“Mübariz də mənim bir oğlumdur” - EKSKLÜZİV

“Mübariz də mənim bir oğlumdur” - EKSKLÜZİV

İlhamə Quliyeva Mübariz İbrahimov adına mükafatın qalibi oldu

Bu gün 23 avqust tarixində Türk dünyasının sənət kraliçası, dünya sülh səfiri, Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət Akademiyasının prezidenti, xalq artisti, “Şöhrət”, “Şərəf” ordenli ustad sənətkar İlhamə Quliyeva Biləsuvar rayonuna səfər edib. Sənətkar milli qəhrəman Mübariz İbrahimovun valideynləri, ailə üzvləri, qohumları ilə görüşüb. ATV kanalında efirə gedən “Nə varsa” verilişində 16 avqust tarixində qonaq olarkən milli qəhrəman Mübariz İbrahimovun ailə üzvləri ilə görüşəcəyinə söz vermişdi. Bir həftədən sonra bu gün ustad sənətkar havaların isti keçməsinə baxmayaraq sözünün sahibi oldu və Biləsuvar rayonunda milli qəhrəmanın ailəsi ilə möhtəşəm görüşü reallaşdı.

Ustad sənətkar şəhid ailəsinin problemləri ilə maraqlandı və müntəzəm bu ailə ilə görüşəcəyinə söz verdi.

İlhamə xanımın söylədikləri: “Mübariz İbrahimov xalqımızın qəhrəman övladıdır. Hər zaman xalqımızın qəlbində yaşayacaqdır. Ermənilər Mübarizin simasında gördülər ki, bizim necə güclü oğullarımız var. Mübariz bu gündən mənim də bir oğlumdur. Tezliklə Mübariz İbrahimova həsr olunmuş mahnını tamaşaçılara təqdim edəcəm. Həmçinin mahnıya klip də çəkdirəcəyəm. Klipdə Mübarizin ailə üzvlərinə xüsusi yer ayıracağam”.

Milli qəhrəmanın atası Ağakərim İbrahimovun söylədikləri: “İlhamə xanımın bizə səfər etməsini yüksək qiymətləndirirəm. İlhamə xanıma çox inanıram. İnanıram ki, o, hər zaman səsində, sənətində, sözündə Mübarizi yaşadacaq. Böyük sənətkarın şəhid ailəsinə baş çəkməsi onun vətənpərvərliyindən xəbər verir”.

Görüşdə iştirak edən jurnalist Alim Nəbioğlu “Mətbuat” firması tərəfindən müğənninin təltif edildiyi Mübariz İbrahimov adına mükafat haqqında danışdı. Mükafatı İlhamə xanıma milli qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov təqdim edərək dedi: “Bu gün mən fəxrlə oğlum Mübarizin adını daşıyan mükafatı xalqımızın sevimli sənətkarı İlhamə Quliyevaya təqdim edirəm. İnanıram ki, İlhamə xanım çiyninə düşən ağır yükün məsuliyyətini anlayaraq daha da mübariz olub Mübarizi yaşadacaq və onu bir oğlu kimi sevəcək. Özü dediyi kimi “Mübariz də mənim bir oğlumdur””.

İlhamə xanım: “Mənə göstərilən etimada görə mükafatın təsisçilərinə və şəxsən Ağakərim bəy, sizə, yoldaşınıza təşəkkürümü bildirirəm. Çalışacağam ki, mükafatı şərəflə daşıyıb etimadınızı doğruldum”.


İlhamə xanım milli qəhrəmanın anası ilə də xeyli söhbət etdi. İki saatdan çox davam edən görüşdə YAP Biləsuvar təşkilatının sədri Kamil Mirzəyev, müavini Akif müəllim çıxış edərək İlhamə xanıma uğurlar arzuladılar.

Görüşdə tanınmış teleaparıcılar Zabir Əliyev, Lamiyə xanım, şairə Mehriban Bəylər qızı da iştirak edirdi. Görüşün sonunda İlhamə xanım Mübarizin doğulduğu evdə yaradılan guşə ilə tanış oldu, xatirə şəkilləri çəkdirdi. Sonda İlhamə xanım Biləsuvar rayonunun icra başçısı Mahir Quliyevə, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyevə təşəkkürünü bildirdi. Görüş maraqlı anlarla yadda qaldı. Hətta görüş zamanı İlhamə xanım dəfələrlə göz yaşlarının saxlaya bilmədi: “Mən Ali Baş Komandanıma, müdafiə nazirimə çox inanıram. Güclü ordumuz var. Bizi heç kim məğlub edə bilməz. Qələbə uzaqda deyil. Döyüşən əsgərlərimizin qarşısında oxumağa hazırlaşıram. Söz vermişəmsə, buna da əməl edəyəcəyəm. Mən vətənpərvər sənətkaram. Oxuduğum hər bir əsər döyüşən əsgərlərimizə ruh verirsə, deməli yaşamağa dəyər”.

Araz Hacıyev

Bakı-Biləsuvar-Bakı

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az