Milli Məclisin sədri Oqtay Əsədov Meksika Birləşmiş Ştatları Konqresinin Deputatlar Palatasının sədri Oskar Arseni qəbul edib. Spiker qonağı Azərbaycan parlamentində görməyindən məmnun olduğunu bildirərək, belə bir inamı ifadə edib ki, bu səfər ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişafına öz töhfəsini verəcək: “Ölkələrimiz arasında məsafənin böyük olmasına baxmayaraq, xalqlarımız və dövlətlərimiz arasında yaranan yaxın münasibətlərin nəticəsidir ki, bu, son dövrdə Meksika nümayəndə heyətinin ölkəmizə dördüncü səfəridir. Bizim üçün Meksika Birləşmiş Ştatları ilə əlaqələrin dərinləşməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, siyasi dialoqun davamlı şəkildə aparılması çox önəmlidir.
Dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri münasibətlərimizin genişlənməsində əhəmiyyətli rol oynayır. Biz iqtisadi-ticarət əlaqələrimizin daha da inkişaf etdirilməsi niyyətindəyik. Bu mənada Azərbaycanda Meksika səfirliyinin açılması ümumi işin xeyrinə olardı”.
Spiker eyni zamanda qeyd edib ki, iki ölkə arasında həyatın müxtəlif sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur: “Biz Meksikada Azərbaycan mədəniyyəti günlərinin təşkilini, Akapulko şəhərində Nizami Gəncəvinin abidəsinin təməlqoyma mərasiminin keçirilməsini yüksək qiymətləndiririk. Hazırda Akapulko və Sumqayıt şəhərlərinin qardaşlaşması istiqamətində iş aparılır.
Eyni zamanda, Azərbaycan Meksika ilə parlamentlər səviyyəsində əlaqələrini genişləndirmək əzmindədir. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir”.
Spiker ötən həftə Meksika Senatının nümayəndə heyətinin ölkəmizdə səfərdə olmasını xatırlayaraq, bu cür təmasların əməkdaşlığımızın inkişafına xidmət etdiyini də söyləyib. O. Əsədov həmçinin, ötən il noyabrın 4-də Meksika Senatında və dekabrın 8-də ölkənin Deputatlar Palatasında Dağlıq Qarabağ və Xocalı soyqırımına dair sənədlərin qəbulunu yüksək dəyərləndirib.
Meksika parlamentinin hər iki palatasına və Meksika xalqına bu məsələdə həssaslıq və obyektivlik nümayiş etdirdiklərinə görə öz təşəkkürünü ifadə edib və ümidvar olduğunu bildirib ki, Meksika bundan sonra da Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ədalətli mövqe nümayiş etdirəcək. Meksika Birləşmiş Ştatları Konqresinin Deputatlar Palatasının sədri Oskar Arse ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq bildirib ki, onun ölkəsi Qafqazın bu bölgəsi ilə ikitərəfli əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Deputatlar Palatasının sədri parlamentlərarası əlaqələrin münasibətlərimizin daha da dərinləşməsinə mühüm töhfə verdiyini, təhsil, mədəniyyət, sənaye və energetika sahələrində də əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edib. Qonaq Azərbaycanla əlaqələrin inkişafında xidmətlərinə görə Meksika Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Markos Perez Esquerin Prezident İlham Əliyev tərəfindən Fəxri diplomla təltif olunmasını yüksək qiymətləndirərək, münasibətlərimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə inamını söyləyib. “Azərbaycanın Meksika kimi dostu var” deyən qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin həmişə Azərbaycanın yanında olacağını vurğulayıb. Oskar Arse birmənalı şəkildə söyləyib ki, Dağlıq Qarabağ probleminin həllinə yardımçı olmaq üçün Meksika səylərini əsirgəməyəcək.
KAMİL