Oddan çıxan icra başçısı indi də suya “düşdü”
Yanan binadan sonra Binəqədinin icra başçısı indi də avtovağzalın çöküşünə görə hədəfə gəlib
Bakı
Beynəlxalq Avtovağzalında baş verən sürüşmə Binəqədi Rayon İcra
Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovu yenidən hədəfə gətirib.
Məlum olub ki, ölkə əhəmiyyətli bir obyektin sürüşməsinə səbəb icra
başçısının göstərişi ilə ərazidə yaradılan süni yamaclar, təpəciklər və
orada əkilmiş yaşıllıqların suvarılması olub.
Hadisənin səbəblərini modern.az-a
şərh edən avtovağzal kompleksinin baş mühəndisi İlham İbişov bir çox
yollarda salınan yamacların təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb.
Avtovağzal kompleksinin yanından keçən Bakı-Sumqayıt yolunun kənarındakı
yamacları ərazinin aid olduğu Binəqədi Rayon İcra Hakimiyyəti salıb.
"Bakı-Sumqayıt
yolunun sürüşməyə məruz qalmasının əsas səbəbi yol yamacının
kənarlarında salınan yaşıllaşdırma, balaca təpəciklərin hər gün
suvarılmasıdır. Suyun axma yeri olmadığından yol yamacını yuyur. Bu cür
yamacların yol kənarında salınması yola ziyandır. Yamaclara düşən suyun
başqa yerə axıdılmasına müəyyən bir konstruktiv qərar verilməlidir. Yəni
yola axıdılan su kənarlaşdırılmalıdır. Həmçinin yola düşən yağış suları
da kənarlaşdırılmayıb. Neçə həftədir ki, həmin ərazi suvarılmır. Amma
yamacların dibi hələ də sudur.
Əlbəttə ki, bu, bir-iki günün
işi deyil. Fasiləsiz olaraq suvarılma işlərinin görülməsi yol yatağının
çökməsinə gətirib çıxarır. Birinci məsələ odur ki, həmin yamaclar mütləq
sökülməlidir. Əvvəllər yola düşən suyu ərazidən uzaqlaşdırmaq üçün su
kanovu olurdu. İndi isə yoxdur. Ona görə də bütün axıdılan su gəlib
Bakı-Sumqayıt yolunu yuyub aparır. Hər dəfə bir-iki millimetr sürüşmə
davam edir. Hələlik müvəqqəti möhkəmləndirmə işi gedir. Texniki qərardan
sonra ümumi bərkitmə işi aparılacaq" deyə, mühəndis bildirib.
İlham
İbişov bildirib ki, onda olan məlumata görə, bu yamacların salınmasının
yola ziyan vurması barədə Fövqəladə Hallar Nazirliyindən Binəqədi Rayon
İcra Hakimiyyətinə nə vaxtsa etiraz məktubu da göndərilib: "Ola bilsin
ki, dəqiq deyil. Amma eşitmişəm ki, yol kənarında salınan təpəciklər
yolun yatağınının yuyulmasına gətirib çıxara bilər”.
İ.İbişov kimin
məsuliyyət daşıdığını deyə bilməyəcəyini bildirib: "Tam məsuliyyəti kim
daşıyır, deyə bilmərəm. Hələ ki müayinə qrupu işləyir. Ərazi Fövqəladə
Hallar və Ekologiya nazirliklərinin nümayəndələrinin nəzarəti
altındadır. Hər gün əraziyə baxış keçirilir, ölçülər aparılır. Müəyyən
mayaklar qoyulub. Birbaşa informasiya müəyyən yuxarı instansiyalara
çatdırılır. Bu ərazi tam nəzarət altındadır. Torpaqdan nümunələr
götürülüb. Yəqin ki, sabaha texniki qərar veriləcək”.
Baş mühəndis deyib ki, yolun sürüşməsi təhlükəsi var: "Vaxtında qarşısı alınmasa, bu sürüşmə arzuolunmaz hadisəyə çevrilə bilər. Burda gün ərzində iş gedir”.
Yada
salaq ki, mühəndisin qeyd etdiyi yamaclar, yol kənarındakı təpəciklər
2012-ci ildə salınıb. Həmin il aprelin 26-da Binəqədi rayonuna icra
başçısı təyin edilən Xaləddin İsgəndərovun ilk işi Azadlıq prospekti
boyunca binaların poliuretan örtüklərlə üzlənməsi və paralel olaraq
Bakı-Sumqayıt yolunun kənarında təpəciklərin salınması olmuşdu. Bu il
mayın 19-da poliuretan üzlüklərlə üzlənmiş binalardan biri yandı.
Azadlıq prospektində yerləşən 16 mərtəbəli binanın üzlüyünün bir anın
içində yanması 5-i azyaşlı olmaqla, 16 nəfərin ölümünə, 60-a yaxın bina
sakininin yaralanmasına səbəb oldu. Olaydan dərhal sonra prezident
yanında xüsusi müşavirə keçirildi, yanğında suçu olan hər kəsin həbs
olunması tapşırığı verildi. İş üzrə istintaq bu gün də davam edir.
Rəsmi
olaraq açıqlanmasa da, iş üzrə dindirilənlərdən birinin də icra başçısı
olduğuna şübhə yoxdur. Üstəlik, bir qədər əvvəl məlum olub ki, binanın
üzlənməsinə dair sənədləri də istintaqçılar əldə ediblər. Həmin
sənədlər Binəqədi İcra Hakimiyyətindən istintaqa təqdim edilmirmiş...
Bu
dəhşətli olayla bağlı əllər X.İsgəndərovun yaxasından çəkilməmiş onun
tikdirdiyi Binəqədidəki yamac və təpəciklərin böyük fəlakətə səbəb
olacağı məlum oldu. "Musavat.com"