Mərkəzi Bank 2014-cü ildə pul və maliyyə sabitliyi siyasəti ilə bağlı bəyanat yayıb.
Bankdan verilən məlumata görə, bəyanatda deyilir: “Azərbaycan adambaşına düşən ümumu daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək orta gəlirli dövlətlər qrupuna daxil olub. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada ilk onluqda qərarlaşıb. 2014-cü ildə də ölkədə iqtisadi artım və inkişaf proseslərinin dəyişkən qlobal konyuktur, yüksək daxili iqtisadi fəallıq şəraitində davam edəcəyi gözlənilir”.
Sənəddə deyilir ki, Mərkəzi Bank 2013-cü ildə institusional inkişafın sürətlənməsinə yönəlmiş 40-a yaxın müxtəlif layihələr həyata keçirib. Başa çatmaqda olan bu il ərzində qlobal iqtisadi artım gözləniləndən aşağı olub. Dünya iqtisadiyyatında yenidən tarazlaşma prosesi davam edib: “ABŞ, avrozona və digər aparıcı iqtisadi güc mərkəzlərində sərtləşən büdcə siyasəti qlobal iqtisadi artıma əhəmiyyətli təsir edib. Fiskal konsolidasiya tədbirləri ciddi borc və kəsir problemini aradan qaldırmaqla büdcə dayanıqlığının artırılmasına yönəldilib. Vergi siyasətləri isə vergi yükünün istehsaldan istehlak üzərinə keçirilməsinə istiqamətləndirilib. Bununla belə dövlət xərclərinin əhəmiyyətli azalmasının iqtisadi artım və məşğulluğa məhdudlaşdırıcı təsirini aradan qaldırmaq üçün 2013-cü ildə əksər ölkələrdə mərkəzi banklar pul siyasətini yumşaltdıblar.
Bir sıra ölkələrin mərkəzi bankları öz siyasətlərini işsizliyin azalmasından asılı olaraq dəyişəcəyini bəyan etmişdi. Cari ildə nəzərdən keçirilmiş 64 ölkənin 54-də mərkəzi banklar başlıca faiz dərəcəsini azaldıblar. Beynəlxalq Valyuta Fondu (BVF) 2013-cü ildə müxtəlif valyutalar üzrə LİBOR dərəcəsinin ötən illə müqayisədə 0,1-0,3 faiz aşağı olacağını proqnozlaşdırır. Lakin yumşaq pul siyasətləri heç də bütün ölkələrdə kredit təklifinin artması ilə müşayiət olunmur. Aparıcı ölkələrin maliyyə-bank sektorlarında zəifliklər və struktur problemlər hələ də qalmaqdadır.
Bununla yanaşı, özəl sektorun fəallaşmasına yönəlmiş struktur transformasiyanın ləng getməsi maliyyə institutlarının kredit aktivliyinin bərpası proseslərinə mənfi təsir edir. Baş verən prosesləri nəzərə alaraq BVF il ərzində bir neçə dəfə qlobal artım proqnozlarına təshihlər edib. Fondun son proqnozuna görə, 2013-cü ildə qlobal iqtisadi artımın 2,9 faiz olacağı gözlənilir ki, bu da 2012-ci illə müqayisədə 0,2 faiz bəndi aşağıdır. Bu azalma inkişaf etməkdə olan ölkələr üzrə artım tempinin zəifləməsi ilə əlaqədardır. İlin sonuna 28 ölkədə ümumi daxili məhsulun böhran öncəsi səviyyədə bərpa olunmayacağı gözlənilir.
Qlobal məcmu tələbin məhdulaşması, daxili və xarici şoklara qarşı həssaslıq, kapital axınlarının dəyişkənliyi bir sıra inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım perspektivlərini pisləşdirib. Bu şəraitdə qlobal iqtisadi artımın mühüm amillərindən biri olan qlobal ticarətin həcminin artım proqnozu da cari il üçün 0,2 faiz bəndi azaldılıb. Dünyada iqtisadi artımın mövcud tempi məşğulluğun yüksəlməsinə kifayət etmir. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, hazırda dünyada 73 milyonu gənclər olmaqla 200 milyondan çox işsiz var. Məşğulluğun böhrandan əvvəlki səviyyəyə çatmasının 2015-ci ildən sonra baş verəcəyi gözlənilir. Aparıcı ölkələrdə iqisadi artımda problemlər, yumşaq pul siyasətləri və aşağı faiz dərəcələri şəraitində qlobal maliyyə və investisiya axınlarının inkişaf edən ölkələrə doğru istiqamətlənməsi prosesləri sürətlənir. Qlobal investisiya axınlarını qəbul edən ölkələr arasında Asiya regionu mühüm paya malikdir.
Cari ilin sonuna qlobal birbaşa xarici investisiya axınlarının 7 faiz artaraq 1.5 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır”.
Bankdan qeyd ediblər ki, Azərbaycanda 11 ayda real ÜDM 5,7 faiz, o cümlədən qeyri-neft sektorunda 9,5 faiz artıb. Ökədə iqtisadi artım tempi dünya (3,6%) və MDB (3,4%) üzrə orta artım tempini üstələyir. Azərbaycan 70 mlyard ABŞ dolları həcmində iqtisadiyyata malikdir (dünyada 67-ci yer). Həyata keçirilən fəal şaxələnmə siyasəti sayəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 56 faizə yüksəlib: “İqtisadiyyata qoyulan xarici investisiyaların həcmində artım cari ilin 11 ayında 31,2 faiz təşkil edib. Valyuta ehtiyatları isə 18 faiz artaraq 14 milyard ABŞ dollarına yaxınlaşıb”.
Cari ildə ölkədə 80 mindən çox yeni iş yeri açılıb. Yeni yaradılan iş yerlərinin 73 faizi regionların payına düşür. Hazırda Azərbaycanda işsizlik qabaqcıl ölkələr üçün arzu olunan səviyyədə - 5 faizə yaxındır. 2013-cü ilin 11 ayında orta illik inflyasiya cəmi 2,3 faiz təşkil edib. Dekabr ayında Tarif Şurasının bəzi məhsulların tariflərinə etdiyi dəyişikliklərə baxmayaraq, 2013-cü ilin sonuna orta illik inflyasiyanın proqnoz çərçivəsində qalacağı gözlənilir. Son bir ildə ölkənin xarici ticarət tərəfdaşı olan ölkələrdə orta çəkili inflyasiya daxili inflyasiyadan 2 faiz bəndi yüksək olub.
Vətəninfo.az