Niderlandda diasporumuzun zəif olmasının səbəbi nədir?

Niderlandda diasporumuzun zəif olmasının səbəbi nədir?

Vüqar Abbasov: "Biz özümüzü burada hələ də lazımi kimi təqdim edə bilməmişik"


Çoxsaylı azərbaycanlının yaşadığı Avropa ölkələrindən biri də Hollandiyadır. İnkişaf etmiş Avropa ölkəsi olan Hollandiya ilə Azərbaycan arasında iqtisadi, siyasi, turizm, texnologiya, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsi vacibdir ki, bu məsələdə də diasporun böyük rolu var.

Hollandiyada Azərbaycan kifayət qədər tanınırmı? Bu ölkənin Azərbaycana marağı nə qədərdir? Bu və digər məsələlərə Beynəlxalq və Hollandiya Jurnalistlər İttifaqının üzvü, politoloq Vüqar Abbasov müsahibəsində aydınlıq gətirdi:

- Mən burada vaxtaşırı görüşlər keçirirəm. Bu günlərdə, üzvü olduğum On File jurnalistlər birliyindən olan jurnalistlərlə birlikdə Niderland parlamentində olduq. Orda Niderlandın çox tanınmış jurnalisti cənab Maks de Bok (Max de Bok) və PvdA-dan (işçi partiyası) olan millət vəkili, xanım Lütz Jakobi (Lutz Jacobi) ilə çox maraqlı görüşlərimiz oldu. Həmən görüşlərdə Azərbaycanla bağlı xüsusi olaraq heç bir söhbət getmədi. Ancaq bu yaxınlarda adlarını çəkdiklərimin hər biri ilə ayrıca görüşmək fikrindəyəm.

- Hollandiyada Azərbaycan diasporunun səviyyəsini necə şərh edirsiniz?

- Niderlandda çox müxtəlif düşüncəli insanlarımız yaşayır. Hər dəfə də qeyd etdiyim kimi, vaxt və digər baxımlardan, burda təşkil olunan bütün tədbirlərə qatıla bilmirəm. Müşahidə etdiyim bir şey var ki, biz fəaliyyət deyəndə yalnız mitinqləri nəzərdə tuturuq. Digər fəaliyyətlər hiss olunmayacaq dərəcədə azdır. Mən öncələr də demişəm, indi də təkrar edirəm ki, mitinqlər də lazımdır. Sadəcə, mitinqlər də məqsədə çatmağa bir vasitə olmalıdır. Mitinqləri məqsəd seçmək olmaz. Bizə nəticə lazımdır. Varmı nəticə? Bunu sizlər də görürsüz.

- Yerli qəzetlərdə Azərbaycanla bağlı hansı məlumatlar yer alır? Bu istiqamətdə fəaliyyət göstərirsinizmi?

- Bu sualınız həmən mən dediyim digər fəaliyyət sahələrinə aiddir. Təəssüf ki, yerli mətbuatda Azərbaycanla bağlı xoşa gəlməyən materiallar gedir. Bunlar bəzən obyektiv olur, bəzən isə yox. Biz özümüzü dünyaya, eləcə də Niderlanda hələ də lazımi kimi təqdim edə bilməmişik. Dünya və həmçinin Niderland mətbuatı özü bizim ölkəyə nəzər salır, bəzən obyektiv, bəzən də qərəzli materiallar verirlər. Hələlik bizim təqdim etdiyimiz çox az şeylər var. Mən öz tərəfimdən, az da olsa, addımlar atmağa çalışıram. Yaxın zamanlara bəzi planlar hazırlayıram.

- Qarabağ məsələsi, Xocalı soyqırımı və digər milli məsələlərlə bağlı Azərbaycan dasporu tərəfindən hansı adımlar atılır?

- Təəssüf ki, dediyiniz məsələlərdə erməni diasporu hücumdadır. Biz müdafiə tərəfiyik. Hər vaxtkı kimi, onlar addımlar atır, biz isə mitinq keçirir və etiraz edirik. Bu yaxınlarda Niderland televiziyalarının birində Qarabağı erməni əraziləri kimi göstərən veriliş yayımladılar. Biz də adəti üzrə mitinq keçirdik. Mən mitinqə çıxanları alqışlayıram, onların zəhmətini yerə vurmaq istəmirəm. Zamanım olsa idi, mən də qatılacaqdım. Ancaq bununla yanaşı, başqa addımlar da atmaq lazımdır ki, hazırda bununla məşğulam. Xocalı soyqırımı ilə bağlı hər il 26 fevralda Den Haaqda soqırıma ucaldılmış abidənin önündə mitinq edir və səsimizi eşidəcəklərinə ümid edirik.

- Türkiyə diasporunun Azərbaycan diasporu ilə birgə fəaliyyəti qaneedicidirmi?

- "Yox" - desəm, deyəcəklər ki, bu hər şeyə tənqidi yanaşır. "Hə" - desəm, yalan olar. Tədbirlərə qarşılıqlı olaraq qatılmamız azdır. Baxmayaraq ki, düşmənimiz də, dostumuz da eynidir, yenə də çox vaxt bir yerdə ola bilmirik. Bərabər oturub söhbət etməyimizə ehtiyac var. İlk addımı atmaq lazımdır. Bütün məsələlərdə olmasa da, bir çox halda bir yerdə addımlar ata bilərik və bunu etməliyik. Bu məsələ ilə bağlı da bu yaxınlarda bəzi görüşlər nəzərdə tutmuşam.

- Amma birgə fəaliyyətin yüksək səviyyədə olduğu bildirilir.

- Düşünürəm ki, biz pafoslu sözlərdən çəkinməliyik. Yalandan, iş görmədən özümüzü reklama son verməliyik. Oturub düşünməliyik ki, düşmənimizə qarşı nələr edə bilərik. Ölkəmizi necə və hansı formada təbliğ edə bilərik. Konkret məqsəd, strategiya olmalıdır. Sonra vasitələri düşünməliyik



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az