Qafqazda geosiyasi vəziyyət dəyişir - TƏHLİL

Qafqazda geosiyasi vəziyyət dəyişir - TƏHLİL

Prezident seçkiləri yaxınlaşdıqca, Rusiya Azərbaycana daim nə isə hazırlayır. Azərbaycanın Qərbə inteqrasiya, Türkiyə, İsrail və digər NATO-ya üzv dövlətlərlə yaxından əməkdaşlıq etməsi Rusiyanı çox narahat edir. Rusiya istəyir ki, Azərbaycan dövlətini ram etsin və bununla da digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanı da sıradan çıxartsın. Hazırda Rusiya Mərkəzi Asiyanının enerji ehtiyyatlarının Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarına çıxarılmasının qarşısını almağa çalışır. Amma Rusiyanın bunu bacara biləcəyi güman edilmir. Çünki, hazırda ABŞ və NATO Rusiyanın bu niyyətinə tam olaraq qarşıdır.
Bundan əlavə, Yaxın Şərqdə olan Qərbin maraqları eyni bölgədə olan Rusiyanın maraqlarını tam üstələyir. Artıq Rusiya da bunun qarşısında heçnə edə bilmir. İndiyədək Rusiya İraqda, Misirdə, Liviyada susub, indi isə Suriyada susur və yalnız gizlincə nə isə edir. Hazırda Rusiyanın daxili problemlərinin də sayı artıb. Ona görə də Rusiyanın başı öz problemlərinin həllinə qarışıb. Hazırda Rusiyada dəhşətli korrupsiya halları kosmik, müdafiə və müdafiə sənayəsi, o cümlədən digər strateji sahələrə də yayılıb.    
 
Suriyada baş verən proseslərin bu qədər uzanmasının əsas səbəbkarlarından biri məhz Rusiya, digəri isə İran dövlətidir. Çünki, hazırda Suriya ordusunu Rusiya və İran silahlandırır. Rusiya Suriyada hərbi baza da saxlayır və bununla da indiki prezident Bəşər Əsədi hakimiyətdə saxlayacağına ümüdvar edir. Amma hamı yaxşı bilir ki, Bəşər Əsədi artıq Rusiya da qoruya bilməyəcək. Çünki, artıq Suriyada müxalifətin hakimiyyətini Qərb tanıyır. Bu isə o deməkdir ki, Bəşər Əsədin Qərblə bütün əlaqələri kəsilib, əvəzində isə Qərbin yardımları yalnız Suriya müxalifətinə çatır. Yəni, Bəşər Əsədin hakimiyyətinin sona çatmasına artıq çox az vaxt qalır.
Suriyada sonra isə bu proseslərin İranda davam etməsi gözlənilir. Amma İrandakı proseslər bir qədər fərqli olacaq və bu, keçmiş Sovet İttifaqında gedən proseslərə bənzəyəcək. Yəni, İranın da Sovet İttifaqı kimi iqtisadi metodlarla dəyişdirilməsi gözlənilir.        
 
Bölgənin digər dövləti olan İran da son vaxtlar Azərbaycanda bilərəkdən hicab və digər bu kimi problemlərlə bağlı məsələni gündəmə gətirməklə ölkəmizdə qarışıqlıq yaratmağa çalışır. Bütün bunlardan İran rəhbərliyinin xəbərinin olmamasına heç kəs şübhə etmir. Çünki, İran öz inqilabını Azərbaycana transfer etmək istəyir və bunun vasitəsilə Azərbaycanı öz təsir dairəsinə almağa çalışır. Haqlı olaraq da Azərbaycan hakimiyyəti buna müqavimət göstərir. İranın bu cür təhdidlərinin hələlik Azərbaycan üçün ciddi təhlükəsini gözə çarpmır. Amma İranın bu cür addımlarını ciddi nəzarətdə saxlamaq lazımdır.
 
Keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Cənubi Qafqazda geosiyasi vəziyyət daim dəyişir. Çünki, bu regionun dövləti olan Gürcüstan artıq qərb yönümlüdür. Hazırda Gürcüstan ordusu bütövlükdə NATO standartlarına uyğunlaşdırılıb və NATO silahları ilə təmin olunub. Artıq bu proses regionun digər dövləti olan Ermənistanda da həyata keçirilir. Baxmayaraq ki, hazırda Ermənistan Rusiyanın koloniyasıdır, amma artıq bu ölkədə də NATO-nun təsiri güclənir. Belə getsə, yaxın gələcəkdə ABŞ və Qərb Ermənistanı Rusiyanın təsirindən tam çıxaracaq. Bu baxımdan da Cənubi Qafqaz regionunu da geosiyasi dəyişikliklər zonası adlandırmaq düzgün olar.     
 
Vasif Həsənli



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az