Politoloq Zərdüşt Əlizadənin “Vətəninfo.az” saytına müsahibəsi:
- İranla İsrail arasında müharibə baş verərsə, bunun Azərbaycana hansısa mənfi təsirləri ola bilərmi?
- Əlbəttə təsirləri olacaq. Təsəvvür edin ki, siz binanın 3-cü mərtəbəsində yaşayırsınız, yan tərəfdəki binada baş verəcək hər hansı yanğın əlbəttə ki, sizin də evinizə də zərər vuracaq. Bununla bərabər həm də İran azərbaycanlıların vətənidir və ən çox yaşadığı ərazidir. Onlar İranı özlərinin doğma vətəni hesab edirlər. Nəzərə alsaq ki , İran müsəlman ölkəsidir və biz də özümüzü müsəlman adlandırırıq. Bizim ortaq mədəniyyətimiz, ortaq tariximiz, ortaq şairlərimiz, ortaq ərazimiz, ortaq məktəblərimiz var. Belə olan təqdirdə İrana qarşı təzyiqlərə Azərbaycan biganə qalmamalıdır və müharibənin baş verməməsi üçün əlindən gələni etməli, mesaj verməlidir. Bəzi kütləvi informasiya vasitələrində Azərbaycanın da guya hərbi əməliyyatlar başlayanda baza rolu oynacağını haqqında fikirlər dolaşmaqdadır. Əvvəla, bunlar İrana qarşı yönəlmiş informasiya müharibəsini şək edirlər. İkincisi isə onların Azərbaycan xalqına, dövlətinə yazıqları gəlmir. Onlar rəhmsiz və hansısa məqsəd naminə yazan insanlardır. İrana qarşı müharibə yalnız və yalnız Azərbaycana mənfi təsir göstərə bilər.
- Əks təqdirdə əgər , Azərbaycan İsrailə dəstək verərsə, İranın bizə hansısa zərbələr endirməsi mümkündürmü?
- Düşmən dövlətin müttəfiqinə siz nə edərdiniz?! Təbii ki , əlindən gələn qədər ziyan vurmağa çalışardınız. Əgər Azərbaycan İrana qarşı düşmənçilik həqiqətlərinə qoşulacaqsa, nəzərə almalıdır ki, İran bizə qonşu olan dövlətdir, İsrail isə uzaq dövlətdir, eyni zamanda İsrail ordusu güclüdür. Azərbaycanı cəzalandırmaq onların əlində heç nə kimi bir şeydir.
- Ümumiyyətlə, ABŞ-ın və yaxud İsrailin İrana qarşı müharibə etmək cəhdləri hal hazırda real təsir bağışlayırmı?
- Müharibə ehtimalı var. Düşünmürəm ki, bu ehtimaldı ya yox. Bu sadəcə psixoloji və informasiya müharibəsi ilə paraleldir. Müharibənin yaxınlığı barədə məlumatları isə həddən artıq tez elan edənlər var. Barak Obama müharibənin əleyhinədir. Bildiyimiz kimi, prezident seçkilərində Obama Buşun başladığı müharibələrə son qoymaq vədi ilə qalib gəlib. ABŞ xalqı müharibələrdən cana doyub. Məlumdur ki , Əfqanıstan da müharibələr 10 ildir davam edib, eyni zamanda da İraq müharibəsi hələ də bitməyib, işğal məhdudlaşsa da Amerika qoşunları hələ də İraqdadır. Müharibə ABŞ-a çox baha başa gələ bilər və hərbi böhranı dərinləşdirər. Ona görə də müharibəyə son qoymaq vədi ilə hakimiyyətə gələn Obama prezidentliyinin sonuncu ilində müharibəyə başlasa seçicilərin gözündən düşə bilər. Bununla bərabər İran da müharibəni istəmir. Avropa da bunu müsbət qarşılamır. Çünki müharibə başlasa Avropada neftin qiyməti kəskin qalxacaq və bu da böhran keçirən dünya və Avropa iqtisadiyyatına mənfi təsir edəcək.Müharibəni istəyən yeganə qüvvə isə İsrail radikal knesset hökumətidir.
Günel Türksoy