdır. Çünki çaşqınlıq yaradılması indiki zamanda təhlükəli şeydir. Məncə, o cür hallarla mübarizəni normal, sağlam mətbuat aparmalıdır. Elələrinin çaşdırdığı oxuculara həqiqətin necə olduğunu çatdırmaq modern dünyada elə də çətin deyil. Biri hansısa nazirin həbs olunduğunu yaza bilər, amma mənbə mötəbər deyilsə, heç kim inanmayacaq, camaat dərhal ciddi saytlara baxıb etibarlı xəbər axtaracaq”.

 

"Report” İnformasiya Agentliyinin şöbə redaktoru Pərvin Abbasov da Əli Həsənovun fikirləri ilə razılaşdığını deyib: "Report” yaranan gündən yalnız təsdiqlənmiş məlumatlar yayır. Əli Həsənovun açıqlamasından sonra bütün mətbuat, o cümlədən biz – "Report” agentliyi olaraq bu məsələlərə daha həssas yanaşmağa borcluyuq. Ölkənin milli təhlükəsizlik naziri vəzifəsindən azad edildikdən sonra mətbuatda xəbər dövriyyəsi artıb. Bu xəbərlər arasında reallığı əks etdirənlərlə yanaşı, həqiqətdən uzaq xəbərlər də var. Buna görə də Əli Həsənovun bu açıqlaması yerinə düşdü. Ümid edirəm ki, yazılı KİV bu məsələlərdə daha da ehtiyatlı davranacaq və yalan məlumatları tirajlamaqdan qaçacaq”. P.Abbasov deyib ki, əslində, ölkədə çalışan jurnalistlər Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına riayət etsəydi, mətbuat sahəsində çox şey axarı ilə gedər və bu cür xəbərdarlıqlar da olmazdı: "Şəxsən mən Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları ilə tanışam. ATƏT və Mətbuat Şurasının birgə layihəsi əsasında təkmilləşdirilmiş bu qaydalarla tanış olmaq və ona əməl etmək hər bir jurnalistin borcudur”.

 

Azerfax.az saytının baş redaktoru Nicat Dağlar: "Hörmətli Əli Həsənovun KİV-lərə ünvanlanmış xəbərdarlığı tamamilə əsaslıdır və sözsüz ki, yaranmış vəziyyətin doğurduğu narahatlıqdan irəli gəlir. Etiraf etməliyik ki, bu gün "MTN işi” ilə bağlı aparılan istintaq tədbirləri barədə məlumatlar bir çox hallarda qeyri-rəsmi mənbələrə söykənir. Məsələn, bizim redaksiyanın ünvanına bu vaxta qədər bir neçə dəfə müxtəlif email-lərdən məlumatlar göndərilib və həmin materiallar istisnasız olaraq qeyri-rəsmi mənbələrə söykənib. Məlumatlara göz gəzdirən kimi aydın olur ki, bunlar xüsusi məqsədlərlə hazırlanıb və kimlərinsə hansısa vəzifə sahibinə qarşı şəxsi-qərəzindən irəli gəlib. Şübhə etmirik ki, kimlərsə yaranmış vəziyyətdən dövlətə qarşı istifadə etməyə və cəmiyyətdə bütün məmurların korrupsioner, bütün vəzifə sahiblərinin cinayətkar olması barədə fikir formalaşdırmağa çalışırlar. Lakin hamımız bilirik ki, bu heç də belə deyil və hazırda vəzifə başında olan şəxslər arasında dövlətə və xalqa ləyaqətlə xidmət edən, Prezidentə sədaqətli olan şəxslər barmaqla sayılası qədər az deyil. Bəli, inkar etmək olmaz ki, media orqanları arasında hətta ayrı-ayrı fərdlərin Facebook-da yaydığı "Filankəsi də çıxardılar”, "Filan məmur da həbs olundu” kimi statuslarını xəbərə çevirənlər və bunun ətrafında kampaniyalar aparanlar var. Konkret olaraq biz mənşəyi bəlli olmayan, haradan və kimlər tərəfindən göndərildiyi bilinməyən məlumatları yayımlamırıq və çalışırıq ki, əsasən rəsmi və bir neçə mənbədən təsdiqlənmiş xəbərlərlə işləyək. Şəxsən tanıdığım, dost münasibətlərdə olduğum həmkarlarımın rəhbərlik etdiyi və çalışdığı saytları da mütəmadi izləyir və təbii ki, diqqətçəkən xəbərləri istinadla yayımlayırıq. Onlara özüm kimi inanıram və əminəm ki, sözügedən məsələ ilə bağlı xəbər yayarkən ancaq Prezidentə və dövlətə dəstək olmaq məqsədi güdürlər. Hesab edirəm ki, jurnalistlər maksimum məsuliyyətli olmalı, xəbəri bir neçə mənbədən dəqiqləşdirməli, hazırkı situasiyadan kimlərinsə dövlətə qarşı istifadə etməsinə imkan verməməli, təxribatçı çağırışları yayımlamamalı və öz şəxsi maraqlarını təmin etmək üçün mətbuata dezinformasiya ötürənlərin əlində alətə çevrilməməlidirlər”.

 

Azadinform.az saytının baş redaktoru Niyaz Niftiyev: "Əlbəttə, çaşdırıcı xəbərlərin media vasitəsi ilə cəmiyyətə ötürülməsi yolverilməzdir, özünə hörmət edən media vasitələri bu kimi hallardan çəkinməlidirlər. Xüsusən də şərəf və ləyaqət məsələlərində xəbər istehsalı diqqətə alınmalı, ehtiyatlı davranılmalıdır. Bu nöqteyi-nəzərdən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun məlum açıqlamasını əhəmiyyətli hesab edirəm. Məsələnin digər tərəfi isə medianın belə "fövqəladə hallarda" informasiya ilə təminatıdır. Təbii ki, cəmiyyətin xəbər almaq mənbəyi KİV-lərdir. Vətəndaş sosial şəbəkə istifadəçisi olmaya da bilər və yaxud da əksinə informasiyanı KİV-lərdən almaqda maraqlı ola bilər. Amma KİV oxucunun istədiyi xəbəri ona vaxtında çatdıra bilmir. Amma oxucu ordan-burdan eşidir ki, "X” nazir həbs olunub! Düşünürəm ki, medianın informasiya ilə təminatı şəffaf olmalıdır. Mətbuat hansısa dövlət qurumunun xəbərini günlərlə gözləyirsə, artıq operativ media daşıyıcısı funksiyasını itirmiş olur. Deyək ki, sabiq nazir Əli Abbasov işdən çıxarılmazdan bir həftə əvvəl artıq bəzi KİV-lər bu xəbəri tirajladılar. Vurğuladılar ki, Əli Abbasov işdən çıxarılır. Və yaxud da başqa bir fakt. "Aztelekom”un rəhbərinin həbsindən 3-4 gün əvvəl onun işdən çıxarılacağı və həbsi ilə bağlı xəbərlər yayıldı. Bu xəbərlərin ardınca hər iki qurumdan bəyan etdilər ki, belə bir şey yoxdur və ola da bilməz. Amma oldu, hər iki məmur 4-5 gün içində vəzifəsindən qovuldu. Əlbəttə, nəzərə almaq lazımdır ki, jurnalistin də mənbələri var, KİV əməkdaşı hadisələri izləyir, nəticə çıxarır və xəbər istehsal edir. Bunun əksi, məsələn, müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli məlumatların yayılması isə qəbuledilməzdir”.|adalet.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az