Parlamentin qarşısında gözləyən polis qüvvələri və jurnalistlər bu gün prlamentin qarşısında mürtəce qanun layihələrinə etirazını bildirmək istəyən müxalifət fəallarının yolunu gözləməkdə ikən onlara gözlənilməz xəbər gəlib.
Reportyorumuz Fərahim İlqaroğlunun verdiyi xəbərə görə, avtobusla parlamentin qarşısına gəlmək istəyən müxalifətçilərin qarşısı Rusiya səfirliyinin qarşısında yol polisləri tərəfindən kəsilib. Yol polisləri sürücünün sənədini yoxlayaraq, onda "qüsurlar" tapıblar və avtobusun hərəkətinə imkan verməyəcəklərini bildiriblər. Müxalifət fəalları avtobuslardan enərək yağışın altında qalıblar və MM-in önünə alternativ nəqliyyat vasitələri və marşrutlarla yollanıblar. Onların bir qrupunun mindiyi avtobus başqa bir yol polisi briqadası tərəfindən saxlanılıb.
12.05. Əməkdaşımız Emil Salamoğlunun verdiyi xəbərə görə, Fəxri Xiyabanın yaxınlığında parlamentə doğru yürüşə başlayan bir qrup müsavatçı polis tərəfindən saxlanılıb.
12.10. Fərahim İlqaroğlunun verdiyi xəbərə görə, güclü yağış yağır parlamentin həndəvərində aksiya iştirakçılarını gözləyən jurnalistlər maşında, polislər isə açıq havada gözləyirlər.
12.15. Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılıdan aldığımız məlumata görə, İctimai Palatanın qərarı ilə bu gün parlamentin önündə aksiya keçirmək istəyən fəallar parlamentə aparan yolda polis qüvvələrinin və mülki şəxslərin müdaxiləsinə məruz qalıblar: "İlkin məlumata görə, 15-dək fəal saxlanılıb. Onların arsında Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli, Xeyrulla Balaxanılı, Fərahim Abbaslı, Elçin Abdullayev və başqaları olub. Saxlanılanların Yasamal rayon Polis İdarəsinin bölmələrinə aparıldığı bildirilib. Tutulanların siyahısı dəqiqləşdirilir".
12.30. Aldığımız məlumata görə, AXCP üzvləri "Elmlər Akademiyası" metrostansiyasının qarşısından H.Cavid prospekti ilə 250-300 metr məsafədə şüar səsləndirə-səsləndirə yürüş ediblər. Ancaq burada da polis onların qarşısını kəsib və fəallardan İlham Hüseyin, Saqif Qurbanov, Renad Nəcəfov, Əkrəm Babayev, Tahir Mirzəli və başqaları saxlanılıb.
Müsavat.com