On İkinci Qızıl Ordu gəlir?

On İkinci Qızıl Ordu gəlir?

Zahid Oruc

Kolliziya deyilən bir termin var.Mənası ziddiyyət deməkdir.İndi bizim geopolitik fikir məkanımızda əsil belə vəziyyət hökm sürür.Ənənəvi siyasi mühakimələrlə bunu izah etmək xeyli çətinləşib.Bir sözlə deyilsə,hamı rusca danışmağa başlayıb.Gəlin birgə aydınlaşdıraq ki,gündəmi az qala zəbt etmiş bu versiyalar nə dərəcədə gerçəkləşə bilər?

Putinin 1-ci şəxs sifətilə hakimiyyətə qayıdışı dövriyyəyə çıxarılan böyük konsepsiyaların intensivliyini də artırdı.Bunlar öncə də vardı.Qazağıstan,Belarusla vahid gömrük ittifaqı adı ilə birləşərək sonradan başqa formatlara keçiləcəyi ideyası Rusiyada seçki dövründə də xalqa sırınan əsas layihələrdən idi. Burada cazibadarlıq heç də onda deyildi ki,SSRİ vaxtilə mövcud olmuş hazır bir reseptdir və yeni konstruksiya axtarmağa ehtiyac qalmır.Məsələnin mahiyyəti tamam ayrı amillərlə izah olunmalıdır.

Hələ məxməri inqilabalar dövründə belə bir versiya dolaşırdı ki,dünyanı hərbi xuntasız fəth edən Qərbə qarşı Rusiya da eyni silahdan istifadə etsin.Ona görə də avrasiyaçılığı stimullaşdıran kəşfiyyat mərkəzləri daha çox ona aksent edirdilər ki,bu hamının marağında olan ideyadır və milli hüquqları nəinki məhdudlaşdırmır,hətta əksinə ən yaxşı iqtisadi və təhlükəsizlik çətiridir.Ona görə də başladılar Avropa birliyi modelinin rus alternativindən danışmağa.Biz əlbəttə ki,burada fərqli büdcə imkanlarından və hüquq bərabərliyini təmin edən vahid normativ bazanın yoxluğundan danışmırıq.Hərçənd ki,elə ilk addımda, məsələn, maşınqayırma sənayesini özünəmüvafiq məkanlarda inkişaf etdirmək üçün şimal qonşumuz qanunda möhtəkirlik əməliyyatını həyata keçirdi və üstünlüyü təmin etdi.Lakin bununla belə heç Belarusu da özünə tabe etdirə bilmədi.Lukaşenkonun ən sərt protestləri rəsmi Kremlin əleyhinə verilir və bu qətiyyən Qərbin təzyiqlərini neytrallaşdırmaq,yaxud rəğbətini qazanmaq naminə edilmir.

SSRİ-nin bərpası planı təkcə imperiyapərəstlərin,yaxud azadlıqdan qaçan millətlərinmi ağlının məhsuludur? Bəlkə burada yeni dövlətləri tamamilə öz qanadı altına almaq istəyən Avropa dairələri sadəcə rus liderini şantaj edərək onu mümkün olmayan bir niyyətdə qınamaqla təzyiq altında saxlamağa çalışır, resurs üstünlüyünü siyasi alətə çevirdiyinə görə ondan heyiflərini çıxırlar?Yoxsa, birdən-birə Azərbaycanda hamının belə bir təhlükədən bəhs etməsi təkcə mətbuatın uydurması ola bilməzdi axı.

Rusiya çox şey istəyə bilər.Lakin Putin Lenin deyil.Onun birləşdirici və kütlələrə nüfuz edən ideyası yoxdur.Bu isə o deməkdir ki,bolşevik inqilabının banisindən fərqli olaraq o, burjuaziyanı-yeni mülkədarlar sinfini təmsil edir.Putin oz nomenklaturasının əleyhinə quruluş təklif edər,lakin onu reallaşdıra bilməz.Çünki bu onun qurduğu dövlət kapitalizminin maraqlarına ziddir.Sosializmi kapitalistlər klassik formada dirçəldə bilməzlər.Şərqi Avropa ölkələri tamam başqa hadisədir.Öz xalqı ilə ciddi problemləri olan adamın digər millətlərə azadlıq və təhlükəsizlik vəd etməsi real görünmür.

90-cı illərin əvvələrində keçmişin xiffəti vardı. Lakin insanlar nə qədər məhrumiyyətlərə məruz qalsalar da artıq müstəqil dövlətçilik təfəkkürünə yiyələniblər.İndi onları yeni sosial toqquşmalara sürükləyə bilərsən.Lakin yalnız öz hakimiyyətlərinə qarşı. Ondan kənarda inqilab törədərək Sovet rejiminə qayıtmaq əsil dövlətlərarası müharibələrə və toqquşmalara yol açardı.Bu az qala hamının-hamıya qarşı savaşıdır.

Adamların böyük qardaş axtarışı iki səbəbə görədir.Birincisi, sosialist birliyinin dağılması ilə başlanan millətlərarası ixtilaflar bədbin bir sonluqla nəticələnib.Nə qalibin,nə də məğlubun günü elə də ürəkaçan deyil.Bu imperiya və ya güclü çətir tərəfdarlarının xeyrinə işləyir.Heç kim daha ölmək istəmir və nə qədər böyük ideallar olsa da hər kəs taleyini fərdi arzularına xərcləməyə can atır.Üstəlik, Qərb münaqişələri iqtisadi mənfəət qazanmağa alət etdiyindən adamlar xəyal qırıqlığına uğradılar.

İkincisi,suverenlik şəraitində yaranan sürətli təbəqələşmə və idarə edənlərlə rəiyyət arasındakı ziddiyyət müəyyən qədər bədbinlik,ruhi küskünlük və azadlıqdan qaçış meylləri doğurub.Lakin elə Rusiyanın özündə milyonlarla insan liberalizmin,iqtisadi sərbəstliyin və demokratiyanın tərəfdarı kimi çıxış etmirmi?Bu insanları keçmiş sovet ədaləti, humanizmi, təmənnasızlığı və kapital toplamağa can atımın olmaması çağırışı ilə özünə cəlb etmək mümkün deyil.Postsovet ölkələrində hətta hər hansı bir ölkədə diktatura bərqərar olsa da xalq orada yaşamağı başqa qoltuq altında yekəlməkdən üstün tuturBəli, Rusiya sosialist inqilabını etmişdir və onun belə potensialı hər zaman qalır.Amma 20 il ərzində yeni iqtisadi sistem qurulub.Onun qeyri-mükəmməliyindən və ədalətsizliyindən danışmaq olar,lakin heç kəs böyük ideya naminə mülkiyyətindən,əmlakından,xarici əlaqələrindən imtina etməz.Bu ölkə demokratiya defisiti yaşayır. SSRİ-ni təsis edəndə bəşəriyyət bu məfhumu çox da yaxşı qavramırdı.Beynəlxalq münasibətlər sistemi və qüvvələr nisbəti də indikitək deyildi.Ölkədə hüquqi inqilab etmədən adamları ora cəlb etmək mümkünsüzdür.Heç fəhlə-kəndli sinfi də həminki deyil.Onların istismar olunduğunu bəyan edib köhnə quruluşa qaytara bilməzsən.

Zorən birlik avtomatik olaraq ziddiyətlərə səbəb olacaq.İqtisadiyyatdakı ukladı dəyişirsən,planlı təsərrüfata qayıdırsan,seçkiləri ləğv edirsən,demokratiyanın kritik kütləsini əzib yoxa çıxarırsan,azadlıq vərdişləri yaranmış və virtuallaşmış toplumlarla vuruşursan.Bu hələ son deyil.Çox az tərəfdarınla sonradan SSRİ-nin yıxılmasına bais olanlarla hesab çəkirsən,Belovejskin sui-qəsdçilərindən intiqam alırsan.Bu vəzifələri nəinki Putin,heç kəs hazırda yerinə yetirə bilməz.Xalqlar nə qədər zəif olsalar da artıq dölətçilk və milli məfkurə formalaşıb.Hətta Qarabağı həll etməsi belə Putinə Qafqazı tam fəth eləməyə imkan vermir.

Ona görə Rusiyadan hakimiyyət və ya yeni iqtidar gözləyən,yaxud dünənə qədər qərbpərəst olub bu gün rusun dar ağacından qurtulmaq üçün sovet soyadına qayıdanların halına acıyıram.Onlar bilir ki,On birinci Qızıl Ordunun yerində indi müstəqillik şəhidləri uyuyur.Təzə orduları yedirtməyə bu milləti heç kəs vadar edə bilməz.Kiminsə könlündəki nərimanovçuluq onu daha tez batıracaq.Ermənilərlə sazişi az qala Qarabağın həlli və Putinin sovet planının tərkibi sayanlar bir də onda ayılacaqlar ki,hər şeylərini itiriblər. 1920-ci ildə bolşevizmi gül-çiçəklə qarşılayanları 1937-ci ildə tabutsuz dəfn etdilər.Azərbaycana qarşı etnik amili,ya da ki,varlıların separatizmini 2013-cü il seçki layihəsi hesab edənlər unudur ki,Rusiya özü artıq Qərbin bir hissəsidir.O bu bağları qırıb günün birində hamını öz pəncəsinə almağa qadir deyil.Osetiya və Abxaziyanın iqtisadi yükü rus xalqına yetər.

Putin geosiyasi acdır. O, sovetlərin ölümünü geopolitik fəlakət adlandırmışdı. Lakin o,həm də belə bir fikrin də müəllifidir ki,SSRİ-nin dağılmasına təəssüflənməyənlərin ürəyi,onun yenidən qayıdacağını düşünənlərinsə başı yoxdur.On ikinci Qızıl ordunu gözləyənlər də belə başsızlardı.Sözün hər mənasında.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az