Cinayət işini yekunlaşdıran istintaq KXCP sədrinin həbsi məsələsini faktiki olaraq həll edib
KXCP sədri Mirmahmud Mirəlioğlu yaxın günlərdə həbs oluna bilər. "Vətəninfo.az"ın "Avropa.info" ya istinadən verdiyi məumata görə, KXCP sədrinin həbs olunması ilə bağlı məsələ artıq həll olunub. Partiya lideri vergidən yayınmaqda ittiham olunur. Xatırladaq ki, bir qədər əvvəl "Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfərliyə qarşı Baş Prokurorluq yanında Korrupsiya İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 213.2.2 (vergidən yayınma) maddəsi ilə cinayət işi qaldırılıb və M. Mirəlioğlu şahid qismində istintaqa cəlb olunub. Əldə etdiyimiz məlumata görə, cinayət işini yekunlaşdıran istintaq M. Mirəlioğlunun həbsi məsələsini faktiki olaraq həll edib. Mənbənin məlumatına görə, KXCP sədrinin həbsi ən yuxarı səviyyədə həll olunub. Son vaxtlar M. Mirəlioğlunun əleyhinə KXCP-də təşkil olunan "qiyam" da onun "qələminin qırılması" ilə bağlıdır. Mənbə onu da bildirib ki, M.Mirəlioğlunun gözlənilən həbsinin gerçək səbəbləri vergidən yayınmaqla bağlı deyil. KXCP sədri ilə münasibətlərin korlanması müəyyən dairələrlə əldə olunmuş razılığı pozulması olub. Bir qədər əvvəl "Elçibəyin zəhərlənməsi" məsələsində istintaqa ifadə verən M.Mirəlioğludan gözlədikləri ifadəni ala bilməyən bəzi dairələr onu cəzalandırmaq qərarına gəlib. Mənbənin məlumatına görə, KXCP sədrinə qarşı tezliklə başqa maddələrlə də cinayət işi qaldırıla bilər. Bununla bağlı Baş prokurorluqda xüsusi istintaq qrupu da yaradılıb. Əgər həmin maddələrlə M.Mirəlioğlu müqəssir bilinərsə, onu uzun müddətə həbs cəzası gözləyə bilər. Mənbə onu da bildirib ki, hazırda KXCP sədrinin yaxınları onun ölkədən çıxarılması ilə bağlı tədbirlər planı üzərində işləyirlər.