Azərbaycanın müstəqilliyinin yaşıdıyam! Şəxsiyyət vəsiqəmin lap yuxarısında böyük hərflərlə bütün ömrüm boyu qürur duyacağım bir kəlmə yazılıb: “AZƏRBAYCAN RESPUBLİKASI”. Bunu Tanrının mənim və yaşıdlarımın, eləcə də bizdən sonra doğulan həmvətənlərimin taleyinə yazdığı ən böyük xoşbəxtlik hesab edirəm. Çünki bizim nəsil MÜSTƏQİL AZƏRBAYCANın bağrından yetişib! Biz başımızın üstündə heç bir imperiyanın ağalığını görməmişik!..
Müstəqil Azərbaycan dövlət kimi çox gəncdir. Amma “bu gənc” 24 yaşında çox böyük uğurlara imza atıb. “Mənim yaşıdım” müstəqillik illərində millətin, xalqın taleyi üçün misilsiz əhəmiyyət kəsb edən bütün sahələrdə elə böyük nailiyyətlər qazanıb ki, onları qalın-qalın kitablara sığışdırmaq mümkün deyil. Hətta tezislər üçün belə kitablar bəs etməz!..
Mən “YAŞIDIM”la bərabər “böyümüşəm”. Müstəqil Azərbaycan gözlərimin önündə sürətlə dəyişib və yeniləşib, yenidən qurulub! 24 illik müstəqil inkişaf yolunun ən parlaq göstəricisi həm də odur ki, bu gün Azərbaycan, təkcə siyasi-iqtisadi cəhətdən qüdrətli dövlət deyil, neft-qazı ilə məşhur deyil, həm də mədəniyyəti, milli dəyərləri, mənəvi, mədəni sərvətləri, tolerantlığı, sülhsevərliyi, insanlarının istedadı və intellektual imkanları ilə dünyanın diqqətindədir! İlk Avropa Oyunlarına möhtəşəm ev sahibliyi ilə də tarixə qızıl imzasını atan Azərbaycan bir daha hər birimizin qürur mənbəyinə çevrildi! 24 ildə qazanılan uğurların daha bir təntənəsi yaşatdı bizə!..
“Qoy çırağımiz sönməsin!..”
“...Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!..” Ulu öndər Heydər Əliyevin arzusu idi bu. Və söyləndiyi gündən də bir dua kimi asıldı Azərbaycanın başı üstündən! Tanrı eşitdi bu duanı! Çaylarımız daha gur axdı, ağaclarımız bir boy da ucaldı, çırağımız daha gur yandı!.. Və “Azərbaycan dünyaya Günəş kimi” doğdu!..
“Tanrı Azərbaycanı hər zaman qorusun!..”
Əgər belə olmasaydı, bu gün dünya bu Günəşin ətrafına cəm olmazdı! Cəm olub da bu Günəşin alovundan od almazdı! Bu Günəşin parlaqlığından gözləri qamaşmazdı! Bu Günəşin möhtəşəmliyini etiraf etməzdi!.. Və bütün bunların fonunda ürəkləri titrədən daha bir duanı eşitməzdi: “Tanrı Azərbaycanı hər zaman qorusun!..” I Avropa Oyunlarının açılış mərasimində səslənən, yalnız 68 minlik auditoriyanın deyil, dünyanın eşitdiyi bu dua tək mənim yox, milyonların gözünü yaşartdı, ruhunu silkələdi. Azərbaycanın Birinci xanımının bu alqışı Ulu öndərin o duasından bu yana məmləkətimiz üçün eşitdiyim ən səmimi dua idi – Ana duası kimi... I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın “Sülhü, dostluğu və həmrəyliyi qeyd etmək üçün Bakıya, Azərbaycana xoş gəlmisiniz!” fikri isə ölkəmizin, xalqımızın xoş məramını, xoş niyyətini, sülhsevərliyini bir daha dünyaya çatdırdı...
120 ölkədə canlı yayımlanan I Avropa Oyunlarının açılış mərasimini mən də televizorla izlədim. Buna sadəcə “izləmək” demək, insafsızlıq olardı. Çoxdandır, televiziya qarşısında hansısa proqramı, yaxud canlı yayımı bu cür nəfəs dərmədən, göz qırpmadan, böyük maraq və həyəcanla, sevinclə, qürurla, göz yaşı ilə izlədiyim ağlıma gəlmir. Heç vaxt heç bir Olimpiya oyunlarının açılış mərasimindən bu qədər zövq almamışdım. Özündən əvvəlki anoloji tədbirlərdən dərin fəlsəfi mənası ilə fərqlənən bu bənzərsiz təqdimat Azərbaycanın qüdrətini, Azərbaycan insanının hansı fövqəl imkanlara malik olduğunu göstərdi dünyaya. Azərbaycanın 5 min illik dövlətçilik tarixini dünyanın gözü önündə səhifələdi. Qədim tarix və mədəniyyətimizi, ədəbiyyat və musiqimizi, milli dəyərlərimizi, milli elementlərimizi, simvollarımızı möcüzələrlə təqdim etdi dünyaya. Və sadəcə, çox mükəmməl...
YAP Gənclər Birliyinin Şura üzvü