Dünən Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının sədrn müavini, icra katibi Əli Əhmədov və icra katibinin müavini Siyavuş Novruzov müxalifətin ünvanına sərt ittihamlar səsləndiriblər. Millət vəkili Ə.Əhmədov deyib ki, Beynəlxalq İnsan Hüquqları Günündə müxalifət gəncləri küçələrə çıxarmaqla icazəsiz aksiya keçirməyə cəhd göstərib: “Müxalifətin bu addımları yolverilməzdir. Müxalifətin Azərbaycanın imicinə kölgə salmaq, zərbə vurmaq məqsədi ilə az sayda gəncləri küçələrə çıxararaq, şuluqluq salmaq istəyirlər. Bununla da Azərbaycanda insan hüquqlarının pozulması haqqında təsəvvür yaratmaq istəyirlər. Bu cəhdləri qətiyyətlə pisləmək lazımdır. Bunu Azərbaycan vətəndaşları da qətiyyətlə pisləyirlər ”.
Millət vəkili Siyavuş Novruzov isə müxalifət partiyalarında təmsil olunan bir qrup şəxs tərəfindən dekabrın 10-da paytaxtın mərkəzində keçirilən aksiyalara münasibət bildirib: «Bir neçə nəfər öz sürücüsünü, cangüdənini şəhərin mərkəzinə göndərənlər, şuluqluq salanlar ermənidən yaxşı deyil. Bunlar 20 ildir eyni sözü deyirlər. Bu adamlar üçün xalq, millət, dövlət anlayışı yoxdur. Onlar yalnız özlərini düşünürlər”.
S.Novruzov həmçinin İctimai Palatanın keçirdiyi aksiyanı “uşaq şıltaqlığı” adlandırıb. Deputat müxalifət nümayəndələrini sərt tənqid edərək onların ermənilərdən fərqlənmədiyini bildirib: «Hətta “Eurovision” vaxtı bir qrup jurnalisti aparıb Bakının Əhmədli, Günəşli qəsəbələrini göstərmək ermənilikdən fərqlənməyən bir məsələdir. 20 ildir bu insanlar hərəkətlərini eyniliklə təkrarlayırlar. Hətta Azərbaycan BMT-yə daxil olan zaman bunlar Bakıda mitinq keçirdilər. Hansı ki, Azərbaycanın BMT-yə daxil olmağımız müstəqil dövlət kimi tanınmamız demək idi. Bu hər hansı hakimiyyətlə bağlı məsələ deyil. Belə adamlara Azərbaycanda yer yoxdur».
Firudin