Qəlbləri oxşayan səs

Qəlbləri oxşayan səs

Ömür özü bir nəğmə, musiqidir. Bəzən hicran, bəzən vüsal, bəzən ayrılıq, bəzən də quş qanadlı notlar bu nəğmənin sətirlərinə hopur, daha təsirli, daha yanğılı olur. Səsində milli musiqimiz – muğam, təsnif, xalq mahnıları, retro musiqiləri, korifey bəstəkarlarımızın əsərləri xüsusi bir tərzdə tamaşaçılara təqdim olunur. Bir qədər utancaq, xüsusi mədəniyyətə malik istedadlı müğənni Tural Əzimovdan gedir söhbət.

Dinə köklənən, dinə hörmət və sayğı ilə yanaşan müğənni olduqca səmimi və sadə olduğundan, söhbətimiz maraqlı alındı. Digər şou və sənət əhlindən fərqli olaraq Turalın həyatda və sənətdə aktyor olmamasının şahidi oldum. Qəhrəmanım necə varsa, özünü elə də bizə təqdim etdi. Olduğu kimi, göründüyü kimi, seçilən sənəti kimi... Tural Əzimov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solistidir. ADMİU-nun muğam şöbəsinin məzunudur. Ustad sənətkarımız, xalq artisti Ağaxan Abdullayevin tələbəsidir. Turalın Vətəninfo.az-a söylədikləri:

“Mən xoşbəxt bir müğənniyəm ki, ölməz Müslim Maqomayevin adını daşıyan Azərbaycan Dövlət Filarmoniyasının solistiyəm. Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının tərkibində bir solist kimi milli musiqimizi təbliğ edirəm. Muğamlarımıza, muğam ifaçılarımıza olan dövlət qayğısı biz gəncləri çox ruhlandırır. Keçirilən beynəlxalq muğam müsabiqələri muğamımızın təbliğində və gənc muğam ifaçılarının üzə çıxarılmasında mühim bir vasitədir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Qarabağ xanəndələri” adlı əsəri və bu kitab-diskə daxil olunan görkəmli sənətkarlarımızn nadir lent yazıları dünya ictimaiyyətinə muğamlarımızın çatdırılmasında, Qarabağımızın muğam ocağı olması haqqında real faktların təbliğində bənzərsiz əməyi var”.

Hal-hazırda Tural retro mahnılara yeni nəfəs verməklə məşğuldur. Arzu Abbasovanın bəstələdiyi “Yar yardan ayrı” mahnısı Turalın ifasında artıq radio dalğalarında səslənir. Bir neçə audiokaseti işıq üzü görən müğənni ilin sonuna kimi növbəti audiokaset və kompakt diskini musiqisevərlətə təqdim edəcək. Bir neçə televiziya verilişinə dəvət olan müğənni sənətə ikinci qayıdığı ilə heyranlarını sevindirəcək. Bir neçə il Rusiyada yaşayan müğənni ailə həyatı da qurub. Elə onun vətənə qayıtmasının əsas səbəbi də budur. İnanırıq ki, Tural Əzimov tezliklə yeni mahnıları, klipləri ilə tamaşaçıları sevindirəcək. Repertuarına vətənpərvərlik mövzusunda olan mahnılarla yanaşı xalq mahnılarını da qataraq bütün potensial imkanlarını üzə çıxaracaq. Təbii ki, Tural Əzimovun səsində tamaşaçılar və dinləyicilər muğamlarımızı da dinləyə biləcəklər. Sənə uğurlar, Tural.

Alim Nəbioğlu, Araz Hacıyev

Vətəninfo.az İA



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az