“Azərbaycanda artıq iki yeni penitensiar müəssisə tikilərək istifadəyə verilib. Onlardan biri Bakıda, biri isə Naxçıvanda inşa olunub”.
"Vətəninfo.az"ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib. O bildirib ki, Şəkidə inşa olunan cəzaçəkmə müəssisəsinin tikinti işləri artıq başa çatıb və hazırda orada heyətin formalaşdırılması prosesi aparılır.
M.Quliyevin sözlərinə görə, yeni tikilən cəzaçəkmə müəssisələrindəki şərait Avropa standartlarına uyğun olacaq. Penitensiar Xidmətin rəisi qeyd edib ki, hazırda Azərbaycanda daha 6 cəzaçəkmə müəssisəsi tikilir: “Hər il Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilərək istifadəyə verilir. Bu yaxınlarda İtaliyada keçirilən Avropa ölkələrinin penitensiar xidmətləri rəhbərlərinin müşavirəsində də Azərbaycanın bu işləri yüksək səviyyədə qeyd edilib”.
Cəzaçəkmə müəssisələrinə narkotiklərin keçirilməsi barədə danışan xidmət rəisi bütün ölkələrdə bu problemin mövcud olduğunu qeyd edib. M. Quliyev deyib ki, bu gün ölkədə həbs olunanların ¼-i narkotikə görə saxlanılanlardır: “Onlar narkotik istifadəçiləri olduğuna görə çalışırlar ki, tutulduqları müddətdə narkotikləri həbsxanalara keçirsinlər. Amma bizi narahat edən məsələ odur ki, saxlanılanların yaxınları, qohumları narkotik vasitələri həbsxanalara keçirməyə cəhd göstərirlər. Biz bu mənbələrin aşkarlanması və qarşısını almaq üçün məsələni Daxili İşlər Nazirliyi və istintaq orqanları ilə birgə araşdırırıq”.