NAZİR ƏVƏZİ SABİQ NAZİRİN KADR SİYASƏTİNİ TƏNQİD ETDİ - "Çoxlu qüsurların şahidi oluruq"
"Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və formalaşdırılması önəmlidir. Bu çox zəruri və əhəmiyyətli məsələdir. Qısa zaman ərzində mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili ilə məşğul olmuşuq” .
"Report” xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli deyib.
"Artıq təyinatımdan iki ay keçib. Bu müddət ərzində tam şəkildə mədəniyyət sferasında baş verən prosesləri, infrastruk, kadr potensialı ilə bağlı təhlil mərhələsindən keçməkdəyik. Problemlərlə daha yaxından tanış oluruq. İnstisional səviyyədə problemləri gördükcə bu sahədə çoxlu qüsurların mövcud olduğunun şahidi oluruq. Mədəniyyət sahəsinə hökumət tərəfindən hər zaman xüsusi diqqət və qayğı var", - o bildirib.
A.Kərimli söyləyib ki, hər hansı səbəbdən kadr yanaşmaları fərqli istiqamətdə olub. Onun sözlərinə görə, xüsusilə də burada subyektiv səbəblər çoxdur: "Bu sahədə geniş müzakirələrə ehtiyac var. Qeyri-maddi mədəni irs sahəsi tək Mədəniyyət Nazirliyinin sahəsi deyil. Problem ondan ibarətdir ki, cəmiyyətin bu sahəni ayrı və fərqli kateqoriya kimi kənardan müşahidə etmək yanaşması var. Amma bu bizim bəlamızdır. Cəmiyyətin hər bir üzvünün əsas istəyi məhz mədəniyyət sahəsinin inkişafı olmalıdır. Aidiyyəti şəxsləri bu işə cəlb etməsək bu prosesdə hər hansı uğurun qazanılmasından və irəliləməsindən söhbət aça bilmərik".
"Mədəniyyət sahəsində olan qanunvericiliyin sistemləşdirilməsinə ciddi ehtiyac var. Çünki burada parakəndəlik mövcuddur" - deyə, Adil Kərimli parlamentdə "Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qeyri-maddi sözü "əllə toxunula bilməyən” mənasını verir: "Bu sözün Azərbaycan ekvalentinə uyğun doğru anlayışı əhatə edən termin tapa bilsək böyük uğur olar. Bununla həm Azərbaycan dilinin inkişaf etdirilməsi, həm də gələcəkdə qanunvericilikdə daha doğru, səlist ifadəsinə zəmin yaratmış olarıq”.
A.Kərimli bildirib ki, bəzən eyni anlayışı ifadə etmək üçün bir neçə termindən istifadə olunur: "Bu da ən ciddi problem yaradan məqamlardan biridir. Cəmiyyətdə və qanun tədbiq edən şəxslər üçün qanunu oxuyub anlamaq istəyən sadə insanlar üçün bu çox çaşqınlıq yaradır. Eyni mənada eyni məfhumu ifadə etmək üçün bir neçə terminlərin istifadəsi yanlış yanaşmadır. Daftoloji yanaşmalardan uzaqlaşmağa da ehtiyac var. Mədəniyyət nazirliyinin mövqeyi budur. Qanun layihəsinin müzakirəsi və gündəmə çıxarılması aktualdır. Ancaq layihənin üzərində işlənilməsinə ehtiyac var”.