“Xətai Tikinti Mexanizasiya” Açıq Səhmdar Cəmiyyətinin binası hərraca çıxarıldı
“Vergilər” qəzetinin 19 sentyabr 2012-ci il tarixli sayında “Xətai Tikinti Mexanizasiya” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Zığ şosesi,18 ünvanda yerləşən inzibati binasının hərraca çıxarılması barədə bildiriş dərc olunub. Cəmiyyətin vergi borcları üzündən indiyədək ümumi sayı 50-dən yuxarı olan maşın və mexanizmləri hərraca çıxarılıb və dəyər-dəyməzinə satılıb.
Vergilər Nazirliyinin hərracların keçirilməsi qaydalarına müvafiq olaraq, ilk 3 hərracda müştəri tapmayan əmlaklar ilkin qiymətləndirmə dəyərindən 40 faiz aşağı qiymətə satılıb. Səhmdarlar güman edirlər ki, bu proseslər minoritarlara (kiçik səhmdarlar) qarşı cızılmış pərdəarxası oyunun tərkib hissəsidir - ASC-nin aktivləri məqsədli şəkildə digər qurumlara verilir.
Oktyabr ayının 18-ə təyin olunan hərrac elanına görə, “Xətai Tikinti Mexanizasiya” ASC-nin əmlakı alıcılara 65 min manata təklif olunacaq.
Söhbət cəmiyyətin ümumi sahəsi 359,9 kvadrat metrlik 3 mərtəbəli inzibati binasının 2-ci mərtəbəsindən gedir. Məhkəmə icraçıları nədənsə məhz bu sahənin satılmaq üçün qiymətləndirilməsini “Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi xidməti” MMC-dən tələb ediblər. Sahəsi 109,8 kv.m olan ikinci mərtəbəyə qiymətləndiricilər 65 min manat qiymət kəsib. Yəni, hər kvadrat metrə təxminən 592 manat qiymət qoyulub. Kiçik səhmdarlar ehtiyat edirlər ki, işlər əvvəlki ssenari üzrə (əmlakın ucuzlaşdırma mərhələlərini keçməsi -red.) gedə bilər.
“Xətai Tikinti Mexanizasiya” ASC-nin Vergilər Nazirliyinə olan borcu 34 min 502 manat 9 qəpik təşkil edir. Səhmdar cəmiyyəti bəzi icarə münasibətlərini nəzərə almasaq, faktiki olaraq fəaliyyət göstərmir. Səhmdarların isə baş verənlərdən xəbəri yoxdur. Belə ki, qanunvericiliklə müəyyən olunmuş müddət bitsə də, ASC-nin Müşahidə Şurası ümumi yığıncağın keçirilməsini təmin etməyib və səhmdarlar onun maliyyə durumundan məlumatsızdırlar.
“Xətai Tikinti Mexanizasiya” ASC-nin nəzarət səhm zərfləri Sənaye və Energetika Nazirliyində yüksək vəzifə tutan Ramiz Rzayevə yaxın şəxslərin adınadır. Cəmiyyəti faktiki o idarə edir. Bəzi məlumatlara görə, R.Rzayev sadəcə görüntüdür. ASC-nin real sahibi sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevdir. Sadəcə nazir ehtiyatlı davranaraq oğlunun səhm paketinə rəsmən sahib çıxmasına imkan verməyib, səhmləri özünə yaxın şəxslərin adına sənədləşdirib. Oğlu Fərhad Əliyevin adına isə yalnız səhmlərin 10 faizini rəsmiləşdirib.
Onu da qeyd edək ki, ARDNŞ-in sosial obyektlərinin tikintisi ilə məşğul olan trestin bazasında yaradılan ASC məhz N.Əliyevin Dövlət Neft Şirkətinə rəhbərlik etdiyi illərdə özəlləşdirilib. 2006-cı ilə qədər, yəni Rövnəq Abdullayev ARDNŞ-in prezidenti təyin olunana qədər ASC Neft Şirkətinin iri məbləğli sifarişlərini yerinə yetirib. Ancaq 2006-cı ildən - yəni Rövnəq Abdullayev ARDNŞ-in başına gətiriləndən sonra uğursuzluqlar zolağına düşüb. Bəzi məlumatlara görə, N.Əliyevlə R.Abdullayevin münasibətləri sərin olduğu üçün bu, şirkətlərarası əlaqələrə də təsirsiz ötüşməyib. ARDNŞ hətta məhkəmə qərarlarının olmasına baxmayaraq ASC-yə olan borclarını ödəmir. Bununla belə, fəaliyyətsiz olan ASC-nin əmlakının talan edilməsi və kiçik səhmdarların oyundan çıxarılması bu günə qədər davam edir.
Məsələn, 2010-cu ildə N.Əliyevin iradəsi ilə ASC-yə məxsus olan və təxminən 1,5 hektar sahəni əhatə edən Maştağa istehsalat sahəsi 15 faiz səhm qarşılığında cəmiyyətdən ayrıldı. Minoritar səhmdarlar bu sövdəyə gedərkən iri səhmdarların sözçüsü kimi çıxış edən Sahib Qasımov onları arxayın salmağa çalışdı ki, bu əməliyyatdan sonra cəmiyyətin təsərrüfat fəaliyyəti canlanacaq. Lakin vəziyyət daha da ağırlaşmaqdadır.
Səhmdar Vüqar İsmayılov Səhm.az saytına bildirib ki, maliyyə vəziyyətini dalana salmağın hədəfi səhmdar cəmiyyətinin dəyərini, dolayısı ilə səhmlərinin bazar qiymətini “öldürməkdir”. Belə ki, bir neçə il öncə səhmdarlarına dividend verən, qiyməti 4 manata çatan səhmlər üçün indi heç 2 manat da vermirlər. Məqsəd səhmdarları səhmləri süni surətdə ucuz qiymətə satmağa vadar etməkdir. Bir sözlə, ASC-nin gerçək sahibləri kiçik səhmdarları təhrik edirlər ki, onların səhmlərinə dəyər-dəyməzinə sahib çıxa bilsinlər.
Musavat.com