Məhəmməd Mursi- Saqqalı Hüsnü Mübarək

Məhəmməd Mursi- Saqqalı Hüsnü Mübarək

Zahid Oruc

Təhrir meydanı inqilab liderini devirməyə hazırdır. Dövlətin suverenliyinə elə təhlükə var ki, prezident özünə əlavə səlahiyyətlərdən başqa yol tapmayıb.Sözügedən şəxsin xarakterini biliənlər iddia edir ki,avtoritar keyfiyyətlərə meylli olmayan bu adam həyati zəruət olmasaydı,belə etməzdi.

Əlbəttə, ona yönələn “firon” ittihamı o qədər də əsaslı deyil. İslamçı bir liderin özünü Allahın yerdə nümayəndəsi elan etməsi müasir dövrdə yalnız avantüristlərin işi ola bilər.Lakin qəzəblənmiş kütləyə bunu aydınlaşdırmaq vacib deyil.

“Müsəlman qardaşları”nın diktatura təhlükəsi nə dərəcədə realdır? Mursinin öz tərəfdarlarını meydana çağırması yetər ki, O, əleydarlarının səsini batırsın. Lakin məsələ bununla bitməyəcək.Hazırki komanda içərisində son dərəcə əks baxışlar sisteminin təmsilçiləri mövcuddur.Şəriət qanunları ilə idarəçiliyin tərəfdarları da,köhnə hakimiyyətin yetirmələri də amorf bir vəziyyət yaradüraq prezidentin yeni kursunda buxova çevriliblər. Ziddiyyətlər hər an daha çox dərinləşir. Ölkə sürətlə xarici asılılığa yuvarlanır.

Xalqın demokratik potensialının zəif olması fonunda yeni iqtidar kimə söykənməlidir? Mursi əslində meydanlara çıxanlarla sazişə girməsə, onu çox acınacaqlı aqibət gözləyir.Çünki qanuni yolla seçiləndə bəyan etmişdi ki, monoMübarək mədəniyyətli qüvvələrdən bütövlükdə azad olacaq, işlək bir hökumət formalaşdıracaq. Lakin zaman ötür və üfüqdə yeni böhranlardan başqa nəsə görünmür.

Beynəlxalq aləm Misirdaxili vəziyyətdən narahatdır. Merkel onu səsləyir ki, dövlətin müstəqilliyinə təhlükəni hüdudsuz səlahiyyətlərinlə qoruya bilməzsən.Yaxud da ölkəni almanlara təhvil verib onun demokratik təmirinə nail olmaq mümkünsüzdür. Bu işi millətinlə bərabər görməlisən.

Lakin Qərb maraqlarının müdafiəçisi və Suriya böhranında həlledici mövqe tutması səbəbindən xarici dairələr onun keçmiş vədlərindən uzaqlaşmasına hələ ki, göz yumur. İnsanlarsa özlərini alçaldılmış və taleyin ümidinə buraxılmış sayırlar.

İndi beynəlxalq medianın davranışları çox maraqlıdır.Ərəb inqilabının törənməsində informasiyadan artilleriya hücumu təşkil edən və dünyanı Mübarək əleyhinə qaldıran dairələr əvvəlki entuziazmla hərəkət edəcəklərmi? Axı Misir xalqı öz məqsədinə çatmadı. Tarixdə azmı olub ki, yeni ideologiya tərəfdarları əsil qapalı üsul-idarəyə keçiblər.Maonun taxt-tacı,yaxud Xomeyninin yaşıl inqilabı da elə bu cür kütləvi eyforiya və şah rejiminin inkarı üzərində bərqərar olmamışdımı? Sadə vətəndaşın həyatını yeni ağırlaşdırıcı normalarla boğmaq gərəkiydisə,siyasi və hüquqi meydanını daraldaraq hökmranlıq edəcəydinizsə, onda əvvəlki iqtidarı niyə yıxırdınız?

Mübarək hələ uzandığı xərəkdə canını tapşırmayıb,amma onun ruhu yeni prezidentdə zühur edib. Təcrübəli diktator elə miras qoyub gedib ki, hər gələn bundan yaxşısını kəşf edə bilmir. Mursinin saqqalı onu islam mələyinə çevirmir.Ölkə başçısını tirana bənzədənlər belə zahiri atributların fərqində deyillər.

İnqilab öz balalarını yeməklə məhdudlanmır,həm də keçmişə bəraət qazandırır.Xalqın meydanlara axışdığı bu günlərdə qədim bir tarixə malik olan bu böyük dövlətin miskin durumuna acıyırsan.Bu dinlə bağlı bir məsələ deyil.

Savadsızlıq,kasıblıq,dini cəhalət fonunda sərt iqtisadi islahatlar mümkündürmü? Misirin inqilabdan sonrakı valyuta rezervləri 40 faizdən çox azalıb,işsizlik sürətlə artır. Çinə,İrana,Səudiyyəyə səfərlər böyük razılaşmalara aparıb çıxarmadı.Sərt islahatlarla,keçmiş sovet xalqları üzərindəki "şok “terapiyaları” yolu ilə subsidiyalaşmadan imtina etmək və bazar iqtisadiyyatına geçmək də asan olmayacaq.Bir tərəfdən də liberal bazar ideologiyasının özü Avropada ağır günlərini yaşayır. Fəlakətli sosial durumu beynəlxalq maliyyə institutlarının diktəsi yolu ilə dəyişmək istədikdə qəzəblənmiş kütlə Mursini daha amansız şəkildə taxtından salacaq. Onun Tomas Cefferson kimi idealları belə yoxdur .Bir tərəfdən də müəyyən ərəb toplumlarında demokratiya şeytan əməli sayılır və iqtisadi resursların sümürülməsi üçün yaxşı vasitə hesab olunur. Üsyanların bir səbəbi də budur.”Ərəb baharı”nın ümidsiz sonluğu yeni “islam payızı”nı doğura bilər. 

Mübarəki devirənlər qaranlıq bir tunelin içində onun banklardakı vəd olunan milyardlarını almadan firon əleyhinə daş kəsəklə mübarizəyə qalxıblar. Ərəb tayfalarını bu yolla demokratiyaya gətirmək çətin olacaq. Qızılgül heç də həmişə uğur gətirmir. Təhrir meydanı hələ uzun müddət Misirin Mübarəksiz günlərinin mübarəksiz səhnəsi olaraq qalacaqdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az