
"Asia Times” qeyd edir ki, müharibə dövründə və ondan sonra maskalama cəhdinə baxmayaraq Azərbaycan ordusunun döyüş pilotsuz təyyarələri ilə məhv etdiyi erməni tanklarının görüntüləri dünya KİV-lərinin səhifələrində aşıb-daşırdı.
"Beləliklə, biz indi bu başlıca suala cavab tapmalıyıq: tankların dünyada süni intellekt, avtonom silahlar dövründə hələ də müharibə aləti kimi əhəmiyyəti qalırmı? Təəcüblü də olsa, bəli, qalır. "Breaking Defence” nəşrinin söhbətləşdiyi ekspertlərin əksəriyyətinin dediyi kimi, gələcək müharibələrdə də tanklar öz yerini qoruyub saxlayacaq. Bu sadə səbəbə görə-əsgərlərə döyüş meydanında hərəkət etmək üçün əvvəlki kimi zirehli müdafiə lazım gələcək, hətta havada qatil-dronların o tərəf-bu tərəfə uçduğu bir vaxtda belə”,-nəşr yazır.

Bildirilir ki, indi ekspertlər tankların pilotsuz sistemlərlə inteqrasiya edilmiş şəkildə tətbiq olunması, yaxud hər tankın özünün dronlara qarşı mübarizə vasitələri ilə təchiz edilməsi kimi futurustik ideyalar üzərində düşünürlər. Bütün bunlar tamamilə yeni nəsil tankların işlənib hazırlanmasını zəruri edir.
Rusiya silahları üzrə ekspert Semuel Bendett isə hesab edir ki, hətta indi mövcud olan vasitələrlə belə tankları dronlardan daha effektiv müdafiə etmək olardı. Onun sözlərinə görə, ötən ilin payızında ermənilər öz tanklarını yeni nəsil müharibəyə hazırlsaydılar daha az itki verərdilər. Ekspert deyir ki, Ermənistanın silahlanmasında əsasən köhnə sovet tankları idi və onlar müxtəlif tip döyüş sursatlarına qarşı daha az müdafiə sisteminə malik idilər. Müasir Rusiya tankları isə daha güclü müdafiə sisteminə malikdir və onlar yaxınlaşan mərmini tanka çatmadan sıradan çıxarmağa imkan verir.

Lakin digər ekspertlər deyirlər ki, əslində tanklar heç əvvəllər də müharibə meydanlarında ən çətin hədəf olmayıblar. Onları adi artilleriya qurğuları ilə də vurub sıradan çıxarmaq mümkün olurdu. Tarixən müharibələrdə ən çətin hədəf dərindən eşalonlaşdırılmış səngərlərdə və tunellərdə mövqelənmiş piyadalar olublar. Hərçənd onlar öz səngərlərindən çıxan kimi müxtəlif növ silahların atəşi altına düşürlər. Çünki səngərlər və tranşeylər hərəkət edə bilmirlər.
"Bəzi futuristlər hesab edirlər ki, tanklar müharibələrdə tamamilə yox olmayacaq və öz əhəmiyyətini itirməyəcək, amma İkinci Dünya müharibəsində olduğu kimi mərkəzi rola malik olmayacaqlar və piyadaların yolu ilə gedəcəklər-yaxın döyüş meydanını təmizləmək üçün. Bəziləri isə gələcəkdə taktiki ordu qüvvələrinin üç dalğa şəklində hərəkət edəcəyini təxmin edirlər: əvvəlcə düşmənin havadan müdafiə sistemlərini və komanda məntəqələrini məhv edən dronlar tətbiq ediləcək, ardınca yerüstü robotlar işə düşəcək, nəhayət sonuncu mərhələdə tanklar ən mürəkkəb hədəfləri sıradan çıxarmaq üçün döyüşə atılacaq”,-nəşr yazır.