"Qarabağda hələ müharibə təhlükəsi yoxdur”

Azərbaycan Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qoşunlarının istefada olan generalı, hərbi ekspert Vladimir Timoşenko oxu.az-ın suallarına cavab verib.

Vətəninfo.az həmin müsahibəni təqdim edir:

-Qarabağ münaqişəsi zonasında yeni gərginlik var, hər iki tərəfdən yalnız hərbçilər arasında deyil, eləcə də mülki əhali arasında qurbanlar var. Vəziyyət nə dərəcədə təhlükəlidir?

-Xeyr, bu müharibənin başlanmasının təhlükəsi olduğunu göstərmir. Ermənilər bunda maraqlı deyillər. Hərbi əməliyyatlara biz başlaya bilərik. Baş verənlərdə strateji məna görmürəm. Bu hadisələrdə mən daha çox təxribat amili görürəm. Biz son zamanlar, yetərincə güclü olduğumuzu və düşmənin bizi təhrik etdiyini dəfələrlə vurğulamışıq, onlar bizim güc tətbiq etdiyimizi bəyan edirlər ki, sonradan Azərbaycanı MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı çərçivəsində atəşkəsə riayət etməməkdə ittiham etsinlər. Müharibə təhlükəsi isə yoxdur.

-Erməni hərbi-siyasi rəhbərliyi bizi "mütənasib cavablar” ilə hədələyir.

-Bu, demaqogiyadır, məqsəd isə öz günahlarını bizim boynumuza atmaqdır.

-Siz dediniz ki, biz müharibəyə başlaya bilərik. Bu bizim üçün əlverişlidirmi? Yeri gəlmişkən, analitiklər hələ ilin əvvəlində Azərbaycanın Avropa Oyunları və Parlament seçkiləri arasındakı müddət ərzində əməliyyatlara başlaya biləcəyini ehtimal edirdilər.

-Mən bununla razı deyiləm, bu qəbildən olan məsələlər belə həll edilmir. Bu mərhələdə bizə bu əlverişli deyil. Hətta ərazi problemləri kimi vacib problemlərin həllinin ciddi nəticələri ola bilər. Bizim planlarımızda indi bu yoxdur. Biz indi rayonları azad etmək üçün Rusiya ilə əlaqədar vəziyyəti istifadə edərək müxtəlif planlar hazırlayırıq.

-Ermənilər əvvəllər iddia edirdilər ki, Dağlıq Qarabağı rəsmi tanımamalarının səbəbi Azərbaycanın bu halda dərhal müharibəyə başlayacağıdır. Bu belədir?

-Mən burda bir qədər ehtiyatlı olardım. Düşünürəm ki, yox. Diqqət edin, bütün xarici rəhbərlər Azərbaycanın ərazi bütövlüyü və sülh yolu ilə həlldən danışırlar. Heç kim heç kimi müharibəyə sövq etmir, dəstək vəd etmir. Belə bir şey olmayıb, olmayacaq da. Ermənistan isə hələ tanımayacaq, o, Rusiyanı dinləməyə davam edəcək. Sarkisyan bu məsələdə müstəqil deyil, bu məsələyə məhz Rusiya dirijorluq edir. Hələlik Rusiya bundan kənardadır, çünki bu vəziyyəti həddən artıq kəskinləşdirə bilər. Ukrayna böhranı kontekstində Qarabağın da Rusiya siyasətinin nəticəsi olduğunu daha tez-tez xatırlamağa başlayıblar.

Dünyada vəziyyət onsuz da gərgindir, ona görə də Qarabağda kəskinləşmə olmayacaq. Atışmalar davam edəcək, amma yeni müharibənin müqəddiməsini görmürəm.

-ATƏT-in Minsk Qrupunun həmsədrləri bu yaxınlarda baş verən gərginlik fonunda münaqişə tərəflərini bu qəbilədn olan hadisələrin araşdırılması mexanizmlərinin hazırlanmasına çağırıb: kimin haqlı, kimin isə günahkar olduğunu aydınlaşdırmaq üçün. Bu barədə sizin fikriniz maraqlı olardı.

-İş ondadır ki, ATƏT-in monitorinq qrupu orada deyil. O, Tiflisdə yox, cəbhə xəttində olmalıdır.

-Onlar münaqişə zonasına mütəmadi olaraq gedirlər, ATƏT-in cari sədrinin şəxsi nümayəndəsi A.Kaspişik və onun səhra yardımçıları orta hesabla ayda iki dəfə monitorinq keçirirlər.

-Getmək lazım deyil, Ukraynada olduğu kimi ATƏT-in missiyası daim münaqişə zonasında olmalıdır. Yoxsa elan edirlər ki: "Sabah monitorinq keçiriləcək!”. Əlbəttə, belə elandan sonra onlar səfər zamanı sakitlik və dinclik görürlər. Onlar cəbhənin bu və ya digər problemli hissəsinə gəldikdə orada olduqları müddətdə atəş olmayacaq.

ATƏT missiyasının üzvləri cəbhə xəttinə yaxın olmalıdırlar. Qazaxda, Tovuzda və s.. Onlar atəşləri eşitməli, atəşin kimin tərəfindən açıldığını qiymətləndirməlidirlər. Əks halda bu nə monitorinqdir... Çay-qəhvə içdilər və monitorinq keçirməyə yollandılar...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az