Polkovnik-leytenant: "ATƏT-in Minsk qrupundakı hiyləgər üçlük..."
"Bunlar siyasi şarlatanlardır" - EKSPERT...
Dünən, bu gün hamımızın diqqəti cəbhədə baş verən ağır hadisələrə yönəldiyindən, bir məsələ nədənsə diqqətimizdən deyəsən bir balaca yayınıb axı. Baxıram ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza müəllim Bakıda "Caucasus İnternational” jurnalının nəşrinin 5 illiyinə həsr edilmiş "Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı utanmadan az qala bizi üzümüzə söyüb.
Cənab Metyu Brayzanın şəxsiyyətinə qarşı əsla hər hansı bir iradım və ya narazılığım yoxdur. Amma, hesab edirəm ki, bu gün bu cənabın durub bizim üzümüzə boğazdan yuxarı ifadələr işlətməsinə də susmağımız doğru deyil. Bu həmin Brayzadır ki, dünənə kimi bu gün dilinə gətirmədiyi sözləri elə bəh-bəhlə ucadan səsləndirir ki, elə bil o yox, biz günahkarıq bunun qarşısında. İyunun 15-də qarşı tərəflə təmas xəttində keçirilən döyüşdə qəhrəmancasına şəhid olan Sultan Şahvələdovun və yüzlərlə igid oğul və qızlarımızın vaxtsız dünyadan köçməsinin bir baiskarı da elə bu cənab Brayza və onun bir müddət bundan öncə təmsil olunduğu ATƏT-in Minsk qrupundakı digər hiyləgər üçlük və təmsil olunduqları ölkələrin rəsmi şəxsləridirlər.
Bu gün böyük xəcalət və təəssüf hissi ilə bizim bəzi mətbu orqanlarının Brayzanın Qarabağla bağlı manşetə çıxartdıqları xəbərlərinə baxdım.
Hörmətli həmkarlarım, əziz dostlar. Sizə elə gəlmir ki, biz çox tez unutqanlığa və yaddaş zəifliyinə yol veririk? Axı bunların indi söylədikləri sözlərin münaqişənin həlli yolunda sabun köpüyündən başqa bir effekti yoxdur. Bunlar indi bizim incə damarımızı tutub özlərindən "qəhrəman" obrazı yaratmağa cəhd edirlər. Hələ bu utanmaz M. Brayza bir az uzağa gedərək öz bivec, hiyləgər Minsk qrupunun guya bu illər ərzində nə isə müsbət iş gördüklərini də dilə gətirib. "Dağlıq Qarabağ münaqişəsinin həllində 25 ildir irəliləyiş olmadığı barədə düşüncə doğru deyil”. Bu ona məxsus sözlərdir. Bu amerikalı cavan oğlan daha sonra isə bildirib ki, 10 il əvvəl münaqişənin həlli ilə bağlı əsas sənəd hazırlanmış və razılaşdırılmışdı: "Bu, yeganə işlək sənəddir və münaqişənin həllində fundamental balans yaradır. Problem odur ki prezidentlər bir-birinə etibar etmir. Münaqişənin həlli üçün tərəflərin güzəştə getməsinə ehtiyac var. Münaqişənin yeganə həlli vasitəçilik və liderlik yolu ilə mümkündür. Bunu da Rusiya və ya ABŞ üzərinə götürə bilər. Amma inanmıram ki, Tramp bunun öhdəsindən gəlsin. Buna çoxlu vaxt tələb olunacaq, ABŞ-ın siyasi rəhbərliyində isə bu işi görəcək siyasətçilər yoxdur”.
Adama deyərlər ki, əgər sənin hazırladığın o hansısa "fundamental sənəd" 25 il ərzində işğalçı ilə işğala məruz qalan dövləti ayrıd edə bilməyibsə, sənin neçə sifətin olmalıdır ki, sən hələ gəlib Bakıda özünə biznes qurasan, özün bivec olduğun halda az qala bizi nədəsə günahlandırasan, ay cənab "ağıllı diplomat" Metyu Brayza və digər hiyləgərlər?
Üzümü Azərbaycan mətbuatında çalışan dostlarıma tutub deyirəm: gəlin elə bu qeyri-səmimi Brayza da daxil olmaqla, indiyə kimi ATƏT-in Minsk qrupunda həmsədrlik edib sonradan bu və ya digər formada münaqişə ilə bağlı qeyri-səmimi, daha çox şəxsi maraqları baxımından fikirlər səsləndirən kazimirovları, bradtkeləri, fasyeləri, uorlikləri və onlarla digər adlarını çəkmədiyim hiyləgərləri sözün birbaşa mənasında boykot edək. Hətta bir qədər radikal da olsa, onların ayaqlarının ölkəmizdən və regiondan yığışdırılması üçün hansısa addımlar ataq. Bunlar siyasi şarlatanlardır. Bunlar başqasının bədbəxtçiliyində öz xoşbaxtçılığını quran yalançı, qeyri-səmimi adamlardır. Bunlar olmasaydı, bəlkə də bizim lay-divar gül kimi igid zabit və əsgərlərimizin çoxu bu gün həyatda idilər, öz ailə və uşaqları ilə xoşbaxt həyatlarını sürürdülər. Bu hiyləgərlər öz ölkələrini təmsil etsələr də, bircə dəfə kişilikləri çatmayıb ki, Azərbaycanın haqq işini dilinə gətirib söz desinlər.
Mənim üçün bu ATƏT-in Minsk qrupu və onun həmsədrləri, o cümlədən polyak Anjey Kaspşik çoxdan ayaq üstə olub ölü təsiri bağışlayan diplomatlardılar. Onların olmaqları ilə olmamaqları arasında mən elə də fərq görmürəm. Bunların bizə bütövlükdə xeyirləri dəyməyibsə də, amma ziyanlarının sayı-hesabı yoxdur.
Dünənimizi, tariximizi, düşmənimizi və dostumuzu tam müəyyən etmədiyimizə görə, biz hələ də sadəlövhcəsinə Brayza kimi siyasi dəllalara inanmaqda davam edirik.
Tanrı Azərbaycanımızı qorusun!!
Üzeyir Cəfərov, hərbi ekspert
Miq.Az