Ordumuzun VALEHİ - Polkovnik Rəcəbov...

Ordumuzun VALEHİ - Polkovnik Rəcəbov...

Vətəni döyüş meydanında sevən zabit idi polkovnik Rəcəbov!
Yuxusuz gecələrin yorğun səhərlərində...yorğun gözlü əsgərləri öz övladı kimi sevirdi polkovnik Rəcəbov!

Aprel əməliyyatında düşməndən azad edilmiş Talış yüksəkliyindən televiziya kameraları qarşısında canlı bağlantıya çıxmışdı. Nə vaxtsa başqa zabitimiz Xankəndindən, Şuşadan bax eləcə çıxacaq birbaşa bağlantıya. Amma o zabit daha polkovnik Rəcəbov olmayacaq...

İnanmağım gəlmədi polkovnik Valeh Rəcəbovun vaxtsız vəfatını eşidəndə. Həmişə şux, səliqəli və daim gülərüz olan bu zabitlə xidmət etdiyim N saylı hərbi hissədə tanış olmuşdum. Jurnalist olduğumu biləndən sonra mənə qarşı xüsusi münasibəti yaranmışdı. Bərdə korpusunda birləşmə komandirinin (korpus komandiri) müavini idi. Bir gün bizim hərbi hissəyə gələndə dedim ki, yoldaş polkovnik, ya məni xidmət üçün səngərə göndərin, ya da özünüz səngərlərə gedəndə məni də aparın özünüzlə. Səbəbini soruşanda gələcəkdə yaradıcılığım, hərbi-vətənpərvərlik mövzusunda təbliğat aparmağım üçün lazım olacağını deyəndə gülümsünərək, harda xidmət etmək istəyiirsən sualına Murov dağlarını göstərib "orda xidmət etmək istəyirəm, səngərdə”, - cavablını verdim. 

Mənim göstərdiyim dağlara baxıb, "axı ora bizdə deyil, düşməndədir", - dedi.

- Eybi yox, düşmənlə sinəbəsinəyə dayanmaq istəyirəm, yoldaş polkovnik, mən zabit kimi xidmətə gəlmişəm, gün keçirməyə yox!

Bərdədən başqa bir rayonda yerləşən N saylı hərbi hissəyəyə əsgərlərin qarşısında çıxış etmək üçün gedəndə yol yoldaşı da olduq. Rəhmətliyin həm də gözəl yoldaşlığı da var idi. Mən xaricdə yeganə gündəlik çıxan azərbaycandilli qəzetin baş redaktoru vəzifəsindən çıxıb orduya gəlmişdim, təvazökarlıqdan uzaq, istənilən əsgər və zabitlə 20 dəqiqə danışmağım bəs edirdi ki, onların necə peşəkar olmasını müəyyən edim. Yolboyu ancaq torpaqlarımızın işğaldan necə azad olmasını müzakirə etdik. Və geri qayıdanda sağollaşdıq – ta o zamana qədər ki, onun də xəbəri olmadan arzuma çatmışdım! Elə bir yerə xidmətə gedirdim ki, orda bir fəsil var idi: qış!

Xidmət etdiyim hərbi hissədən məni ən ağır yerə göndərmək üçün əmrim də çıxmışdı. Necə deyərlər, əmrim elə yerə verilmişdi ki, ən ağır post... və hücum olacağı təqdirdə köməyə ehtiyat qüvvə gələnə kimi olmasa da, 30 dəqiqə duruş gətirə biləciyimi yəqin etmişdim. 

Getdiyim hərbi hissəmiz 2 saat sonra yeni tapşırılqa səngərə qalxacaqdı. Tribunada korpus komandirinin müavinləri çıxış üçün hazırlaşmışdılar. O tribunada polkovnik Rəcəbov da var idi. Zabitlərin içində məni görən kimi tribunadan düşdü və "Alışov, sən də burdasan? Sən də səngərə qalxırsan", - deyə soruşanda:

-Bəli, yoldaş polkovnik, nəhayət, bu gündən səngər zabiti olacam. Bəlkə bir roman yazdım və həm də... bir suala cavab axtarmaq üçün gedirəm!

Polkovnik Rəcəbov cavabdan sonrakı sevincli gülüşümü bütün zabitlərin gözü qarşısında, bütün əsgərlərin eşidəcəyi səslə mükafatlandırdı:

- Alışov burdadırsa, mən yox, tribunaya o çıxacaq. Briqadanın qarşısında döyüş tapşırığını yerinə yetirmək üçün təlumatlandırmaq üçün tribuna səni gözləyir.

Çıxış etdim və bu həm də polkovnik Rəcəbovun etimadını doğrultmaq üçün bəlkə də indiyə kimi ən odlu-alovlu çıxışım oldu. Bir əsrlik hərb tariximizdən, əsgər-zabitlərimizin şücaətindən tutmuş, Bakı-Şamaxı yolunun üstündə araşdırdığım naməlum türk zabitinin, əsgərinin şəhid olanda etdiyi vəsiyyətə kimi, Çanaqqala şəhidliyinə yüksələn azərbaycanlılara kimi...
Və o çıxışdan sonra balacaboy əsgər hərbi hissə komandirinin yanına girib "məni niyə səngərə yollamırsız” sualına komandir belə cavab vermişdi:
- Sənin boyun balacadır, ora şox ağır yerdi, 3 aydan sonra göndərəcəm!
Cavab əsgəri hiddətləndirmişdi və komandirin qarşısında əlini ürəyinin üstünə qoyub demişdi:
- Cənab polkovnik-leytenant, mənim böyük ürəyim var!
Mənim o çıxışımdan sonra ilk addımı atan o lənkəranlı əsgər Nəhmətzadəyə qalanları da qoşuldu – Murov ona hakim qış fəslinin soyuğundan bizim əzmimizlə qorunurdu!

... Valeh Rəcəbovun həyatı-mübarizəsi kimi, bu yazı da qəfil qırıldı burda. Çünki biz əsgər və zabitlərimizin deyəcəyi son sözə hələ tamarzıyıq. Yurdun düşmən tapdağı altında olarkən hərdən adama elə gəlir biz hələ də çox şeylərin məhrumiyyətindəyik! Və bir də...hansısa Qazinin, zabitin vaxtsız vəfatını eşidəndə nəinki mən, hətta işğal olunmuş ərazilərimiz sarsılır! Nə vaxtsa bir yazı yazmışdım. Məqsədim Azərbaycanın müasir hərb meydanında "QƏHRƏMANLIQ TƏRANƏLƏRİ" və ona nəqarət tapmaq idi. Məhz onlardır Azərbaycanın "Qəhrəmanlıq təranələri"nin müəllifi, bəstəçisi, ifaçısı! Hələ də axtarıram...
 
Aqil Alışov,
Azərbaycan Ordusunun ehtiyatda olan zabiti,
Miq.az saytının baş redaktoru


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az