İnsan Hüquqları Komitəsinin tərkibinin seçilməsi və fəaliyyət mexanizmi - Elmi məqalə
Səftər Rəhimli
[email protected]
III yazı
Prosedur qaydalara uyğun olaraq Komitə keçirdiyi həm növbəti (ümumi),
həm də xüsusi sessiyaları müəyyən bir ardıcıllıqla həyata keçirir.
Prosedur qaydalara görə xüsusi sessiyalar Komitənin qərarı əsasında
çağırılır. Xüsusi sesiyalar bir qayda olaraq Komitə Sədirinin təşəbbüsü
və digər üzvlərilə məsləhətləşməsi nəticəsində ümumi sessiyalararası
dövrdə çağırıla bilər. Bununla bərabər xüsusi sessiyalar iştirakçı
dövlətlərdən hər hansı birinin , həmçinin Komitə üzvlərinin
əksəriyyətinin tələbi üzrə çağrıla bilər. Xüsusi sessiyanın gündəliyi
öncədən müəyyən edilir və Komitənin müvafiq fəaliyyəti də xüsusi
sessiyanın gündəliyi ilə məhdudlanır. Prosedurun 6-cı Qaydasına uyğun
olaraq növbəti sessiyalların gündəliyi Baş katib tərəfindən Komitə Sədri
ilə məsləhətləşməklə müəyyən edilir. Belə bir məqama da diqqət
yetirilməlidir ki , sessiyaların başlanması ilə komitə gündəliyi
dəyişmək səlahiyyətinə də malikdir. Eyni zamanda xüsusi əhəmiyyət kəsb
edən, gecikdirilməsi mümkün olmayan müddəalar da gündəliyə daxil edilə
bilər. Belə bir hal onunla əlaqədardır ki, bütün konvension orqanların
fəaliyyət miqyası davamlı olaraq genişlənməkdədir, onlar tərəfindən
müzakirə edilən hesabatların, əldə edilən məlumatların sayı artdıqca
onların fəaliyyət sərbəstliyi də artmaqdadır. Gündəliyə bir qayda olaraq
Komitənin əvvəlki sessiyalarda nəzərədə tutulmuş; Pakt iştirakçısı olan
dövlət tərəfindən təklif edilən; Komitə üzvlərindən hər hansı biri
tərəfindən təklif edilən; Paktla, Fakultativ Protokolla və ya Komitənin
Prosedur qaydaları ilə Baş katibin funksiyalarına aid edilmiş və Baş
Katib tərəfindən irəli sürülən məsələlər daxil edilir. İfadə edilən
gündəlik məsələlər BMT Baş Katibi vasitəsi ilə Komitəyə yönəldilir.
Prosedur qaydaya uyğun olaraq Komitə üzvləri gündəlik məsələlərlə bağlı
sənədləri sessiyanın başlanmasına 6 həftə qalmış əldə edirlər. Komitənin
iclasları onun işçi və rəsmi dillərində aparılır. Komitənin rəsmi
dilləri kimi ingilis, fransız, ispan, ərəb, rus və çin dilləri qəbul
edilib. İşçi dilləri kimi isə çin dili istisna olmaqla ifadə etdiyimiz
digər dillər qəbul edilib. Rəsmi və işçi dillərin bölgüsü qəbul edilən
aktların səviyyəsi ilə bağlıdır. Bütün rəsmi qərarlar Komitənin rəsmi
dillərində dərc edilir. Digər sənədlər, o cümlədən Komitənin iclasları
haqqında hesabatlar işçi dillərində dərc edilir Komitənin qərarı ilə
rəsmi sənədlər digər rəsmi dillərdə də dərc edilə bilər. 48-ci Qaydaya
görə Komitə üzvləri tərəfindən təklif edilən məsələ səsverməyə kimi geri
götürülə bilər, bir şərtlə ki, həmin məsələ müzakirəyə daxil edilməsin
və yaxud da ona hər hansı bir düzəliş, əlavə irəli sürülməsin. Geri
götürülmüş məsələnin, təklifin yenidən müzakirəyə təqdim edilməsi
istisna edilmir. Lakin həmin təklif artıq yeni üzv tərəfindən irəli
sürülməlidir. 49-cu Qaydaya uyğun olaraq təklifin qəbulu və ya rədd
edilməsindən sonra onun yenidən baxılmasına həmin sessiyada Komitənin
müvafiq qərarı əsasında yol verilir. Bu mərhələ bir növ məhkəmə prosesi
üçün xarakterik olan çəkişmə prinsipi əsasında təmin edilir. Təklifə
yenidən baxılmasına icazə verilməsi üzrə iki natiqə imkan verildiyi
kimi, iki natiqə də bu təklifin əlehinə danışmaq imkanı verilir. Bundan
sonra məsələ səsverməyə qoyulur. Qəbul edilmiş qaydaya görə Qaydalarla
və Paktla başqa hal nəzərdə tutulmazsa, təqdim edilən məsələ səsverməyə
qoyulmadan öncə konsensus yolu ilə həll edilməlidir. Lakin bu hal
Komitənin işinin ləngiməsinə səbəb olmamalıdır. Qeyd edilən halı da
nəzərə almaqla Sədr istənilən üzvün xahişi ilə təklifi səsə qoymalıdır.
Səsvermə həm gizli, həm də əl qaldırımaqla həyata keçirilir. Bu və ya
digər üzvün tələbi ilə adlı səsvermə də keçirilə bilər. Adlı səsvermə
üzvlərin soyadlarının əlifba qaydasına uyğun həyata keçirilir. Bu zaman
səsvermədə iştirak edən hər bir Komitə üzvünün necə səsverməsi iclasın
hesabatında öz ifadəsini tapır. Səsvermənin özünün keçirilməsi ilə bağlı
iclasın aparılması qaydası üzrə də istənilən ekspert, Komitə üzvü
səsverməni dayandıra bilər. İrəli sürülən təkliflər üzrə obyektivliyi
tam təmin etmək məqsədilə təkliflərin hissələndirilməsi və onların hər
biri üzrə ayrı-ayrılıqda səsvermənin keçirilməsi mümkündür. Xüsusən də,
üzvlərdən hər hansı biri tələb edərsə, təklif ayrı-ayrı hissələrdə səsə
qoyula bilər. 55-ci Qaydaya uyğun olaraq təklifin qəbul edilmiş
hissələri bütövlükdə səsə qoyulmalıdır. Təklifə düzəliş ifadə edildikdə
bu düzəliş ilk öncə səsə qoyulmalıdır. Düzəlişlərin çoxalması halında
daha fərqli xarakter kəsb edən düzəlişlər səsverməyə qoyulur. Təkliflər
üçün də müəyyən təsnifatlandırma mümkündür. Belə ki, əgər bir təklif
digər təklifə əlavə, düzəliş və ya ona istisna gətirirsə bu halda o özü
düzəliş kimi qəbul ediləcək . İstənilən halda təklif və düzəlişlər
müəyyən ardıcıllıqla, səsverməyə qoyulmaqla qəbul edilir və ya rədd
edilir. Konkret məsələ üzrə müxtəlif təkliflər edildiyi halda Komitə
əgər qərar qəbul etməzsə, bu təkliflərin irəli sürülməsi qaydasında
səsvermə keçirir. Komitə təkliflərin ardıcıllığı zamanı bir təklif üzrə
səsvermədən sonra növbəti təklifin səsverməyə qoyulub-qoyulmamasını həll
etməkdə də sərbəstdir. Lakin 57-ci qaydanın 3-cü hissəsinə görə irəli
sürülmüş təklifin mahiyyəti üzrə heç bir qərar qəbul edilməməsini tələb
edən istənilən vasitə birinci sırada baxılır. Maraqlı məsələlərdən biri
gündəlikdəki hər hansı bir məsələ ilə bağlı müzakirə digər ekspertlərin
olmaması səbəbindən dayanarsa, sədr müzakirənin kəsilməsi haqqında
bəyanat verir. Belə bir qərar komitənin mövqeyi kimi qəbul edilir. Qeyd
etmək lazımdır ki , Komitədə müzakirələrin keçirilməsi müəyyən aspektdə
yetkil sayıla bilməz . Xüsusən də, çatışmazlıq kimi istənilən məsələnin
müzakirəsi zamanı hər bir üzv tərəfindən iclasın dayandırılması haqqında
vəsatətlə çıxış etməsi və bu çıxışın müzakirə edilmədən səsverməyə
qoyulması qeyd edilməlidir. Məsələnin daha səmərəli həlli üçün Komitədə
müzakirələrin məhkəmə prosedur qaydasına yaxınlaşdırılması daha doğru
olardı. Belə bir müzakirə mexanizmi gələcəkdə İnsan Hüquqları üzrə
Beynəlxalq məhkəmənin təsisinə də şərait yaratmış olar. Son.