“Nazirə gündə on dəfə zəng edib problemlərimi dilə gətirərəmsə...”
Adil Əliyev: "Heydər Əliyevin hakimiyyətə gəldiyi ildə dünyaya gəlmişəm...”
Vətəninfo.az millət vəkili Adil Əliyevin Arqument.az-a verdiyi müsahibəsini təqdim edir:
- Adil bəy, seçkiyə hazırlıq nə yerdədi?
- Seçkiyə gərək 21 günlük təbliğat-təşviqat vaxtı hazırlaşmayasan. 21 günə seçiciyə nə özünü tanıtdıra, nə də gördüyün işlər haqqında məlumat verə bilərsən.
- Əvvəlki illərlə müqayisədə nə dəyişiklik var?
- Çox az adam ərazimizə köçüb, ya da burdan gedib. Yeni gələnlərlə tanışlığımız olur. Seçki texnologiyamız yaxşıdır. Düşünürəm ki, istənilən rəqibə qalib gələ bilərik.
- Belə başa düşdük ki, seçkiyə rahat şəkildə, arxayınlıqla gedirsiniz...
- Bəli, çox rahat. Özümə arxayın olmasaydım, seçicilərlə ünsiyyət qura bilməsəydim, verdiyim vədləri yerinə yetirməsəydim hər hansı çətinlikə üzləşərdim. Verdiyim bütün vədlər, görüşdüyüm zaman dediyim sözlər hamısı yadımdadır. Biz insanlara görmədiyimiz işlər barədə vədlər verməmişik.
- Sizin vədləriniz nə olub?
- O problemləri var ki, onların həlli millət vəkilinin səlahiyyətləri çərçivəsindədi bunun vədini vermişik. "Sizi işlə təmin edəcəm”, "banklara borcunuzu ödəyəcəm” kimi vədlər verməmişəm. Bu cür işlər nə mənim səlahiyyətimdədi, nə də gücüm çatar.
- Bəzi deputatlar dövlət qurumlarını onları eşitməmələriylə bağlı gileylənirlər. Siz belə problemlərlə rastlaşmırsınız?
- Rayon səviyyəsində, rayon icra hakimiyyətilə bağlı heç bir problemimiz yoxdur. O ki qaldı nazirlik məsələsinə, mən əgər hər hansı bir nazirə gündə on dəfə zəng edib problemlərimi dilə gətirərəmsə, hansısa işimi, qohumu işə düzəltməsini, müalicəmi öz üzərlərinə götürmələrini istəyirəmsə təbii ki, buna görə nazir, yaxud da onun müavini telefonu açmaz. Onun mənə borcu yoxdur. Ancaq bəzi nazirliklər var ki, millət vəkillərinə seçicilərin problemləriylə bağlı cavab vermirlər. Bu faktlar var. Mən heç vaxt həll edilməyəcək problemlə bağlı hər hansı nazirliyə müraciət etmirəm. Çalışıram ki, məsələni özüm yoluna qoyum, nəinki hansısa məmurun qapısının ağzında oturub onu gözləyim, yaxud da qarşısında gözükölgəli olum.
- Maraqlıdır, YAP sizin dairənizdən güclü rəqibin namizədliyini irəli sürmür...
- YAP güclü namizədlərini başqa dairələrə göndərir. YAP bilir ki, burada dövləti dəstəkləyən bitərəf insandır. YAP-ın üzvü olmasam da, İlham Əliyevi siyasətini dəstəkləyirəm. Biz dönmələrdən deyilik. Heç bir partiyanın üzvü deyilik, heç bir partiyaya xidmət etməmişik. Doğuluşdan əliyevçi olmuşuq.
- Səhv etmirəmsə 1969-cu ildə doğulmusunuz...
- Bəli, Heydər Əliyevin hakimiyyətə gəldiyi ildə dünyaya gəlmişəm... Bu gün sabit, stabil ölkədə yaşayırıq. Mən demirəm ki, hər şey idealdır, ancaq Suriyaya, İraqa, Əfqanıstana baxın.
- Niyə həmişə müqayisə Suriyayla, İraqla aparılır? Bir dəfə də olsun Norveçlə, İsveçlə müqayisə edilmir?
- Bir ayağı olmayan adam sağlam olan insana baxır, həsəd aparır. Ancaq o iki ayağı olmayan adamı düşünməlidir. İki ayağı olmayan bir ayağı olmayana həsəd aparmamalıdır, o, ayağı, əli olmayanlara baxıb təsəlli tapmalıdır. Əvvəllər Bağırov adına körpümüz vardı. Hamı ondan danışırdı. İndi bu qədər körpülər var, heç kim bu barədə danışmır.
- İndi o çoxlu körpülərin altında insanlar dayanıb iş gözləyir. "Qul bazarı"na dönüb...
- Keçid dövründə təhsil almayan insanların yaşadığı bir zamana gəlib çıxmışıq. Bir müddət sonra indi təhsil alanların dövrü olacaq. Onda qul bazarı da olmayacaq.
- Təhsil alanların hamısı iş tapa bilir ki?
- Bu gün elə bilirsən ABŞ-da qul bazarı yoxdur? Nyu-Yorka getmişdim. Hava limanında düşmüşəm deyirəm bura Nyu Yorkdur? Dostlar deyir ki, hə, bura Nyu-Yorkdur. Soruşuram ki, hanı bunun hündür binaları, göydələnləri? Müəyyən yol gedəndən sonra gəlib çıxırıq həmin ünvana.
- Hava limanın yanında hündür mərtəbəli bina tikilə bilməz. Uçuşa mane olar...
- Söhbət ondan getmir... Yəni deməyim odur ki, hər yer gülüstanlıq deyil. Bəli, bizim problemlərimiz var. Bu gün mənim kimdənsə xoşum gəlmirsə, zəhləm gedirsə, ad çəkərəm.
- Buyurun, ad çəkin...
- Çəkə bilmərəm, çünki mənim öz qabiliyyətim var. Dəfələrlə mətbuatda demişəm, bu gün elə nazirliklər var ki, onlar ildə beş-altı kasıbın balasını xaricə göndərsəydi, bir müddət sonra həmin adamlar mütəxəssis kimi qayıdardılar. Bir dəfə sxemi cızardı, yollar bir dəfə təmir təmir olunardı, vəssalam. Hər ay söküb-dağıtmaq olmazdı. O cümlədən başqa sahələrdə də uğurlar qazanardıq. Bir daha təkrar edirəm, mən hər şeyin ideal olduğunu söyləmirəm. Təbii ki, problemlər var, ancaq hər şey yavaş-yavaş yoluna qoyulacaq.